Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Ermənistan sərhədlə bağlı sənədi Konstitusiya Məhkəməsinə çıxarır. Bəs Azərbaycan?


Ermənistan Konstitusiya Məhkəməsinin iclası
Ermənistan Konstitusiya Məhkəməsinin iclası

Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni avqust ayında razılaşdırıb. Sentyabrın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi sənədin onların Konstitusiyasına uyğun olub-olmadığını müzakirə edəcəyini açıqlayıb.

Azərbaycanda isə sözügedən Əsasnamə ilə bağlı hüquqi mexanizmin necə aparılacağı, hələlik, bəlli deyil. Üstəlik, Ermənistandan fərqli olaraq ölkə ictimaiyyətinə sənədin mətni də açıqlanmayıb.

Qanunvericilik nə deyir?

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 2-ci maddəsində deyilir ki, ölkənin dövlət sərhədi Milli Məclisinin qərarları ilə müəyyən edilir. Üstəlik, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Qanunda habelə bildirilir ki, Azərbaycanın həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir. Bu zaman dövlət suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədinin toxunulmazlığı prinsipi əsas götürülməlidir.

Fazil Mustafa
Fazil Mustafa

"Yəqin ki, hələlik məqsədəuyğun sayılmır”

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı "Turan"a deyib ki, sənədlə tanış olmadığından Azərbaycanda bu məsələnin müzakirəsinin hansı formatda nəzərdə tutulduğunu demək çətindir: "Hər halda, ərazi mübadiləsi və ərazi məsələsi ancaq referendumda baxıla bilər. Bu cür əsasnamələrin Konstitusiyaya uyğunluğu məsələsini Konstitusiya Məhkəməsi həll edir. Amma Əsasnamənin özünün məzmununda bunun necə nəzərdə tutulduğu haqqında bilgim yoxdur".

Deputatın sözlərinə görə, bu sənədlər konfidensial formada həll olunur və hələ ki, bununla bağlı rəsmi açıqlama verilməyib: "Yəqin ki, bu, hələlik məqsədəuyğun sayılmır. Bu proseslər elə bu cür də getməlidir. Əgər açıqlama verilsə, onda müəyyən etmək olar ki, bu, harada baxıla bilər. Elə məsələlər var referendumda, elə məsələlər var Konstitusiyada nəzərdə tutulduğu qaydada yalnız Milli Məclisdə, elə məsələlər də var ki, onlar Konstitusiya Məhkəməsində baxıla bilər".

Fuad Ağayev
Fuad Ağayev

"İncələmək lazımdır"

Hüquqşünas Fuad Ağayev də AzadlıqRadiosuna bildirib ki, sənədin mətninə baxmadan hüquqi prosedur haqqında hər hansı fikir söyləmək mümkün deyil: "Hüquqi qiymət vermək üçün Əsasnamənin mətni ilə tanış olmaq lazımdır. Sənədin ratifikasiyası üçün onun parlament müzakirəsinə çıxarılmasının lazım olduğunu, yoxsa buna ehtiyac olmadığını söyləməkdən ötrü onun mətnini incələmək lazımdır".

"Ümumi başa düşdüyüm budur ki..."

Azərbaycanın rəsmi qurumlarına dəfələrlə müraciət edilsə də, həmin Əsasnamənin mətni ölkə ictimaiyyətinə açıqlanmayıb.

Hafiz Həsənov
Hafiz Həsənov

Bu üzdən "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da məsələ ilə bağlı konkret nəsə deməyə çətinlik çəkir: "Amma ümumi başa düşdüyüm budur ki, Azərbaycanda bu, Konstitusiya ilə tənzimlənmir. Yəni, rəy verilməsi üçün məcburən bunun Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarılması məsələsi yoxdur. Ancaq qaydalar necədir, onu bilmirəm".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində nəzarətini, ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Amma tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrı vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, nəticə əldə edilməyib.

Amma ötən ildən başlayaraq tərəflər sərhədin delimitasiyası üzrə birbaşa danışıqlara başlayıblar. Bu danışıqlar çərçivəsində bu ilin aprelində Azərbaycana nəzarətində olmayan dörd kəndin, Ermənistana isə müəyyən ərazilərin qaytarıldığı açıqlanıb.

Bu ilin aprelinə qədər Azərbaycan səkkiz kəndinin, Ermənistan isə 30-dan çox kəndinin ərazilərinin işğalda olduğunu deyirdi.

XS
SM
MD
LG