Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:30

Yeni agentlik su problemini çözə biləcək?


Sərsəng su anbarı quruyur
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Sərsəng su anbarı quruyur

Su çatışmazlığı son illər Azərbaycanda ən çox dartışılan problemlərdən biridir. Özəlliklə suya daha çox ehtiyac duyan Aran bölgəsi bu problemdən daha çox əziyyət çəkir. Saatlı rayonunda bir neçə kənd sakinlərinin aksiya keçirib su tələb etməsi bugünlərin olayı deyilmi? Həmin aksiyaya polisin müdaxiləsi və etirazçıların rezin güllələrlə atəşə tutulması geniş müzakirə doğurmuşdu.

Martın 30-da Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin təməlində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. "Azərsu" ASC və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC də əmlakları ilə birlikdə yeni Agentliyin tabeliyinə verildi.

Son illər hökumətin suya dair fəaliyyətində canlanma gözə çarpır:

- su ehtiyatlarından səmərəli istifadə üçün komissiya yaradılıb;

- ölkədə ilk dəfə su təsərrüfatı balansı tərtib edilib;

- bu sahədə müxtəlif proqramlar hazırlanıb.

Ancaq bu da var ki problem yeni deyil və uzun illərdir ki, beynəlxalq təşkilatların araşdırmalarında, müxtəlif akademik hesabatlarda Azərbaycanda su çatışmazlığının gözlənildiyi diqqətə yetirilir. Di gəl, hökumət problem hər kəsin dilini yara edəndən sonra hərəkətə keçib. Bu baxımdan, ölkədə su çatışmazlığı probleminin kəskinləşməsi həm də bu problemə hökumətin vaxtında ciddi yanaşmamasının nəticəsidir. Azərbaycanda bir çox sahədə adətə çevrilib: ekspertlər illər öncə xəbərdarlıq edir, amma hökumət sözügedən məsələ kəskinləşəndə addım atmağa başlayır. Bu da problemin çözümünü çətinləşdirir, üstəlik, daha çox resurs tələb olunur.

Yeni agentliyə böyük yetkilər verilib

Yeni yaradılan agentliyin səlahiyyətləri də yetərincə genişdir. Azərbaycanda suyun mənbədən götürülməsindən, emal, nəql və təchizatından tutmuş, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə aramsız nəzarətədək bir çox vəzifə yeni quruma tapşırılıb. Hökumətin fikrincə, ölkədə su təminatı ilə bağlı fəaliyyət göstərən qurumların bir agentlikdə birləşməsi durumu yaxşılaşdıracaq. Ancaq heç də hər kəs belə düşünmür. İqtisadçı Rövşən Ağayev bildirib ki, "çox qısa müddətdə suyu istehlakçılara çatdıran nəql şəbəkəsi ilə su ehtiyatlarına sahiblik və idarəetməni həyata keçirən struktur bir-birindən ayrılmasa, ölkənin bütün meliorasiya və içməli su şəbəkəsinin vahid, həm də nəhəng bir qurumda mərkəzləşdirilməsi çox uğursuz bir addım olacaq. Suyun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır. Əhalinin içməli su təchizatı ya bələdiyyələrə, ya da bəlli əsasda özəl investorlara həvalə olunmalıdır".

Ekspertin fikrincə, yeni Agentlik mövcud ehtiyatlara dövlət nəzarətini gerçəkləşdirsə, sudan səmərəli istifadə sahəsində strategiyanı və hüquqi mexanizmləri hazırlasa, su nəqli aparan operatorlarla suyun topdansatış alışına dair müqavilələr bağlasa, işini yetərli saymaq olar.

"Azərsu"da mövcud problemlər

Yeni yaradılan Agentliyə birləşdirilən hər iki qurumun -əhalinin su təminatına məsul "Azərsu"nun və fermerlərin su təminatına cavabdeh "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin fəaliyyətlərində ciddi problemlər vardı. Əhali ilə bağlı problemlər özünü daha çox fasiləli su təminatında göstərir. Belə ki, artıq "Azərsu" Bakı və Bakıətrafı ərazilərə suyu qrafiklə verir. Bir neçə il öncəyədək hökumət fasiləsiz su təminatını özünün əsas hədəflərindən biri sayırdı. 2015-ci ildə Bakının 60 faizinin, 2021-ci ildə isə 80 faizinin fasiləsiz su ilə təmin edildiyi açıqlanmışdı. Yaxın illərdə bu göstəricinin 100 faizə çatacağı proqnozlaşdırılırdı. Hətta Bakı şəhər İcra Hakimiyyəti aralıqsız su təminatını əsas gətirərək paytaxtda yaşayış binalarının damlarında sakinlərə məxsus su çənlərini yığışdırtmışdı.

Yaranmış durumla bağlı "Azərsu"nun açıqlamasında bildirilir ki, su az olduğundan Su Komissiyasının qərarına əsasən, bəzi ərazilərdə suyu qrafiklə verməyə məcbur qalıb. "Abşeron yarımadasının mənbələrindən götürdüyümüz suyu ötən ilin eyni günü ilə müqayisədə təxminən saniyədə 1 kubmetr azaltmışıq. Azalma nəticəsində bəzi ərazilərdə su tənzimlənir, qrafiklə verilir. Bunun səbəbi isə Taxtakörpü su anbarında, Samur çayında suyun azalmasıdır", - açıqlamada belə deyilir.

"Azərsu"da su təminatı ilə yanaşı, maliyyə göstəriciləri baxımından da problemlər yaşanır. Qurumun saytında yerləşdirdiyi sonuncu maliyyə hesabatı 2021-ci ilin yekunlarına aiddir. Həmin hesabatdan bəlli olur ki, qurum 2021-ci ili 552 milyon 230 min manat xalis zərərlə başa vurub. Qurum bu zərəri hazırda gerçəkləşdirdiyi böyük infrastruktur layihələri ilə - su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi ilə əsaslandırıb və bildirib ki, həmin layihələr başa çatınca, maliyyə vəziyyəti normala dönəcək.

