Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:39

'Xəstəxana rəhbərliyi dedi ki, embrionu daşıyacaq qadın və 6 min manat tapın'


İnkişaf etmiş Qərb ölkələri ilə müqayisədə Rusiya və Ukraynada surroqat hamiləlilik qiymətləri daha aşağıdır.
İnkişaf etmiş Qərb ölkələri ilə müqayisədə Rusiya və Ukraynada surroqat hamiləlilik qiymətləri daha aşağıdır.

"Dövlət icazə vermədi öz yurdumda ana olum, gedib Rusiyada daşıyıcı hamiləlik ilə uşaq sahibi oldum. Amma 15 il sonra bu hökumət oğlumu məndən əsgərlik üçün istəyəcək", – bu sözləri AzadlıqRadiosuna müsahibəsində Gülnara Ağayeva deyib.

12 ildir ailəli olan Ağayeva beş il öncə həm dövlət, həm özəl xəstəxanalardan surroqat hamiləlik haqqında soraqlaşıb. Ölkədə bunun qanuni olmadığını biləndə xaricə üz tutub, 2018-ci ildə Rusiyada övlad arzusuna çatıb.

Surroqat hamiləlik necə olur

Surroqat hamiləlik qadın ona bioloji yad olan körpəyə hamilə qalmaq, onu bətnində böyütmək və doğmaq üçün könüllü razılıq verdikdə tətbiq olunan yardımçı reproduktiv texnologiyadır. Doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır. "Surroqat ana" deyəndə öz uşaqlığında donor embrionu daşıyan, somatik və psixi cəhətdən sağlam, müvafiq tibbi genetik müayinə nəticəsində bu xidmətə əks göstərişləri olmayan, yaşı, əsasən, 21-dən 38-dək olan qadın nəzərdə tutulur.

Gülnara Ağayeva danışır ki, səhhətindəki problemlər süni mayalanma etdirməsinə imkan verməyib. 2017-ci ildə Bakıda surroqat hamiləlik haqda soraqlaşanda özəl klinikaların birində ona kömək edə biləcəkləri deyilib. Xəstəxana rəhbərliyi "siz donor embrionu daşıyacaq qadın və 6 min manat pul tapın, Rusiyada gerçəkləşəcək prosedur bizlikdir" deyib.

Ağayevanın sözlərinə görə, Rusiyada daşıyıcı ana tapsalar da, həmin qadın onlardan 25 min manat istəyib. Ailənin bu qədər pulu olmayıb. Sonucda yaxın qohumu onlar üçün təmənnasız daşıyıcı ana olmağa razılaşıb. Onlar Rusiyada müqavilə imzalayıblar. "Embrionlar surroqat daşıyıcısına köçürülür. Əgər embrionlar uğurla implantasiya olunarsa, o zaman hamiləlik alınır. Bizdə də uğurlu alındı. Əvvəlcədən imzalanmış müqavilədə göstərildiyi kimi, tam qanuni qəyyumluq aldıq. Sənədləşmə prosesi iki-üç saat çəkdi, doqquz ay sonra isə sağ-salamat uşağı götürdük. Həkim məsləhəti ilə də elə Rusiyada qaldıq həmin dövrdə. Həmin dönəmdə borca düşdük, xərclərimiz artdı. Eyni proses Bakıda olsa idi, öhdəsindən gələ bilərdik", – o bildirib.

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

Hər 10 sonsuz valideyndən 7-si bu üsulu sınamaq istəyir

Dünyada təxminən 20 faiz ailə sonsuzluq səbəbindən valideyn olmaq şansından məhrumdur. Azərbaycanda bununla bağlı xüsusi statistika aparılmasa da, ginekoloqlar sonsuzluğun azalmadığını qeyd edirlər.

AzadlıqRadiosuna danışan, adının anonim qalmasını istəyən ginekoloq deyir ki, hər il çalışdığı dövlət xəstəxanasına 100-dən çox qadın sonsuzluq problemi ilə müraciət edir. Bunların isə 70-ə yaxını uşaq sahibi olmaq üçün surroqat hamiləlik ilə maraqlanır.

