Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Sənaye parkları ölkə iqtisadiyyatına nə qədər töhfə verir?


Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında. 2018
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında. 2018

Son illər hökumət rəsmiləri tez-tez sənaye parklarının ölkədə neftdənkənar sektorun inkişafına təsirlərindən söz açırlar. Son yeddi ildə Azərbaycanda bu sahəyə 5.6 milyard manat yatırım edilib. Yatırılan 5 milyard manatdan çox investisiyaya qarşılıq cəmi 38 min 600 nəfərin işlə təminatı nəzərdə tutulur. İndiyədək ölkədə yeddi sənaye parkı (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası") istifadəyə verilib.

İlin birinci yarısında sənaye zonalarının qeyri-neft sektorunda xüsusi çəkisi 16.5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 20.7 faiz olub. Bu ilin ilk doqquz ayında sənaye müəssisələrində toplam 2.3 milyard manatlıq məhsul istehsal edilib. Bunun cəmi 31 faizi ixraca yönəldilib.

Sənaye parklarının rezidentləri kimlərdir?

Sumqayıt Kimya Sənaye Parkının təməli 2013-cü ildə qoyulub. Rezidentlər indiyədək sənaye parkına 5.4 milyard manat yatırım ediblər. 2023-cü ilin ilk doqquz ayında Sumqayıt Kimya Sənaye Parkında 2.1 milyard manatlıq məhsul hazırlanıb. Sənaye parkı ilboyu təxminən 400 milyon dollarlıq ixrac gerçəkləşdirə bilib. İndi burada 6 min nəfərdən çox işçi var. Qeydiyyata alınmış 38 rezidentdən hazırda 23-ü fəaliyyət göstərir. "SOCAR Polymer", "SOCAR Karbamid Zavodu", STP (Sumqayit Texnologiyalar Parkı) Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentləri sayılır.

2015-ci ildən fəaliyyət göstərən Mingəçevir Sənaye Parkınınsa cəmi bir rezidenti var ("Mingəçevir Tekstil" MMC). Parkın açılışı zamanı orada çox sayda müəssisə yaradılacağı elan olunsa da, hələlik, tekstil fabrikindən başqa müəssisə fəaliyyətə başlamayıb. Mingəçevir Sənaye Parkına 94 milyon dollara yaxın investisiya yatırılsa da, cəmi 750 nəfərə iş yeri yarada bilib.

Qaradağ Sənaye Parkı da, Mingəçevir Sənaye Parkı kimi, sanki elə tək rezident üçün yaradılıb. Sənaye parkının yeganə rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC-dir. İndiyədək buraya 490 milyon dollar investisiya yatırılıb. Qaradağ Sənaye Parkında iri, orta və ağır tonnajlı gəmi və avadanlığın istehsalı və təmiri nəzərdə tutulub. Müəssisədə 2 minə yaxın şəxs çalışır.

Pirallahı Sənaye Parkına 45 milyon dollar sərmayə yatırılıb. İndi burada cəmi dörd rezident fəaliyyət göstərir. Sənaye parkında yerləşən müəssisələrdə şpris, uşaq bezi, müxtəlif dərman və preparatlar, eləcə də zəfərandan mürəbbə və limonad hazırlanması nəzərdə tutulur. Pirallahı Sənaye Parkında indi 100 nəfər çalışır.

Balaxanı Sənaye Parkını isə digər sənaye parklarından fərqli olaraq "Təmiz Şəhər" ASC idarə edir. Bu sənaye parkı, əsasən, tullantıların təkrar emalı ilə məşğul müəssisələr üçün nəzərdə tutulub. Hazırda Balaxanı Sənaye Parkında 25 rezident qeydiyyatdan keçib və burada minə yaxın işçi çalışır. İndiyədək "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkına 52 milyon manat sərmayə yatırılıb. Balaxanı Sənaye Parkında ərsəyə gətirilən məhsulların 10 faizi xarici ölkələrə ixrac edilib. Əsas ixrac məhsullarından biri kağızdır.

Qarabağdakı sənaye parkları

İşğaldan qurtulmuş ərazilərdə - Ağdam və Cəbrayılda yaradılan sənaye parkları, hələlik, tikinti mərhələsindədir. İndiyədək Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1 min 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.

Sənaye Parklarını necə inkişaf etdirməli?

Göstəricilərdən bəlli olur ki, ölkədəki bəzi sənaye parklarında yalnız bir rezident fəaliyyət göstərir. Bu parklara yatırılan investisiyaların əsas bölümü də dövlət şirkətlərinin payına düşür. Ancaq belə ərazilərin yaradılmasında əsas məqsəd özəl sektorun inkişafı, ölkəyə xarici investisiyaların cəlbidir. Unutmaq olmaz ki, sənaye parklarında sahibkarlara bəlli güzəştlər də nəzərdə tutulur. Vergi və infrastruktur güzəştləri bu baxımdan başlıca yer tutur. Di gəl, Azərbaycandakı sənaye parklarında hələ də dövlət müəssisələrinin əsas yer tutması bu sahədəki fəaliyyətdə problemlərin olduğunu göstərir.

Xarici investorların Azərbaycana marağının az olmasının əsas səbəblərindən biri ölkədə hüququn aliliyinin yetərli səviyyədə olmamasıdır. Məhkəmə orqanlarının azad olmaması da xarici investorların ölkəyə inamını aşağı salan əsas amillərdəndir. Heritic Fondunun hazırladığı "İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan ən aşağı nəticəni (100 ballıq sistemdə 16 bal) məhz ədliyyə sistemi üzrə toplayıb.

Biznes ortamının azad və rəqabətli olmaması da xarici investorların ölkəyə marağını azaldan əsas səbəblər arasındadır. Ölkədə məmur sahibkarlığının geniş yayılması idarəetmə ilə bağlı qərarların qəbulunda maraq toqquşmasını ortaya çıxarır, axı qərarverici şəxslər həm də iri şirkətlərin sahibləridir və onlar bazarın marağından daha çox öz maraqlarını güdürlər. Belə bir ortamda hansı səmərəli idarəçilik qərarlarından, yaxud rəqabət imkanı olan şirkətlərdən danışmaq olar? Bu üzdən müstəqil ekspertlər düşünürlər ki, Azərbaycanda qanunun aliliyi olmasa, azad biznes ortamı yaradılmasa, digər təşəbbüslər kimi, sənaye parkları da ölkəni iqtisadi baxımdan elə də irəli aparmayacaq.

XS
SM
MD
LG