Fermerlərin su dərdi

İndiyədək "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məsul olduğu fermerlərin su təminatında da ciddi problemlər var. Fermerlər su çatışmazlığı üzündən bir çox ərazidə məhsuldarlığın aşağı olduğunu və hətta təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmədiklərini bildirirlər. Azərbaycan sahə baxımından Güney Qafqazın ən böyük ölkəsi sayılsa da, su ehtiyatı ən az olan ölkədir. Üstəlik, Azərbaycanın su ehtiyatlarının 70 faizi xarici ölkələrdə formalaşır.

Azərbaycanda suvarma məsələsi ilə bağlı durumu ağırlaşdıran daha bir amil müasir suvarma sistemlərindən çox məhdud istifadə ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi bugünlərdə açıqlayıb ki, ölkədə indi 1.5 milyon hektar suvarılan sahə var. Bu sahələrin cəmi 56 min hektarında (3.7 faizində) müasir suvarma sistemləri qurulub. Fermerlərin belə suvarma sistemlərinə marağının az olmasının əsas səbəbi onların maliyyə imkanlarının yetərsizliyi, eləcə də kredit imkanlarına çıxışın məhdudluğudur. Rəsmi rəqəmlərə görə, ölkədə ən az torpağa sahib olan torpaq istifadəçilərinin 30 faizi torpaqların cəmi 7 faizinə sahib olduğu halda, ən böyük torpaq sahəsinə malik torpaq istifadəçilərinin 10 faizi ölkədəki bütün torpaqların 46 faizinə sahibdir. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə maliyyə problemlərini çözməkdən ötrü kooperativlərdə birləşməyi tövsiyə edir. Ancaq bu sahədə təşviq mexanizmləri zəifdir və digər problemlər də həllini gözləyir. Elə bu üzdən daha çox dəstəyə ehtiyac duyan kiçik təsərrüfatlar hökumətin yardım mexanizmlərindən gərəyincə yararlana bilmir.

Ölkədə su təsərrüfatı ilə bağlı digər ciddi problem də itkilərdir. Rəsmi rəqəmlərə görə, Azərbaycandakı suyun təxminən 40 faizi itkiyə gedir. Bu rəqəm uzun illərdir bu səviyyələrdə qalsa da, su itkiləri sahəsində də ciddi irəliləyiş gözə dəymir.

Çözüm yolları

Müstəqil iqtisadçılar uzun illərdir ki, ölkədə kommunal xidmətlərin keyfiyyətcə yaxşılaşdırılması üçün iri dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edirlər. Bundan ötrü ayrıca proqramların hazırlanmasına ehtiyac var. Qısa zamanda status dəyişdirilməli, aktivlər auditdən keçirilib dəyərləndirilməli və uyğun mərhələlərdə satışa çıxarılacaq səhmlər say və digər önəmli parametrlər baxımından müəyyənləşdirilməlidir. Üstəlik, unutmaq olmaz ki, özəlləşdirmə çox sahəyə fayda gətirə bilər. Həmin müəssisələrin səmərəliliklərinin artırılması, ölkəyə xarici investorların cəlbi, fond birjasının canlandırılması, büdcədə özəlləşdirmə gəlirlərinin artması bunlardan bəziləridir.

Ekspertlərin kommunal xidmətlər sahəsində fəaliyyət göstərən şirkətlərin səmərəli işi üçün diqqət çəkdiyi daha bir məqam bu qurumların strukturlarına yenidən baxılmasıdır. Hasilat və istehsal, nəql və ötürmə, eləcə də paylama fəaliyyətlərini eyni zamanda bir şirkətdə gerçəkləşdirmək bazar prinsiplərinə ziddir. Bunların ayrılması uyğun sektorda rəqabət mühitini artırmağa, yeni özəl şirkətlərin yaranmasına və inkişafına imkan yarada bilər. Bu da öz növbəsində xidmətlərin keyfiyyətli və qiymətlərin əsaslı olmasına xidmət edər. O da unudulmamalıdır ki, hazırda ölkədə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən bir çox qurum böyük zərərlə çalışır. Bu baxımdan, dəyər yaradılması zənciri üzrə dərin təhlillər aparmaqla şirkət və cəmiyyətlərin əsas "zərəryaratma" həlqələrini üzə çıxarmaq lazımdır. Zərərlilik risklərinin təhlili, şirkət və cəmiyyətlərin gəlirlə işləməsinin təmin edilməsi üçün uyğun tədbirlər həyata keçirmədən zərəri azaltmaq mümkün deyil.

Dövlətlə maliyyə münasibətləri və maliyyə axınlarını tənzimləyən dəqiq və aydın normativ və qaydalar yoxdur. Bu da əsas çətinliklərdən biridir. Dövlət qurumlarında hesabatlılıq və şəffaflığın yetərsizliyi də əsas problemlərdən biri olaraq qalmaqdadır. Qanunvericiliyi dəyişdirməklə şirkətlərin hesabatlılıq və şəffaflıq öhdəliklərinin dəqiq və aydın çərçivələri müəyyənləşdirilməlidir. Şirkətlərin rüblük və illik hesabatları ictimaiyyətə açıq olmalıdır. İctimai önəmli bilgilər aramsız yenilənən işlək veb-səhifədə əksini tapmalıdır. Bütün bunları təmin etmədən yeni yaradılan qurumların problemli sahələrdə səmərəli fəaliyyəti də mümkün olmayacaq.

XS
SM
MD
LG