Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

Suallı Sovetski və… məbədə aparmayan yol


«Sovetski» məhəlləsi
«Sovetski» məhəlləsi

-

Parçalanmış piano
Gözlə

No media source currently available

0:00 0:29:55 0:00
Direct-ə keçid

«Bizim yüksək səviyyəli məmurlarda natamamlıq kompleksi var».

Bu sözləri AzadlıqRadiosunun «İZ» proqramına Tarix, Mədəni və Təbii İrsi Qoruma Komitəsinin koordinatoru Aytəkin İmranova söylədi.

«TARİXLƏRİNDƏN, MƏDƏNİYYƏTLƏRİNDƏN MƏMNUN DEYİLLƏR»

O, məmurlarda natamamlıq kompleksinin çox ciddi ölçülərə çatdığını düşünür: «Onlaröz tarix və mədəniyyətlərindən məmnun deyillər. O üzdən, bu abidələr haqqında dəyərsiz bir şey kimi danışırlar. Hər bir adam öz üzərinə ekspert rolu götürməz ki?! Onsuz da Bakıda - minillik tarixi olan şəhərdə çox az sayda abidə qalıb».

«NAZİRLƏR KABİNETİ SANKİ MİLLƏTƏ ACIQ VERİR»

Bütün yolların məbədə apardığını xatırladan Aytəkin İmranova ora aparmayan yolların gərəksizliyini vurğuladı: «Yüz yol tiksinlər, - xarabazarlığa aparan yol kimə gərək? Deyirlər Bakını abadlaşdırırıq. Abadlaşdıranda bəyəm tarixi silərlər? Nazirlər Kabineti sanki millətə acıq verir. Bu şəxslər milləti necə idarə edə bilərlər? Mən abidələrin təzədən qiymətləndirilməsinin tam əleyhinəyəm. Bu abidələr siyahıdadır, artıq milli dəyərdir. Daşdan tikilib. Düzgün texnologiyalar gözlənilməklə. İndikitikililərdən deyillər. Divarın qalınlığı bir metrdir. Deyirlər, istismar müddəti bitib. Dünyada mindən çox yaşı olan daş binalar var. Hər adam şəhəri öz zövqünə görə formalaşdıra bilməz. Birincisi, burda hüquqi müstəvi var, - sökülə bilməz! İkincisi, söhbət qədim mədəniyyətə malik bir şəhərin yerlə bir olmasından gedir. Bu, cinayətdir!».

«NİYƏ HƏR ŞEYİ MƏHV ETMƏK İSTƏYİRLƏR?»

Öz sualına Aytəkin İmranovanın özü də cavab verdi: «Açığı, bu, müəyyən şübhələr yaradır. Özünə saxta kimliklər yaradan insanlar var. Onlarda psixoloji problemlər olur. Əgər milli, mədəni, tarixi dəyərlərə belə divan tutulursa, deməli, səlahiyyət sahiblərində müəyyən problemlər var... Onlar öz mədəniyyət və tarixləri ilə barışıq deyillər. Bu, millətin fəlakətidir. Ərazi yamacdır, sürüşmə zonasıdır. Burda yer səthinə, torpağa kobud müdaxilə layları hərəkətə gətirə və çox fəsadlar törədə bilər. Son illərdə burda nə monitorinq, nə hesabat, nə araşdırma aparılıb... Ona görə də, rəsmilər bir-birinə daban-dabana zidd bəyanatlar verirlər. Dövlətdə üstün dəyərlər, prinsiplər olmalıdır Ona uyğun olmayan məmurlar cəzalandırılmalıdır. Çünki bu qədər çaxnaşma, əsəb, narahatlıq yaradıblar».

Aytəkin İmranova
Aytəkin İmranova

«HAMINI ZORLA KÖÇÜRÜRLƏR!»

Aytəkin İmranova məhəllə sakinlərinin aldadıldığını bildirdi: «Əvvəl deyirdilər ki, kim istəyir qalsın, kim istəyir getsin. Dövlət tələbi deyil bu.İndi hamını zorla köçürürlər. Tam, dolğun, dürüst informasiya çatdırılmır. Hamını çaşdırırlar. Heç kəs bilmir ki, burda nə olacaq? Feodallar dövründə yaşamırıq ki? Bura şəhərdir və hamıya aiddir. Sakinlərə düzgün məlumat vermək lazımdır. Etnoqrafik məhəllədir, folklor ərazisidir. Burda Bakının özünəməxsus adətləri var. Keçmiş filmlərin çəkildiyi yerlər var. İstər turistlər, istərsə özümüz üçün cazibədar məkandır. Sökmək yerinə, bura uşaqları ekskursiyaya gətirmək olardı».

