Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:38

Sahibkardan polisə cəza tələbi və ikiillik süründürməçilik


Polis
Polis

«Bir polis əməkdaşı istənilən vətəndaşı rahatca şərləyib, torbasını tikib bədbəxt edə bilir. Ancaq bir vətəndaş onu gerçəkdən qanunsuzluğa, özbaşınalığa məruz qoymuş bir polis əməkdaşına yerini göstərmək üçün illərlə sürünür. Yenə də ortaya heç nə çıxmır. Qanunu ən kobud şəkildə pozan polis işçisinə belə, vətəndaşın sözüylə ən yüngül töhmət də verilmir».

«HEÇ BİR TƏDBİR GÖRÜLMÜR»

Sahibkar Adil Nəcəfov AzadlıqRadiosuna danışır ki, iki ildən çoxdur bir polis əməkdaşının məsuliyyətə cəlb edilməsinə nail ola bilmir. Bütün faktlar ortada, yazdığı ərizələrsə haraları gedib dolanır, ancaq heç bir tədbir görülmür.

Sahibkarın sözlərinə görə, 2 il öncə elə sahibkarlıq fəaliyyətinə görə Eldar Məmmədov soyadlı polis işçisi tərəfindən özbaşınalığa məruz qalıb. Polis işçisinin hərəkətlərindən Nizami rayon Prokurorluğuna müraciət edib. Hadisə araşdırılıb, faktlar təsdiqini tapıb və cinayət işi başlanması barədə qərar qəbul olunaraq Daxili İşlər Nazirliyinə göndərilib.

***Buna da bax-'7 ildir oğlumun ölümünün əsl səbəbləri ört-basdır edilir'

Ancaq bir müddət sonra sahibkar nəticə ilə maraqlananda məlum olub ki, heç bir irəliləyiş yoxdur. Bu dəfə Baş Prokurorluğa müraciət edib. Ərizəsi Baş Prokuror Yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə, oradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib:

«İŞİ ÖRT-BASDIR ETMƏYƏ ÇALIŞIB»

«Orada müstəntiq Moşu Paşayev tərəfindən araşdırma aparıldı, yenə faktlar təsdiqini tapdı. Ancaq bu müstəntiqin də işi ört-basdır edilməsində maraqlı olduğunu görüb müstəntiqin hərəkətlərindən məhkəməyə müraciət etdim. İş orasındadır ki, polis heç məhkəməni də saya almır. Hakim idarədən bəzi sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı məktub göndərsə də, müstəntiq saya almadı, heç nə göndərmədi. Nəhayət, mən polis zabiti Eldar Məmmədovun hərəkətləri ilə bağlı təqdimatın həmin idarədən DİN Daxili Təhqiqat İdarəsinə göndərilməsinə nail oldum. İş polis mayoru Ataxan Bəxtiyarova həvalə olundu. Müstəntiq şəxsi maraqlarını irəli tutaraq araşdırma zamanı Nizami rayon Polis İdarəsində və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində alınmış izahatları dəyişib. Cinayət işini ört-basdır etməyə çalışıb».

***Buna da bax-Ucarda sahibkarların torpaqları əllərindən alınır, özü də polislə

Sahibkarın deməsinə görə, bu ilin fevralında DİN Daxili Təhqiqatlar İdarəsinin rəis müavini ilə görüşüb və müstəntiqin hərəkətlərindən şikayət edib. Müavin ona nazir Ramil Usubovun adına ərizə yazmasını tapşırıb. Sahibkar da tənbəllik etməyib, nazirin adına daha bir ərizə yazıb.

Xülasə, 2 ildir ki, ərizəsi gəzmədiyi qurum qalmayan sahibkar əsəb xəstəliyinə tutulub. Bununla belə o, polis zabitinin özbaşınalığının ört-basdır olunmasına imkan verməyəcəyini deyir.

«İŞİ PROKURORLUQ ARAŞDIRMALIDIR»

Daxili İşlər Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, Adil Nəcəfovun bu ilin fevralında nazirə yazdığı ərizədən sonra iş qovluğu Daxili Təhqiqat İdarəsinin müstəntiqi Zaur Orucova verilib. Hazırda vətəndaşın polis zabiti ilə bağlı şikayəti həmin müstəntiq tərəfindən araşdırılır, nəticəsi barədə vətəndaşa məlumat veriləcək.

Hüquqşünas Namizəd Səfərov deyir, polislə bağlı vətəndaşın şikayətini prokurorluq orqanı araşdırmalıdır: «O vətəndaş ona görə 2 ildir sürünür ki, belə deyək, bir polis əməkdaşı haqqında onun iş yoldaşına şikayət edib. Polisin özbaşınalığını prokurorluq araşdıra bilər. Vətəndaş israrlı olmalıdır ki, prokurorluq onun ərizəsini araşdırılmaq üçün polisə göndərməsin, elə özü araşdırsın».

Hüquqşünas deyir, vətəndaş belə halda baş prokuror qarşısında vəsatət qaldırmalıdır, işin məhz prokurorluqda araşdırılmasını tələb etməlidir.

XS
SM
MD
LG