Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Prezident qollarını çırmaladı, indi qaldı...


►Prezidentin sərəncamı ilə sosial evlərin tikintisi ilə məşğul olacaq Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.

Evlər kimə və necə veriləcək?

Prezident İlham Əliyevin sosial evlərlə bağlı açıqlamasından sonra ilk əməli addım atılıb və belə mənzillərin tikintisinə cavabdeh olacaq qurumlar yaradılıb.

Söhbət Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyindən və həmin agentliyin tabeliyindəki "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətdən gedir.

Yeni agentlyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır.

Binalar necə tikiləcək?

Binaların tikintisini “MİDA” MMC-nin vəsaitləri hesabına kənar tikinti şirkətləri həyata keçirəcək. İnşaat xərclərinin ödənmə qaydalarını agentlik müəyyənləşdirəcək. Binaların tikintisi “MİDA” MMC-nin sərəncamındakı torpaq sahələrində gerçəkləşdiriləcək. Agentliyin müraciəti əsasında ətraf ərazidən mühəndis-kommunikasiya təminatı sistemi və xətlərinin çəkilməsi dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək. Bu işlərlə bağlı tədbirlər Nazirlər Kabinetinə tapşırılıb.

Binalara torpaq sahələrini kim ayıracaq?

Nazirlər Kabineti agentliyin müracəti əsasında torpaq sahələrinin MMC-nin sərəncamına verilməsini təmin edəcək. Bundan ötrü yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələri MMC-yə pulsuz təqdim ediləcək. Bəzi hallarda torpaq sahələrinin xüsusi və ya bələdiyyə mülkiyyətindən ödənişli əsasla alınması da nəzərdə tutula bilər.

Mənzillər hansı şərtlərlə veriləcək?

Əli Məsimli
Əli Məsimli

Yaşayış mənzillərinin hansı şərtlərlə verilməsi hələ dəqiqləşdirilməyib. Agentlik vətəndaşların çoxmənzilli binalardan güzəştli mənzil əldəetmə qaydasına dair təkliflərini 2 ay müddətində prezidentə təqdim edəcək.

Milli Məclisin deputatı Əli Məsimli bildirir ki, Azərbaycan sosial evlərlə bağlı ən yaxşı dünya təcrübəsindən yararlanmalıdır:

“Konsepsiya və həmin konsepsiya əsasında məqsədli proqram hazırlanmalıdır. Dünən atılmağa başlanan əməli addım da daxil, bu işin təşkilati tərəfinə aid məsələr tez çözülməlidir. Lazımdırsa, hüquqi təminatı məsələsi də həll edilməlidir. Maliyyə təminatına aydınlıq gətirmək lazımdır. Öncə dövlət, daha sonrasa dövlət-özəl sektor münasibətlərinin effektiv kombinasiyası gerçəkləşdirilməlidir. Bu məsələ çox aktual sosial layihə olduğundan, xarici mənbələr hesabına əlverişli şərtlərlə xeyli vəsait cəlb etmək mümkündür”.

___________________________________________________________

Bunlara da bax:
Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək
Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir

___________________________________________________________

“Sui-istifadələr olmasın...”

Ə.Məsimlinin fikrincə, hazırda istehsal və ali təhsil müəssisələrini Bakıdan kənara çıxarmaq çox aktualdır:

«Sosial evlərə ayrılan torpaq sahələri məsələsinə kompleks yanaşmaq lazımdır ki, bu məsələni şəhərətrafı yerlərdə iş yerləri və təhsil ocaqları və digər infrastrukturla birgə həll etmək mümkün olsun. Eyni zamanda sosial evlərdə kirayəhaqqı aztəminatlı təbəqənin maddi durumuna uyğun olmalıdır. Etibarlı mexanizm yaratmaq lazımdır ki, bu sahədə sui-istifadələr olmasın, sosial evlər aztəminatlıllara çatsın. Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da sosial evlərə yer seçəndə, belə məsələri nəzərə almaq faydalı olar”.

Əmlak məsələləri eksperti Ramil Osmanlı deyir ki, agentliyin yaradılması sosial evlərin tikintisi ilə bağlı prezidentin fikirlərinin reallaşmasına işarədir:

“Çünki agentlik mənzil tikintisinin məhz dövlət vəsaitləri hesabına, satınalma (tender) yolu ilə inşasını nəzərdə tutur. Bu isə o deməkdir ki, tikiləcək mənzillər dövlətin balansında olacaq və aztəminatlı ailələrə güzəştlə veriləcək. Düzdür, hələlik, həmin mənzillərdən istifadə, onlara sahiblənmə ilə bağlı danışmaq bir qədər tezdir. Amma agentliyin məhz sosial mənzil fondunun yaradılmasına və yönəldilməsinə xidmət edəcəyi şübhəsizdir”.

“Kağız üzərində formalaşan MTK-nın...”

Ekspertin sözlərinə görə, burada maraqlı məqamlardan biri də - tenderin qalibi olmaq istəyən şirkətə verilən tələblərdir:

“Şirkət həyata keçirəcəyi layihə dəyərinin, ən azı, 20-30 faizi miqdarında bank təminatı təqdim etməlidir. Yəni sıradan və yalnız kağız üzərində formalaşan mənzil-tikinti kooperativlərinin (MTK-ların) belə layihələrə qatılması mümkünsüz olacaq”.

“Əsas məqam...”

R.Osmanlı tikiləcək mənzillərin verilməsində sosial tələblərin gözlənilməsindən daha vacib bir məqamı da vurğulayıb:

“Satınalma müsabiqələrinin şəffaflığının təmin olunması üçün mütləq şəkildə ictimai nəzarət olmalı və çox çevik işlək mexanizmlər hazırlanmalıdır”.

Evlərin qiyməti düşüb, yoxsa qalxıb? - [cavab]

XS
SM
MD
LG