BİZƏ NƏ QOYUB GETDİLƏR-BİZ NƏ YAPDIQ?

Aparıcının – «Bizə gözəl bir irs qoyub getdilər Bakını Bakı edənlər, biz nə verəcəyik gələcək nəsillərə» sualını Aytəkin xanım belə cavabladı: «Heç nə...Ola bilməz ki, şəhər sökülüb təzədən tikilsin. Nə varsa, hamısını saxlayıb qıraqlarda mərkəzlər tikmək olardı - ticarət, inzibati və s. Minillik yaşı, dəyəri olan, daşdan tikilən şəhəri belə dağıtmaq olmaz. Təzəni tikmək üçün köhnəni dağıtmaq lazımdır? Ona görə bizim tarixi izlərimiz silinib gedir. Çox unutqan millətik. Qarabağ, Naxçıvan abidələrinin taleyi müzakirə olunan bir vaxtda Bakının öz abidələrini sökmək, sonra qürurla demək ki biz Bakıda erməni kilsəsini saxlamışıq?! Bəs burda məscidi niyə sökdün?».

Çarəsiz Nazim kişi...
Çarəsiz Nazim kişi...

«BU GÜN EŞİTMİŞƏM Kİ, MƏNƏ «XULİQAN» ADINI VERİBLƏR...»

Zərgərpalan küçəsində (7-ci dalan, 3-cü ev) yaşayan Nazim Əliyev: «Sahəmiz 300 kvadratmetrdir. Torpaq sahəmiz də xüsusi mülkiyyət sayılır. Dədə-baba yurdumuzdur. Bura 200-250 il qabaq bizim əkin-biçin yerimiz olub. İçərişəhərdə yaşayıblar. Məsələ bundadır ki, indi bizə evimizin pulunu verirlər, torpağın yox. Deyirlər, bu torpaq sizin ola bilməz! Halbuki əlimizdə Ali Məhkəmənin qərarı var, bütün məhkəmə instansiyalarını keçmişik, hamısını da udmuşuq. Amma pulumuzu söküntü komissiyasından ala bilmirik. Min cür bəhanə gətirirlər. Hətta buğun eşitmişəm ki, mənə «xuliqan» adı veriblər... özüm hüquqşünasam, Ədliyyə Nazirliyindən təqaüdə çıxmışam. Qarabağ döyüşlərində iştirak etmişəm. Ailəmlə burda yaşayırıq. Hazırda təhlükə altındayıq. Ağır texnika işləyir, evdə qorxu içindəyik. Hər an ev başımıza uça bilər, texnika bizə xətər yetirər deyə... Hər yerdən kömək umuruq!».

PREZİDENTƏ HƏRƏSİ 20 MANATLIQ TELEQRAMLAR

Nazim Əliyev ölkə prezidentinə dəfələrlə müraciət etdiyini deyir: «Hər dəfə pensiyamdan 20 manat kəsib teleqram göndərmişəm, amma göndərdiyim teleqramlar təzədən qayıdıb söküntü komissiyasına ki, gedin razılaşın... Biz necə razılaşaq, əgər alan pul ödəmirsə?! İki dəfə komissiyada olmuşam. Komissiyanın sədri Cavanşir Yusifov özü şəxsən mənə deyib ki, evini pulsuz-parasız ver, çıx. Elə bildim zarafat edir, ciddi qəbul eləmədim. Sonra gördüm, yox... Dedi evin pulunu verərik, 3 sot torpağın yox! Bu 3 sot da 8 ailənindir. Vərəsəli mülkdür. Zirzəmini də hesablamırlar. Torpaq sahəsi evdən də qiymətlidir. Üstündə nə istəsəm, tikə bilərəm. Bu gün bunu, pulsuz-parasız, dövlətə niyə təslim etməliyəm?».

«Sovetski»də söküntü
«Sovetski»də söküntü

«BİZİ QƏSDƏN TOZ-TORPAĞIN İÇİNDƏ SAXLAYIRLAR...»

