Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:47

İki il öncə vəzifəsinə görə deputat mandatından məhrum edilmiş şəxsin adı deputat siyahısında


Şahin Seyidzadə
Şahin Seyidzadə

İki il öncə vəzifəyə təyin olunandan sonra deputat mandatından məhrum edilmiş Şahin Seyidzadənin adı sentyabrın 2-də MSK-nın açıqladığı deputat siyahısında yer alıb. Rəsmi nəticələrə görə, o, 1 sentyabr növbədənkənar parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən 60.3 faiz səs ilə qalib olub.

Ş.Seyidzadə 2022-ci il martın 3-də prezident sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub. Bu zaman o, Milli Məclisin VI çağırış deputatı kimi fəaliyyət göstərirdi, 2020-ci il 9 fevral seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat seçildiyi elan edilmişdi.

Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Elə 2022-ci il martın 17-də MSK Ş.Seyidzadənin deputat səlahiyyətlərinə xitam verib.

AzadlıqRadiosu məsələyə Ş.Seyidzadədən açıqlama ala, onun vəzifədə qalacağı, yaxud deputatlığı seçəcəyini öyrənə bilməyib.

Amma "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən onun vəzifəsini davam etdirdiyini deyiblər.

Siyahıdakı digər vəzifə sahibləri

MSK-nın sentyabrın 2-də açıqladığı siyahıda bir sıra dövlət vəzifəsində olanların, eləcə də şirkət rəhbərlərinin adları var.

Məsələn, Zaur Şükürov Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəridir.

Yaxud Rizvan Nəbiyev 2022-ci ildən Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsini tutub.

Qanunvericiliyə görə, bu şəxslər diplomatik vəzifə, yaxud parlamentdə yer arasında seçim etməli olacaqlar.

Özəl şirkət sahiblərinə gəlincə, deputatın bizneslə məşğul olması qadağandır. Amma parlamentdəki bəzi deputatların bizneslərindən formal istefa verməsi, ailə üzvlərinin adlarına keçirməsi barədə jurnalist araşdırmaları olub.

MSK-nın siyahısında olan Fariz İsmayılzadə ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktorudur. Elmi vəzifədə olanlar deputat seçildikləri halda, istefa verməyə bilərlər.

XS
SM
MD
LG