Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:48

Rusiya dezinformasiyası kimin beynini dumanlandırır


Siyasi karikatura
Siyasi karikatura

“Müharibə o zaman adiləşir ki, adamlar daha ona qeyri-adi bir şey kimi baxmırlar”

Moskvanın Ukraynaya yeni təcavüzə hazırlaşması sarıdan Qərbin narahatlığının artdığı bir vaxtda Rusiya mediası dezinformasiya müharibəsini gücləndirir. Bu haqda Qərbin bir neçə aparıcı media orqanı yazır.

“Dövlət mediası Ukrayna ritorikasını artırır, Rusiya ictimaiyyəti qulağını örtür”, – “The Financial Times” qəzetindəki məqalə belə adlanır.

Ukraynalı Vyaçeslav Kovtun Rusiya televiziyalarının canlı yayınlarına tez-tez dəvət alırdı. Bəzən bu tok- şoularda yumruq davasına da çıxırdılar. Qəzet efirdə siyasi təhlilçi kimi təqdim olunan Kovtunun müharibə ehtimalından narahat olduğunu yazır. Çünki Rusiya-Ukrayna sərhədində gərginliyin qızışdığı bir vaxtda tok-şoular döyüşkən ritorikanı gücləndirirlər. Bəzi müşahidəçilərin fikrincə, hökumət ictimaiyyəti inandırmağa çalışır ki, istənilən münaqişə Rusiyanın günahı ucbatından baş verməyəcək.

Partiya xətti

“Onlar partiya xətti ilə gedirlər”, – Kovtun tok-şouların ənənəvi kremlpərəst mövqe tutduğunu deyir.

Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığması Moskvanın qonşusuna qarşı işğal planı hazırlaması sarıdan beynəlxalq əndişələri artırır. Tok-şoularda isə Kiyev təcavüzkar kimi göstərilir, ona davakar Qərbin dəstək verdiyi söylənir, NATO-nun Rusiyanı təhdid etdiyi, onu istəmədən münaqişəyə çəkməyə çalışdığı iddia edilir.

Dövlət mediası Ukrayna qüvvələrinin kimyəvi silahlarda istifadə etmək üçün ölkənin şərqinə kimyəvi maddələr daşıması haqda iddia səsləndirib.

ABŞ və Britaniya Ukraynadakı diplomatlarının ailə üzvlərini köçürür
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

ABŞ Dövlət Departamenti isə ötən həftəki hesabatında bu iddiaları “dezinformasiya və propaqanda” adlandırıb. Sənəddə sadalanan bir neçə hal ABŞ-ı Rusiyanın hərbi təcavüz planı hazırlamasına inandırır.

Rusiyanın Znak onlayn media orqanı üçün yazan jurnalist İvan Davıdovun fikrincə, dövlət televiziyası “müharibə gözləntilərini adiləşdirir”. “Müharibə o zaman adiləşir ki, adamlar daha ona qeyri-adi bir şey kimi baxmırlar”, – jurnalist yazır.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox adam öldürülüb.

Dezinformasiyanın təsiri

Rusiyada hər bir xəbər buraxılışı və tok-şou Ukraynanın iflas etmiş ölkə olması haqda Moskvanın mövqeyini təkrarlayır.

Dövlət televiziyasındakı “Vesti Nedeli” proqramının aparıcısı Dmitri Kiselyov ötən bazar günü efirdə deyirdi: “Kremlin dinc təşəbbüslərinə cavab vermək əvəzinə, onlar bizə yeni ittihamlar və yeni təhdidlər tuşlayırlar”.

CNN televiziyası dövlət mediasının təbliğatının təsiri olduğunu qeyd edir. Levada Mərkəzinin dekabrda keçirdiyi sorğu göstərib ki,, respondentlərin yarısı gərginliyə görə ABŞ və NATO-nu, cəmi 3-4%-i isə Rusiyanı günahlandırıb.

“Riddle” onlayn dərgisinin keçirdiyi fokus qrupu isə üzə çıxarıb ki, rusiyalıların çoxu Qərbin onları müharibəyə çəkdiyini düşünür.

“Rusiya cavab verməli olacaq... Bizi hər tərəfdən döyəcləyirlər, bizi dişləyirlər. Nə etməliyik? Təslim olaq?” – bir respondent deyib.

Levada Mərkəzinin əməkdaşları deyirlər ki, rusiyalılar “böyük media orqanlarının ortaya atdığı” Ukrayna mövzusundan “zehni yorulublar”. Nəticədə isə izləyicilər xəbərləri təhlil etmir, TV aparıcılarından eşitdiklərini yoxlamırlar.

Sosial media postları

“The New York Times” yazır ki, Birləşmiş Ştatlar ötən ay Ukrayna sərhədlərindəki Rusiya əsgərləri ilə bağlı xəbərdarlıq səsləndirəndən sonra Ukraynanı etnik ruslara qarşı soyqırımı planında suçlayan sosial media postları artıb.

Rusiya sərhədə qoşun yığmağa başlayandan Moskva onlalyn müttəfiqlər ordusuyla birlikdə köhnə arqumentləri səsləndirməyə başlayıb. Onlar qərbi ukraynalıları nasizmlə əlaqələndirir, Birləşmiş Ştatları kimyəvi hücum hazırlamaq üçün proksi qüvvələrdən istifadədə suçlayır, Rusiyanın etnik rusları qorumaqdan ötrü hərbi əməliyyatlar planlaşdırdığını deyir.

Amerikanın kəşfiyyat rəsmilərinin məlumatına görə, Rusiya Ukrayna haqda 2014-cü ildən bəri davamlı dezinformasiya kampaniyası aparır. Ancaq dekabr və yanvarda Moskva Kiyev hökumətinə təzyiqi artırandan bu kampaniya da güclənib.

Hədəf kimlərdir

Propaqandanın böyük hissəsi Rusiyada daxili auditoriyaya və moskvapərəst ukraynalılara ünvanlanıb, bunu Britaniyada yerləşən “Logically” texnologiya şirkətinin strateji əməliyyatlar üzrə vitse-prezidenti Brayan Mörfi deyir. Bu şirkət hökumətlərə və şirkətlərə dezinformasiya ilə mübarizədə kömək edir.

Mörfinin sözlərinə görə, Rusiya Ukraynanı işğal edəcəyi halda bu ölkədəki rusdilli əhalinin dəstəyini alacağından əmin olmaq istəyir.

“Ukraynada çox az sayda tərəddüd edənlər var. Onlar Ukraynanın separatçıların əlində olan regionlarında və Rusiya daxilində dəstəyi gücləndirməyə çalışırlar”, – Mörfi deyir.

Ancaq qəzet propaqandanın rusdilli auditoriyanı asanlıqla aşa bildiyini yazır. Kəşfiyyat rəsmilərinə görə, Rusiya Avropada beyinlərə təsir göstərə bilməsə də, Cənubi Amerikada, Afrikada buna nail olur, Ukrayna böhranına görə hansı ölkənin daşıması məsələsində suyu bulandırır.

Dövlət Departamenti isə Rusiyanın əsasən köhnə nağılları səsləndirdiyini bildirir. Məsələn, Rusiya ABŞ-ın hərəkətlərinin qurbanı kimi göstərilir, Qərb cəmiyyətlərinin ənənəvi dəyərlərdən uzaq düşdükləri üçün iflas üzrə olduqları deyilir, Vaşinqton regionda inqilabların dəstəkçisi kimi qələmə verilir.

XS
SM
MD
LG