Nazim Əliyev mülkün ərazisinin dövlət ehtiyaclarına düşmədiyini bildirir: «Çünki 50 metr yoldan aralıdır evim. Yenə deyirəm: Verilən kompensasiya ilə razıyıq, amma evimizi pulsuz verə bilmərik! Bizi qəsdən tozun-torpağın içində saxlayırlar. Belə getsə, sağlamlığımızı itirəcəyik. Ciyərlərim ağır vəziyyətdədir. Yoldaşım asmadır...».

RAUF RƏŞİDOV: «EVİMİN KANDARI SÖKÜLÜB...GİRƏ BİLMİRƏM»

Rauf Rəşidov məhkəməyə verildiyini deyir: «Bugünədək yekun qərar yoxdur. Amma gəlib evimin divarını söküblər. Bir həftə qabaq - atam evdə ola-ola, ekskavator gətirib söküblər. İndi içəri girmək mümkün deyil, ayaqaltı yeri sökülüb... qohumlarda yaşayırıq».

«SƏNƏDDƏ 57 KVADRATDIR, 42 YAZIBLAR»

Rauf Rəşidov sahəsinin azaldıldığını bildirir: «Mənim sənədimdə yaşayış sahəm 57 kvadratmetr yazılıb, komissiya isə 42 kvadrat hesablayıb. Heç olmasa, sənəddə olan sahənin pulunu versinlər bizə. Başa düşürük, yol salırlar. Mən haradansa torpaq alanda, hasarımı torpağın içərisindən çəkirəm də, çölündən yox ki?».

«VURDULAR, DAĞITDILAR, GETDİLƏR...»

Nicat İmran: «Nabat Aşurbəyovanın (Təzəpir Məscidini tikdirən - red.) da evini sökdülər... Bizim həyətin arxasındaydı... Daxili İşlər Nazirliyindən gəldilər, baxdılar, amma artıq yarısını sökmüşdülər. Daha nəyini saxlayasan? Vurdular, dağıtdılar, getdilər...Bizim küçə «Şah döngəsi» adlanırdı. Orda bir bina da vardı. Eşitdiyimə görə, İran şahı Bakıya gələndə orda yaşayıb. O binanı da dağıtdılar».

Burda yaşayış olmayandan sonra yol, park salmağın nə mənası var?
Burda yaşayış olmayandan sonra yol, park salmağın nə mənası var?

PARÇALANMIŞ PİANO...

Nicat İmran uçurulan başqa binalardan da söz açdı: «YUĞ Teatrının yerləşdiyi binanı, Abbas Mirzə Şərifzadənin evini dağıtdılar. Pianosunu çıxarıb qoydular bayıra. O pianoda dövrün məşhur adamları çalıbmış. Səhərisi gün göstəriş verdilər ki, gedin pianonu da dağıdın, sındırın... Süleyman Rəhimov küçəsində tarixi bina vardı, - onu da sökdülər. İndi Nabat Aşurbəyova küçəsində Qulubəyov məscidi var. Guya söküntünü saxlayıblar, amma inanmırıq. Çünki ətrafındakı evlər dağıdılsa, məscid də zədələnəcək».

NİCAT İMRANIN MONİTORİNQİ

Nicat İmran hər ay məhəllədə monitorinq apardığını bildirdi: «Mayda iki dəfə oldu, iyunda da olub bir dəfə, - xəbərnamə kim çap eləmişdim. Məsələn, burda dükan vardı, gəlib xəbərsiz sökdülər, hələ də kompensasiyaları verilməyib. Yuxarıda bir qadın yaşayırdı, psixoloji problemləri vardı. Əvvəl köçməyə razılaşmışdılar, amma sonra dedilər razı deyilik kompensasiya ilə. Onun evini də gəlib zorla sökdülər. Media o evi işıqlandırdı, dükanı yox...».

