Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Sülhməramlılar Qarabağda gözətçi postları qurur. 'Münaqişəyə nöqtə qoyulmayıb'


Rusiya ordusu Dağlıq Qarabağda
Rusiya ordusu Dağlıq Qarabağda

Lavrov: Brüssel və Vaşinqton Cənubi Qafqaza sabitsizlik gətirir

Qarabağdakı Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verə bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov məqaləsində yazır. Rusiya XİN başçısı qeyd edib ki, ABŞ və Avropa İttifaqının Azərbaycan və Ermənistanın münasibətlərinə müdaxiləsi sabitsizlik yaradır.

"Özünün geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel hazırda "vasitəçilik xidmətləri"ni Azərbaycanla Ermənistana sırıyır, Vaşinqtonla birlikdə Cənubi Qafqaza sabitsizlik gətirir. Artıq Yerevanla Bakı öz aralarında iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll ediblər, dinc həyatın qurulmasının, etimadın möhkəmlənməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər vasitə ilə töhfə verməyə hazırdır", – Lavrov yazıb.

+++

Rusiya sülhməramlıları Qarabağdakı silahlı dəstələrin təhvil verdiyi sursat, silah, hərbi və xüsusi texnika anbarlarının qorunmasından ötrü 25 gözətçi postu yaradır. Bu haqda Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Məlumata görə, gözətçi postlarından 14-ü Azərbaycan tərəfi ilə birgə qurulur.

Yerevan-Bakı münaqişəsinə nöqtə qoyulmayıb. Bunu isə RBK-ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Azərbaycanın 19 sentyabr əməliyyatı və ondan sonra tanınmamış Dağlıq Qarabağ Respublikasının özünü buraxması qərarından sonra demək olarmı ki, Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulub?". Qaluzin bu suala cavabında qeyd edib ki, 20 sentyabr əməliyyatları Qarabağa yerləşdirilmiş sülhməramlı kontingentin vasitəçiliyi ilə dayandırılıb və bununla da Rusiya Cənubi Qafqazda mühüm sabitləşdirici rolunun icrasını davam etdirib.

"Münaqişə hələ bitməyib"

Ancaq nazir müavini deyib ki, münaqişə hələ bitməyib, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar kompleksi aktuallığını saxlayır.

"Söhbət Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin açılmasından, sərhədlərin delimitasiyası və bunun ardınca demarkasiyasından, sülh sazişinin imzalanmasından, Azərbaycanla Ermənistanın ictimai xadimləri, ekspert icmaları və parlamentariləri arasında əlaqələrin qurulmasından gedir. Bütün bunlar kompleks şəkildə qarşılıqlı qəbul olunan normallaşma şərtləri ilə nəticələnməli və gələcək sazişə salınmalıdır. Rusiya isə hər iki tərəflə tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan vicdanlı vasitəçi kimi çalışacaq ki, iki qonşumuz arasında möhkəm, balanslı razılaşmalar əldə olunsun", – Qaluzin vurğulayıb.

Rusiya XİN-in təmsilçisi onların Avropa İttifaqı və ABŞ-ın köməyinə qarşı çıxmadıqlarını da söyləyib. Ancaq Moskvanın daha öncə səsləndirdiyi mövqeyi bir daha dilə gətirib: "Avropa İttifaqını tənzimləmədən çox, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq maraqlandırır".

Rusiya sülhməramlılarına ehtiyac var

Qaluzin deyir ki, Qarabağda Rusiya sülhməramlı kontingentinə ehtiyac var, onlar Qarabağdan çıxanları müşayiət edib, onların təhlükəsizliyini təmin edib. Bundan başqa, Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti təmsilçilərinin təmasları da Rusiya kontingentinin vasitəçiliyi ilə aparılır: "Bizim kontingentin roluna tələbat var və ehtimal edirəm ki, gələcəkdə də lazım olacaq. Birincisi, Qarabağda qalan sakinlərin özlərini rahat hiss etməsi məsələsi var. Digər tərəfdən, Qarabağdan çıxanların hansısa mərhələdə qayıtmaq qərarı verəcəyi istisna olunmur. Sülhməramlıların mövcudluğu bu adamlar üçün əlavə sakitlik faktoru olacaq. Ona görə də deməzdim ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti başa çatıb. Bu kontingentin gələcək mövcudluğunun necə olacağı isə Moskva və Bakı arasında qurulmuş kanallarla müzakirə ediləcək və qərar veriləcək".

Qaluzin oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüş imkanlarının nəzərdən keçirildiyini, Azərbaycan tərəfinin bu görüşə artıq razılıq verdiyini vurğulayıb.

Amma Ermənistan mediasının yaydığı xəbərə görə, ölkənin Xarici İşlər Nazirliyi hələ oktyabrın 4-də MDB İcraiyyə Komitəsini yazılı xəbərdar edib ki, Bişkek görüşünə xarici işlər nazirinin müavini gedəcək. Bu haqda XİN-in sözçüsü Ani Badalyan açıqlama yayıb. Bu isə xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmayacağı anlamına gəlir.

Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi

İlin sonunadək Bakı ilə Yerevan arasında sülh sazişinin imzalanması imkanına gəlincə, Mixail Qaluzin deyib ki, sülh sazişində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərinin aydın ifadə olunması vacibdir.

Azərbaycan rəsmiləri isə Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Qarabağ məsələsi sülh sazişi layihəsinə salınmamalıdır.

  • 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
  • Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb, Qarabağdakı separatçı rejim isə özünü buraxdığını elan edib.
XS
SM
MD
LG