Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:34

Soros: 'Ukraynada məğlubiyyət Rusiya imperiyasının sonu olacaq'


Corc Soros
Corc Soros

Xeyriyyəçi milyarder Corc Soros (George Soros) deyib ki, Moskva Ukrayna müharibəsində məğlub olsa, “Rusiya imperiyası” parçalanaraq dağılacaq.

Onun sözlərinə görə bu, keçmiş sovet respublikaları tərəfindən alqışlanan bir hadisə olardı.

Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya müdaxiləsi II Dünya Müharibəsindən bəri Avropanın ən ölümcül müharibəsinə çevrilib.

Bu, həm də 1962-ci il Kuba Raket Böhranından bu yana Moskva ilə Qərb arasında ən böyük qarşıdurmadır.

Soros bilirib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməkdə davam edəcək, amma prezident Co Bayden Ukraynanın başçısı Volodimir Zelenskiyə xəbərdarlıq edib ki, bu məsələdə müəyyən hədlər var və III Dünya Müharibəsinin baş verməsinə yol verilməməlidir.

Keçmiş sovet respublikaları sevinəcək

Reuters agentliyinin xəbərində deyilir ki, Soros Rusiya ordusuna yarıtmaz komandanlıq edildiyini, onun pis silahlandırıldığını və demoralizə olunduğunu və bu səbəbdən də Vladimir Putinin Wagner muzdlularının köməyinə müraciət etdiyini vurğulayıb:

"Keçmiş Sovet İttifaqının ölkələri Rusiyanın Ukraynada məğlubiyyətini səbirsizliklə gözləyirlər, çünki onlar öz müstəqilliklərini bərqərar etmək istəyirlər”.

Corc Sorosun Münhen Təhlükəsizlik Konfransı üçün çıxışının mətnində daha sonra deyilir:

"Bu isə o deməkdir ki, Ukraynanın qələbəsi Rusiya imperiyasının dağılması olacaq. Rusiya ondan sonra Avropanı və dünyanı hədələməyəcək. Bu, yaxşılığa doğru ən böyük dəyişiklik olardı”.

“Muzdlular bir müddət Putinin işinə yarayıb”

Reuters xatırladır ki, Sovet İttifaqı 1991-ci ildə çökəndə nüvə silahına malik nəhəng ölkə 15 müstəqil respublikaya parçalanıb. Buna baxmayaraq Rusiya dünyanın ən böyük nüvə cəbbəxanasına malik ölkə olaraq qalıb.

Vladimir Putin Ukraynadakı “xüsusi hərbi əməliyyatı” “təcavüzkar və lovğa Qərblə Rusiyanın ölüm-dirim vuruşu” adlandırıb və deyib ki, Moskva özünü və Rusiya xalqını müdafiə etmək üçün bütün vasitələrə əl atacaq.

Birləşmiş Ştatlar dünyanın ən böyük xammal hasilatçısı olan Rusiyanın məhvini istədiyinə dair iddiaları rədd edir.

Soros deyib ki, Yevgeni Priqojinin Wagner muzdlularından istifadə etməsi qısa müddət üçün Putinin işinə yarayıb:

"Bu fənd işə yarayıb. Ukrayna strateji seçim qarşısında qalıb. Ukrayna ya Wagner döyüşçülərinin hücumlarını cilovlamalı və ya Rusiyaya təbliğat qələbəsi verməlidir, eyni zamanda əks-hücum üçün özünün məhdud ehtiyatlarını qoruyub saxlamalıdır”.

Soros bildirib ki, Ukrayna ötən yazda Qərbdən vəd olunmuş silahları alanda, çox dar bir müddətdə fürsətə sahib olub.

Si hakimiyyətdə ömürlük qala bilməyəcək

Xeyriyyəçi Çin barədə deyib ki, prezident Si Tsinpinin “sıfır-COVID” strategiyası Kommunist Partiyasına inamı sarsıdıb:

"Hazırkı situasiya rejim dəyişkiliyi və ya inqilab üçün lazım olan bütün ön şərtlərə malikdir. Lakin bu, nəticələri hələ uzun müddət hiss olunacaq çox bulanıq bir prosesin yalnız başlanğıcıdır”.

Soros bildirib ki, buna baxmayaraq prezident Si hələ ki mövqelərini saxlaya biləcək:

“Qısa müddətdə Si ehtimal ki, hakimiyyətdə qalacaq, çünki hazırda repressiya alətlərinin hamısı üzərində möhkəm nəzarəti var. Amma mən əminəm ki, Si hakimiyyətdə ömürlük qalmayacaq və o hakimiyyətdə qaldıqca, Çin onun istədiyi şəkildə dominant hərbi və siyasi gücə çevrilə bilməyəcək”.

Soros bildirir ki, Rusiya dünyanın ən böyük ərazisinə malik ölkə, Çin isə dünyanın ikinci ən böyük iqtisadiyyatı kimi “fərdin dövlətə tabe olduğu” ölkələr qrupunun lideridirlər.

XS
SM
MD
LG