Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

Hakimiyyət sosial şəbəkənin imkanlarından yararlanmaq istəyir


Əli Əhmədov və İlham Əliyev
Əli Əhmədov və İlham Əliyev

«Gənclər, sosial şəbəkələrə!»

Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov gənclərlə görüşdə onlara çağırış edib. O, YAP-çı gənclərin sosial şəbəkələrdə fəal olmalarını istəyib. Hakimiyyət təmsilçisinin sözlərinə görə, prezident seçkiləri ilində gənclərin qarşısında «mühüm vəzifələr» dayanır, onlar seçkilərin yüksək səviyyədə keçməsi üçün «fədakarlıqlar» etməlidirlər. Hərçənd fədakarlıqların nədən ibarət olduğunu açıqlamayıb. O, sadəcə, fikrinə belə davam edib:

«Gənclər onsuz da vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Ona görə də sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edilməlidir. Biz gənclərimizin sosial şəbəkələrdə fəallığının yüksək olmasını arzulayırıq».

Arif Hacılı: «Müxalifətin üstünlüyünü görüb və...»

Son zamanlar müxalif partiyalar da sosial şəbəkələrin imkanlarından istifadə etməyə çalışırlar.

«Profillərimizdən, səhifələrimizdən paylaşılan videolara, yazılara verilən şərhlər, reaksiyalar, izləyicilərin sayının yüz mindən çox olması göstərir ki, hakimiyyətlə müqayisədə bizim sosial şəbəkələrdə imkanlarımız xeyli genişdir. Burada minimum da olsa, rəqabət imkanı var və müxalifət də hakimiyyəti üstələyir. Bizim elə videodebatlarımız, videomüraciətlərimiz var ki, 500 mindən çox insan tərəfindən izlənilib. Görünür, bu da siyasi hakimiyyəti narahat edir», – prezident seçkilərində öz namizədi ilə iştirak edəcək Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyir.

Arif Hacılı
Arif Hacılı

O, hakim partiyanın sosial şəbəkələr üzərindən seçkilərə hazırlaşmasından narahat olmadığını bildirir: «Yeni Azərbaycan Partiyası seçkilərə hazırlaşmır, adətən, seçkiləri saxtalaşdırmağa hazırlaşır. Sadəcə olaraq, hakim elitanın təzyiq qrupu kimi fəaliyyət göstərən bu təşkilat sosial şəbəkələrdə müxalifətin siyasi hakimiyyət üzərində üstünlüyünü görüb və narahat olub. Ona görə də sosial şəbəkə üzərindən hücum komandası verib».

«Güclü resurs»dan yararlanmaq istəyi

«Hakimiyyət böyük söz sahibi olmadığı sosial medianın imkanlarından daha çox istifadə etmək istəyir. İkincisi, gənclər həmişə, xüsusən də seçkiqabağı hakimiyyətin fokusunda olub. Siyasi qüvvələr həm dinamikliyinə, həm də gözlənilməzliyinə görə gənclərə daha həssas yanaşırlar», – siyasi ekspert Rəşad Şirin Ə.Əhmədovun çağırışı haqda danışarkən AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, son zamanlar sosial şəbəkələr çox güclü resursa çevrilib və ictimai fikrə güclü təsir imkanı var. «Hakimiyyət nə qədər özündən əmin görünsə də, seçki ilində sosial mediadan daha çox istifadə etməyə çalışacaq. Bu mesaj da onu göstərir», – R.Şirin əlavə edir.

Həbib Müntəzir
Həbib Müntəzir

MeydanTV-nin əməkdaşı, sosial şəbəkələrdə fəal olan Həbib Müntəzir də hesab edir ki, seçki ilində hakimiyyət bu məkanda «öz ordusunu» hərəkətə gətirməyə çalışacaq:

«Onun trol ordusu YAP üzvlərindən, məmurlardan, məcburi və icbari şəkildə Azərbaycan dövlətinə bağlı insanlardan təşkil edildiyinə görə Əli Əhmədov da onların fəallığının artmasını istəyir. Məqsəd budur».

Azərbaycan seçki öncəsi sosial şəbəkələrdə fərqli bir mənzərə ilə üzləşə bilərmi? H.Müntəzirin dediyi «ordu» nələrə qadirdir?

