Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:38

Kəndli: ‘Cənab prezident, bunun bir sonu olacaq, ya yox?..’


Arxiv fotosu
Arxiv fotosu

"Torpağı daş-qayadan təmizlədim, əkinə yararlı vəziyyətə gətirdim, bütün xərclərini, əziyyətini təkbaşına çəkdim. Sevinirdim ki, əkinlə məşğul olub ailəmi aclıqdan xilas edəcəm..."

Bunu "Qaynar xətt"ə Şabranın Daşlıyataq kənd sakini Şıxseyid Bağırov deyir.

Buna da bax:​ Gəncə sakinləri: 'Həmin işgəncə maşınını işə salıblar'

30 SOT TORPAQ AYRILIB, AMMA...

Kəndlinin sözlərinə görə, üç övladı, bir neçə nəvəsi var. Uşaqlar xəstədir. Elə özü də şəkərli diabetdən əziyyət çəkir. İşsizlik belini qırıb. Ailəsini ehtiyaclar içərisində saxlayır. Üstəlik də öhdəliyində 68 yaşlı xəstə bacısı var. Ancaq ailə yükünü çəkə bilmir. Buna görə də hələ 3 il əvvəl Ağalıq kənd bələdiyyəsinə (Daşlıyataq həmin bələdiyyənin tərkibindədir) müraciət edib ki, ona əkin sahəsi ayrılsın. Bələdiyyə sədri də kənddəki örüş sahəsindən 30 sot ayıraraq ona verib.

Sonrasını şikayətçidən dinləyək:

"Mən bələdiyyə sədrindən sənədli torpaq ayrılmasını istəmişdim. O isə mənə örüş sahəsindən sənədsiz istifadə üçün torpaq ayırdı. Dedi ki, ‘kənddə sənədli torpaq yoxdur. Örüş sahəsi istifadəsiz qalıb. Ömrünün sonunadək ək, biç’... Beləcə, şifahi sözə aldandım. Onsuz da ağır durumda idim, həmin torpaq sahəsini yararlı hala gətirmək üçün də xeyli borclandım. Ərazini daşlardan təmizlədim, kotan salıb şumladım. Taxıl əkdim. 3 il sahədən götürdüyüm qazancla borclarımı qaytardım. Bu yaxınlarda bələdiyyədən bildirdilər ki, mənə verdikləri torpaq sahəsini başqasına satıblar".

Buna da bax:​ Kəndli: 'Bələdiyyə sədri əkin sahəmi su altında qoyub'

Şikayətçinin deməsinə görə, torpaq sahəsi Bakıdan gələn bir nəfərə satılıb. Artıq həmin adamın şəxsi istifadəsinə verilib:

"Dedim, ‘neçə ildir bu torpaq mənim adıma rəsmiləşdirilmir, deyirsiniz ki, örüş yeridir, olmaz... Bəs başqasının adına necə mümkün olur?’ Bələdiyyə sədrinə ailə vəziyyətimi anlatmağa çalışdım. Yalvardım ki, himayəmdə xəstələr var, böyük ailə var, ac uşaqlar var... Məni söyüb otağından qovdu. Beləliklə də, əziyyətlə təmizlədiyim, hələ xeyrini yenicə görməyə başladığım sahə əlimdən alındı".

“VƏTƏNDAŞLARI İNSAN YERİNƏ SAYMIRLAR”

Şıxseyir Bağırov ölkə başçısına da müraciət edib. O, prezidentə yazır: "... Cənab prezident, sirr deyil ki, məmurlar vətəndaşları təhqir edib qapıdan qovur, nəinki vətəndaş, heç insan yerinə saymır və təəssüf ki, vətəndaşlar da buna alışa-alışa gedirlər. Ancaq heç olmasa, bu yaxınlaradək vətəndaş az-çox bələdiyyələrdən yumşaq davranış görürdülər. İndi bu da yoxa çıxıb. Məmurların xasiyyəti bələdiyyə sədrlərinə də keçib. Adam təmizlədiyim, əkin halına gətirdiyim torpaq sahəsini gözümün içinə baxa-baxa başqasına satır və deyir, ‘əcəb edirəm, əlin hara qədər çatır, get şikayət elə...’ Cənab prezident, bunun bir sonu olacaq, ya yox?"

Buna da bax:​ 43-cü məhəllədəki yataqxanada köçkünlərin üçüncü yanğını

Kəndli iddia edir ki, bələdiyyə sədri yerli icra hakimiyyətində çalışan yaxın qohumlarına arxayındır. O, Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzinə də şikayət məktubu göndərib.

ÖRÜŞ SAHƏSİ HEÇ KİMƏ SATILMAYIB

Ağalıq kənd bələdiyyəsindən "Qaynar xətt"ə bildirilib ki, kənd ərazisindəki örüş sahəsi heç kimə satılmayıb. Müvəqqəti olaraq faktiki istifadə üçün kənd sakini Şıxseyid Bağırova verilib. Ötən il kəndlilərin örüş sahəsi ilə bağlı problemi olduğuna görə kəndliyə müvəqqəti ayrılmış torpaq sahəsi geri alınaraq örüş sahəsi kimi istifadəyə verilib. Bələdiyyədən kənd sakininin sədr tərəfindən təhqir edilməsiylə bağlı dedikləri də təkzib olunub.

Buna da bax:​ Şikayət: 'Xırdaoymaqda istifadəsiz torpaqlar var, özümüz acından ölürük'

Hüquqşünas Vaqif Alıyev deyir, sənədsiz istifadəyə verilən torpaq sahəsi mülkiyyət hesab olunmur: "O vətəndaş kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq əldə etmək istəyirsə, yerli bələdiyyəyə rəsmi müraciət etməlidir. Torpaq sahəsi də rəsmi qaydada ayrılmalıdır, sənədli-sübutlu..."

Hüquqşünas deyir, rəsmi imtina cavabı alan kəndli ərazidə boş və istifadəsiz torpaqların olduğunu müəyyən etdikdən sonra məhkəmə yolu ilə həmin torpaq sahəsinə iddia edə bilər.

XS
SM
MD
LG