Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:27

Tələbə elektron bilərziyi çıxarıb, Latviyaya qaçıb


Olesya Krivtsova
Olesya Krivtsova

Rusiyanın ikinci ən böyük şəhəri və Prezident Vladimir Putinin vətəni, 5,5 milyon nəfər əhalisi olan Sankt-Peterburqda hazırda səkkiz nəfər barəsində ölkənin Ukraynada apardığı müharibə haqda “yanlış” məlumat yaymaq ittihamı ilə cinayət işi açılıb.

Onlardan biri, hazırda məhkəməsi gedən 35 yaşlı yazıçı Vsevolod Korolyov iki sosial media postuna görə illərlə həbs cəzası ala bilər. O, sosial mediada Rusiya əsgərlərinin Ukraynanın Buça şəhəri və digər yerlərində müharibə cinayətləri törətməsini sübut edən dəlillər paylaşıb.

"Biz bu nifrət dalğasını dayandırmalıyıq. İlk öncə öz içimizdə. Çünki bu bizi heç yerə aparmır”, – deyə Korolyov AzadlıqRadiosunun “Sever.Realii” xidmətinə həbsxanadan yazdığı cavabda bildirib.

149 nəfər barəsində cinayət işi açılıb

Moskvanın 2022-ci ilin fevralında Ukraynaya hücuma başlamasından dərhal sonra Rusiya hökuməti fərqli düşüncəni kriminallaşdıran sərt qanunlar qəbul etdi. Dövlətin silahlı qüvvələr haqda yanlış məlumat hesab etdiyi şeyləri bilərəkdən paylaşmaq haqda qanunda 15 ilədək həbs cəzası nəzərdə tutulub. 2022-ci ilin iyulunda Moskva şəhərinin rayonlarından birinin yerli deputatı Aleksey Qorinova yeddi ilə yaxın həbs cəzası kəsilib. Bu yaxınlarda isə müxalif siyasətçi İlya Yaşin və “Telegram” kanalı işlədən bloger Dmitri İvanov uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Bu qanunla Rusiya boyunca ümumilikdə 149 vətəndaş barəsində cinayət işi açılıb.

Ağır nəticələrlə üzləşmə riskinin get-gedə artmasına rəğmən, Korolyov kimi az sayda vətəndaş müharibə və günü-gündən daha çox avtoritarlaşan Putin Rusiyasında baş verənlərə qarşı mənəvi mövqe sərgiləməyə davam etdirir. Bu adamlara təkcə dövlət deyil, onları əhatə edən cəmiyyətin əksər hissəsi də düşmən münasibəti bəsləyir.

"Dəqiq bilirəm ki, Rusiyanı tərk etsəydim, bacardığım hər şeyi etmədiyim üçün özümü qınayardım və narazı olardım. Mən də beləyəm”, – Korolyov AzadlıqRadiosuna deyib. O əlavə edib ki, müharibənin başlanmasından bəri ölkəni tərk edən yüzminlərlə rusiyalını qınamaq fikrində deyil.

“Yoldan keçən bir cütlük ədəbsiz jest göstərdi”

Udmurt Respublikasının paytaxtı İjevsk şəhərində yaşayan 20 yaşlı sahibkar Nikita Qorbunov martın 19-da əlində üzərində “Müharibəyə qarşısınızsa, məni qucaqlayın” sözləri yazılmış plakatla ictimai parka çıxıb.

"Şəhərin ən populyar yerlərindən biri olan Kirov parkına gəldim. … Qorxurdum, nədən qorxduğumu dəqiq bilmirəm. Nə baş verəcəyini bilmirdim. …Qorxurdum ki, məni heç kim qucaqlamayacaq. Ancaq qorxumu basdırıb piketimə başladım. Orada durarkən qorxum yoxa çıxdı. Çox adam mənə yaxınlaşıb qucaqlamaqla dəstəyini ifadə etdi. Hər dəqiqə kimsə gəlirdi”, – Qorbunov AzadlıqRadiosunun “Idel.Realii” xidmətinə deyib.

Qorbunov polis onu aparanadək parkda dayandığı bir saat ərzində 50-yə yaxın adamın onu qucaqladığını sayıb.

