Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:29

Slavyan Universitetinin keçmiş şöbə müdiri məhkəmə zalında həbs olundu


Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri, dosent Dürdanə Əliyevaya 6 il həbs cəzası kəsilib. Tələbələrin ödədiyi təhsil haqqının yeyintisində, universitetdə işə düzəltmək adıyla müxtəlif adamlardan pul alıb aldatmaqda suçlanan D.Əliyeva noyabrın 20-də məhkəmə zalında həbs olunub. Onun işinə iki ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası noyabrın 20-də D.Əliyevaya hökm oxuyarkən məhkəmə zalındakı bütün jurnalistlərin çıxarılmasına göstəriş verib. Qanuna görə, hətta qapalı keçirilən məhkəmə prosesinin sonunda da hökm elan olunanda iclas açıq keçirilməlidir.

D.Əliyevanın işində pul verdiyini iddia edən fiziki şəxslərlə yanaşı, universitet də zərərçəkmiş qismində tanınıb. Universitet mülki iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini tələb edirdi. Məhkəmə fiziki şəxslərin yox, amma universitetin 226 min manatlıq mülki iddiasını təmin edib.

D.Əliyeva özünü qismən təqsirli bilir. O, cinayət işinin materiallarında göstərilən əməlləri tək görmədiyini, baş verənlərdən ozamankı rektor Nurlana Əliyevanın da xəbəri olduğunu deyir. Onun sözlərinə görə, N.Əliyeva da, hətta universitetin mühasibi də prosesin iştirakçısı olub. Lakin onlar məsuliyyətdən kənarda saxlanılıblar: "Mən özümü yalnız cinayəti bilib xəbər verməməkdə təqsirli bilirəm...".

Sabiq rektor N.Əliyeva ünvanına səslənən ittihamları rədd edir. Məhkəmədə dindirilərkən o deyib ki, pandemiya dövründə tələbələr universitetə gəlib-getmədiyindən şöbə müdiri onun inamından sui-istifadə edib:

"İlk dəfə iki tələbə mənə şikayət elədi. Dürdanə Əliyevanı çağırdım. Söz verdi ki, evini satıb pulu yerinə qoyacaq. Eləmədi...".

D.Əliyeva hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

N.Əliyeva 2016-cı ildə rektor vəzifəsinə təyin edilib. Tələbələrin şikayəti əsasında cinayət işi başlanandan və D.Əliyeva məsuliyyətə cəlb olunandan sonra bir neçə ay sonra – 2021-ci ilin iyununda o da rektor vəzifəsindən azad edilib.

N.Əliyeva 2009-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasına da sədrlik edib.

XS
SM
MD
LG