Həbib Müntəzir: «Uğur qazanmayacaqlar»

H.Müntəzir hakim düşərgənin uğur qazanacağına inanmır:

«Əslində, bu insanların trolluq fəaliyyəti belə, çox bəsit və kustar şəkildə təşkil olunur. Məsələn, mən özüm Rusiyadakı trolların fəaliyyətini bir az izləmişəm. Onlar nələrsə oxuyurlar, mütaliə edirlər, biliklidirlər, öz fikirləri, dünyagörüşləri var, yeri gələndə öz fikirlərini yazır, başqaları ilə mübahisələrə girirlər. Bizdəkilər isə sırf «copy-paste» trolluğudur. Onların işi İlham Əliyevin, Mehriban Əliyevanın və digər rəsmilərin, məmurların çıxışlarından ifadələr götürərək hansısa paylaşımların altına atmaqdır. Hətta orda da saxtakarlıq, zəiflik və bacarıqsızlıq nümayiş etdirirlər. Bu işi belə doğru-dürüst yerinə yetirmirlər. Bir nümunə deyim. Deyək ki, məktəb direktoru tapşırıq verir ki, sosial şəbəkədə müəyyən səhifələrdə trolluq edin. Bunlar da orda öz adlarını, soyadlarını, hansı rəsmi müəssisədə işlədiklərini belə qeyd edirlər. Bu, lap biabırçılıqdır».

Sosial şəbəkələrdə hansı siyasətçilərin, partiyaların səhifəsini izləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

«Xahiş edirəm, məni bloka atın»

H.Müntəzir «uğursuzluğun» səbəbini belə izah edir: «Saxtakarlıq və qeyri-səmimiyyət olan yerdə kreativlikdən danışmaq müşkül məsələdir. Bu insanlar bu işə məcbur edilirlərsə, orda ancaq qorxu olur, qeyri-səmimilik olur, yaradıcılıq müşkülə çevrilir. Məsələn, bugünlərdə bir nəfər Facebook-da Xədicə İsmayıla Inbox-da, şəxsi mesajda yazıb ki, «xahiş edirəm, məni bloka atın, çünki məni məcbur edirlər ki, statuslarınızın altında yazıb sizi təhqir edim, söyüm. Mən də bunu istəmirəm, məni birbaşa bloka atın, mən də onlara deyim ki, bloka atdı deyə, yaza bilmirəm». İnsanlar bu çirkin siyasi göstərişlərə alət olmaq istəmirlər».

H.Müntəzirə görə, hakimiyyətin məqsədi «görüntü yaratmaq»dır.

«Onsuz da yenə seçkilərdə total saxtakarlığa gedəcəklər, yenə qutudan İlham Əliyevi çıxaracaqlar. Sadəcə, necə ki səsvermə məntəqəsində «karusel» əməliyyatları həyata keçirirlər, kamera qarşısında qoltuqlarının altından və başqa intim yerlərində gizlədilmiş topa-topa bülletenləri çıxarıb qutulara atırlar, sosial şəbəkələrdə də göz boyayacaq, xalqı aldatmağa çalışacaqlar ki, guya bunları dəstəkləyənlər var. Ancaq unudurlar ki, onlar sosial şəbəkələrdə çoxdan uduzublar. Uduzublar ona görə ki, texnologiya gənc beyinlər tələb edir, kreativlik, müasirlik, yaradıcılıq bacarıqları tələb edir. Amma indi-indi Əli Əhmədov gənclərə müraciət edir ki, sosial şəbəkələrdə fəal olun».

Rəşad Şirin
Rəşad Şirin

Rəşad Şirin: «İnsani resurs və yaxşı hekayə lazımdır»

H.Müntəzir hakim düşərgənin uğur qazanmayacağına əmindirsə, Rəşad Şirin isə bunu proqnozlaşdırmağın çətin olduğunu düşünür. O, siyasi hakimiyyətin bu vaxta qədər sosial şəbəkələrdəki strategiyasının «dinamik və proaktiv» olmadığını, əksinə «statik yanaşma» sərgilədiyini bildirir. Bu strategiya dəyişəcəkmi, tamam yeni yanaşma olacaqmı?

R.Şirin bir şeyə əmindir ki, seçki ili olduğundan hakimiyyət bu məkanı qazanmağa çalışacaq və ola bilsin, fərqli bir münasibət göstərilsin. O hesab edir ki, sosial mediada nüfuz sahibi olmaq üçün iki şey – «insani resurs və yaxşı hekayə - daha maraqlı, daha müasir və daha mürəkkəb hekayə» lazımdır.

«Cəmiyyətə daha fərqli, yeni, innovativ mesajlar verilməlidir. Üstəlik də, sosial mediada geridönmə mexanizmi – feedback var. Yəni sizin yazdığınız fikrə, qoyduğunuz videoya insanlar cavab yaza, tənqid edə bilirlər, paylaşa bilirlər və s. Bura televiziya deyil ki, siz istədiyinizi söyləyəsiniz və hamı qulaq asa. Ona görə bu gücdən yararlanmaq istəyən siyasi qüvvədən daha mürəkkəb yanaşma tələb olunur. Bunu necə bacaracaqlar, açığı, deməyə hələ çətinlik çəkirəm», - R.Şirin söyləyir.

Bu ilin payızında Azərbaycanda prezident seçkiləri keçiriləcək.

XS
SM
MD
LG