"Bir nəfər mənə dedi ki, “təəssüf ki, biz də eyni şeyi edə bilmirik””, – o söyləyir.

Ancaq yoldan keçənlərin heç də hamısı etirazı anlayışla qarşılamayıb.

"Yoldan keçən bir cütlük ədəbsiz jest göstərdi. Sonra onlar geri qayıdıb şəklimi çəkməyə başladılar… Sonra isə daha da yaxına gəlib məni söyməyə başladılar. Bu xoş deyildi. Sonra məlum oldu ki, onlar polisə zəng vurub məndən şikayət ediblər”, – o deyir.

Hazırda Qorbunovun barəsində “Rusiya Federasiyası silahlı qüvvələrinin diskreditasiyası” maddəsi ilə araşdırma aparılır.

“Rusiyada hələ də normal insanların olmasına inamımı itirmişdim”

Qorbunov Moskvanın Ukraynaya hücumundan sonra aylarla heç bir ictimai etiraz aksiyası keçirməyib. Ancaq yanvarın 14-də Rusiya Ukraynanın Dnipro şəhərində yaşayış binasına raket zərbəsi endirib. Onlarla insan, o cümlədən altı uşaq öldürülüb.

"Dniproda qohumlarım var. Adama elə gəlir ki, olanlar bizə olur. Mən ora ziyarətə gedərdim. Birdən-birə baş verənlərə görə məsuliyyət daşıdığımı hiss elədim, nəsə etməliydim”, – o vurğulayır.

Qorbunovun sözlərinə görə, İjevskin hər küncündə hər yerdə hərbi plakat və rəmzlər var.

"Rusiyada hələ də normal insanların olmasına inamımı itirmişdim. Ancaq etirazım bunu dəyişdi. Məlum oldu ki, hələ çox sayda yaxşı adam qalıb. Yaxşı mənada təəccübləndim. İnamım bərpa olundu”, – o deyir.

“Həyatımda ilk dəfə qəzəb hiss etdim”

Rusiyanın şimalındakı Arxangelsk şəhərinin sakini, 19 yaşlı Olesya Krivtsova universitetin sosial media çətində paylaşdığı ifadələrə görə 10 il həbs cəzasına məruz qala bilər. Tələbə yoldaşları ondan polisə şikayət ediblər. Hətta məhkəməsinin başlanmasından öncə hökumət onun adını özünün "terrorçular və ekstremistlər” siyahısına daxil edib. Daha öncə isə Krivtsova ictimai yerlərdə müharibə əleyhinə posterlər yapışdırdığı üçün cərimələnmişdi.

Onu iki ay monitorinq cihazı taxmaqla ev dustaqlığında saxlayıblar. Prokurorluq Krivtsovanın şəhərdən çıxmaq üçün qatar bileti aldığını iddia edərək onun nəzarətə götürülməsini istəyib.

"Bu aylar ərzində həyatımda ilk dəfə qəzəb hiss etdim. Məhkəmədə müstəntiqin bilet almağım haqda yalan danışdığına qulaq asarkən dişlərim bir-birinə sıxıldı”, – deyə o xatırlayır.

Bundan sonra o, həbsxanaya göndərilməsini gözləməyin mənasız olduğunu anlayıb.

"Həqiqi nifrət hiss etdim. Başa düşdüm ki, heç kim mənə qulaq asan deyil…. Elə onda da qərar verdim. Tam çarəsizlikdən getməyi qərara aldım”, – o deyir.

Krivtsova monitorinq bilərziyini çıxararaq gizlincə ölkədən çıxıb və Latviyaya gedib.

İjevskli etirazçı Qorbunov qohumlarının onun müharibə əleyhinə mövqeyini dəstəklədiyini deyir. Ancaq tanışlarının çoxu ondan üz döndərib.

"Məndən bir xeyli yaşlı dostum var. Müharibə əleyhinə postumdan sonra məni hər yerdə bloklayıb. Bəlkə səkkiz dostum məni bloklayıb. İnsanlarla müharibədən danışmaq çətindir”, – o deyir.

XS
SM
MD
LG