«YERLİ CAMAATI GÖNDƏRDİZ MASAZIRA, XIRDALANA, HÖVSANA»

Nicat İmran ətrafdakı bəzi binaların da söküləcəyini bildirdi: «Bax, qarşıda beşmərtəbəli bina var – «həkimlər evi». O da söküləcək, çünki düz yolun üstündədir. Bu qədər yola nə ehtiyac? Burda yaşayış olmayandan sonra yol, park salmağın nə mənası var? Kim gəlib o parkda dincələcək? Mərmərdən, sütunlardan və balaca kollardan ibarət parkda kim istirahət edəcək? Tikdilər Qış Parkını. Kim dincəlir orda? Yayda isti, qışda soyuq... Tutaq ki, yol çəkdin, getdi çıxdı Nərimanov heykəlinin üstünə. Sonra nə olacaq? Orda hündür binalar tikilib. Onları sökməyəcəksən ki? Oradan yuxarı qalxmaq mümkün olmayacaq. Bu qədər yerli camaatı göndərdiniz Masazıra, Xırdalana, Hövsana... Mənim yaşadığım həyəti ulu babam tikdirib. 1800-cü illərin axırında. Guya mənə ev verəcəklər. Gözləyirəm».

Mirzə Fətəli küçəsi, 145 ünvanında yerləşən tarixi binanın üzlüyünün sökülməsi
Mirzə Fətəli küçəsi, 145 ünvanında yerləşən tarixi binanın üzlüyünün sökülməsi

«SÖKÜN QOYUN BİRDƏFƏLİK-YAZIN Kİ, BURDA BAKI OLUB...»

Nicat İmran tarixi binaların ornamentlərinin çıxarılmasından da danışdı: «Mədəniyyət Nazirliyindən açıqlama verildi ki, sökülən bəzi tarixi binaların yerində tikilənlərdə köhnə ornamentlərdən istifadə ediləcək. Burda bir arxitektur özəllikli bina vardı. Gəlib ornamentlərini çıxardılar. Hansını çıxara bildilər,-götürdülər, hansını çıxara bilmədilər,- getdi Balaxanı zibilxanasına... Day sökün qoyun Bakını birdəfəlik, bir lövhə də yazın ki, burda Bakı olub!..».

«SOVETSKİNİ ORTASINDAN DAĞITDILAR»

Nicat İmran məhəllənin mərkəzindən dağıdıldığını dedi: «Tən ortadan dağıdılıb. Başqa binaların daha heç bir şansları yoxdur dirəşməyə... Elə bil ki, qoşun yeridilib üstümüzə. Düzdür, burada şəraitsiz evlər də vardı, amma gözəl binalar da vardı, axı...Bir çarə tapmaq olardı. Banklar var. Verin kredit həyətin öz sakinlərinə. Söksünlər, dörd mərtəbə tikib, köçsünlər içinə. O qədər yolları var ki...».

«MƏN ƏRƏB ŞEYXİ OLSAM...»

Nicat İmran məhəllədə yayılan bir xəbərə də toxundu: «Deyirlər, guya buranı ərəblər alıb. Boş söhbətdir. Mən ərəb şeyxi olsam, gəlib bu ölkəyə pul qoymaram. Azərbaycanın vizasını almaq olmur. Ölkəyə gələnlərdən xoşlarına gəlməyənləri aeroportdan deportasiya edirlər. Bu cür ölkəyə heç bir biznesmen yatırım qoymaz! Öz xalqının pulu yoxdur bahalı otellərdə yaşasın, restoranlarda yesin. MDB-dən də heç kəs gələsi deyil. Burda neyləyəcəklər, neyləməyəcəklər, - çətin məsələdir».

İNSANA DƏYƏR VERMƏYƏN CƏMİYYƏTDƏ HEYVAN OLMAQ...

«Bilirsiz burda nə qədər heyvanlar öldü? Burda bir nəfər vardı, itlər-pişiklər saxlayırdı. Gəlib o evi zorla uçurdular. İydən neçə gün oradan keçmək olmurdu...».

FAİQ DAYININ EVİ

«Bax, Faiq dayının evinə baxın (Mirzə Fətəli, 45.-red.). Hamısı əl işidir ey, naxışlardır. Adamda necə vicdan olmalıdır ki, onu dağıtmaq əmrini verəsən... O tarixdir ey!..».

«O PARKDA DİNCƏLMƏRƏM»

«Şəxsən mən, bir insan kimi, heç vaxt o parkda istirahət edə bilmərəm. Bu qədər insanın ahı var burda...».

SÖVETSKİDƏN QALACAQ İKİ VİDEOÇARX

«Sökülməmişdən qabaq bütün arxitektur binaların şəklini çəkib saxlamışam özümdə. Gələcəkdə 2 videoçarx hazırlamaq fikrim var...».

XS
SM
MD
LG