"Əvvəllər bu məsələ çox geniş yayılmamışdı. Süni mayalanma vasitəsilə qadınlar uşaq dünyaya gətirə bilirdi. Hətta gözləyirdik ki, süni mayalanma icbari tibbi sığortaya əlavə edilərsə, sonsuzluq azalar. Lakin indi qəribə tendensiya yaranıb – qadınların bəzilərinin sağlamlığı buna icazə vermir, digər hissəsi isə daşıyıcı anaya müraciət etmək istəyir. Cütlüklər məcburi olaraq xarici ölkələrə üz tutur. Ən çox isə Gürcüstana və Rusiyaya gedirlər. Genefondun dəyişməsi nəticəsində yumurta hüceyrələri başqa ölkənin vətəndaşlarına mənsub olur", – o bildirib.

60-dan çox surroqat körpə valideyinlərinə qovuşa bilmir
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Mütəxəssis bildirib ki, hazırda dövlət xəstəxanalarında olmasa da, özəl klinikalarda bu texnologiyadan tam istifadə üçün şərait var. Onun sözlərinə görə, əvvəla, donor bankı kimi daşıyıcı analardan ibarət sistem yaradılmalıdır. Hər müraciət edən sonsuz qadına uyğun surroqat ana olmalıdır.

"Konkret qiymətlər olmalıdır. Məsələn, amerikalı ailə övlad sahibi olmaq üçün Hindistanda yerli bir qadınla razılığa gəlsələr, bunun üçün ona 10 min dollar ödəyir. Bunun 8 min dolları daşıyıcı anaya ödənilir, qalan 2 min dolları isə hamiləlik boyu tibbi ehtiyaclara xərclənir. Yaxud da Britaniyada 20-25 min dollar xərci çıxanlar Ukraynada daha az pul ödəyir. Yerli vətəndaşlar üçün də Azərbaycanda uyğun qiymətlər ola bilər. Məsələn, süni mayalanma 5 min manata qədər pul tələb edirsə, burada daşıyıcı anaya ödənişi də hesablasaq, 8-10 min manata həll etmək olar", – AzadlıqRadiosuna danışan ginekoloq deyib.

O, surroqat hamiləliyin monopoliyaya çevrilməməsi üçün xüsusi sistem qurulmasını vacib sayır.

A.Qeybulla
A.Qeybulla

Surroqat hamiləlik ana istismarına səbəb ola bilər

Tibb elmləri doktoru Adil Qeybulla da məsələnin hüquqi müstəvidə, xüsusi qaydalarla tənzimlənməsini vacib sayır, əks halda, bunun mümkün fəsadları ola biləcəyini deyir.

"Maddi imkanı yaxşı olan ailə pula ehtiyacı olan qadının bədənindən istifadə edərək onu istismara məruz qoya bilər. Bu, qanunsuz tendensiya xarakteri alacaq, qadınlar bədən quruluşunu qoruyub saxlamaq, doğuşdan sonra süd vəzilərinin formasını itirməmək üçün surroqat analıqdan istifadə edəcəklər. Cəmiyyət buna hazır deyil. Amma qanuna salınmaqla məsələ bitmir, surroqat ana, süni mayalanma, donor bankı bizim cəmiyyətin asanlıqla qəbul edəcəyi şeylər deyil", – o bildirib.

Ermənistanda qanunsuz övladlığa götürmə sistemi qalmaqala səbəb olub
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

"Başıbəlalı" qanun layihəsi

Azərbaycanda surroqat analıq haqqında qanun qəbul edilməyib. Qalmaqallı olduğundan hətta Milli Məclisdə də müzakirəsi yarımçıq saxlanılıb. Buna səbəb həm də Qafqaz Müsəlmanları İdarəsinin məsələyə etiraz edərək dində haram sayıldığını deməsidir. Bu ilin sentyabrında Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov surroqat analığın daxil olduğu "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsini "başıbəlalı" adlandırıb.

""Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin qəbuluna əvvəllər Səhiyyə Nazirliyi maneə yaradırdı. Bu gün isə onlar da qanun layihəsini dəstəkləyirlər", – deyən deputatın sözlərinə görə, bu il qanun qəbul edilməlidir.

Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov AzadlıqRadiosuna deyib ki, bu qanun uzun illərdir, tibbi reallıq və milli mentalitet arasında mübahisə və müzakirələrə səbəb olub: "Bu məsələlərin tənzimlənməsi üçün müzakirələr aparılır. Həkim, sosioloq, psixoloq, din xadimləri, maliyyəçilər, ictimai birliklər və s. təmsilçilər müzakirələrdə iştirak edir. Surroqat ana, donor və s. kimi məsələlər həllini taparsa, qanun layihəsi daha tez qəbul oluna bilər".

Ancaq komitənin deputatları da qanunun qüvvəyə minib-minməyəcəyi barədə məlumatları olmadığını deyirlər.

T.İrfan
T.İrfan

Dində nə deyilir

İlahiyyatçı Tural İrfan AzadlıqRadiosuna bildirib ki, daşıyıcı ana məsələsinin İslama zidd olması yalnız mənfi niyyətlər halına aid edilə bilər. Onun sözlərinə görə, İslam dinində bu hal məqbul sayılmasa da, başqa vasitələr tükəndiyi halda, qəbul edilir.

"Dinimizə görə, məcburiyyət qarşısında, başqa çıxış yolları qalmadıqda, mümkün halal vasitələr tükəndikdə qadağan olunan yollardan da istifadə etmək olar. Əgər qadının başqa mümkün yollarla uşaq dünyaya gətirməsi mümkün deyilsə, məhrəmlik qaydaları, halal - haramlıq gözlənilməklə tibbi üsullarla uşaq dünyaya gətirməsi mümkündür. Lakin gərək bu məsələ alver, pul qazanmaq, donorluğu biznesə çevirmək amalı daşımasın. Yalnız kimisə sonsuzluqdan xilas etmək məqsədi ilə olsun. Əgər qadının öz razılığı və arzusu ilə olarsa, tibbi proseslərdə də halal-haram gözlənilərsə, çıxış yolu kimi məqbul sayıla bilər", – o söyləyib.

Elə Səhiyyə Nazirliyi də qanunun qəbulundan öncə maarifləndirmə aparılmasını vacib sayır. Qurumun mövqeyincə, "Azərbaycanın indiki inkişaf səviyyəsi və mentaliteti Qərb ölkələrində geniş tətbiq olunan bir neçə məqamın tətbiq və təşviqinə çətinlik törədir". Nazirlik bildirir ki, qanun layihəsi qəbul olunmazdan öncə reproduktiv sağlamlığın təşviqi ilə bağlı tədbirlər görülməlidir.

Surroqat analıq haqda qanun nə deyir

Azərbaycan qanunvericiliyində "surroqat ana" ifadəsi Ailə Məcəlləsinin 46-cı maddəsində işlədilir. Məcəlləyə görə, süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi haqda yazılı razılığı olan qadınla kişinin həmin metodla uşağı olduqda, qadının (surroqat ananın) razılığı ilə şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Lakin "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunda surroqat analıq insanların istismarı kimi qiymətləndirilir. Di gəl, müvafiq maddənin pozulmasının hər hansı statistikası aparılmır.

Surroqat ana olmaq üçün 20 min manat təklif etdilər

28 ildir ölkə xaricində yaşayan Samirə Həsənli bugünə kimi 12 uşağa surroqat analıq edib. O deyir ki, həm qiymətlər, həm də müraciətin sayı dəyişir. O, ilk dəfə surroqat ana kimi təmənnasız öz bacısının uşaq sahibi olmasına kömək edib. Deyir, ilk vaxtlarda ona yanlış gəlsə də, sonradan həm uşağı olmayanlara, həm də əlil qardaşına kömək üçün bu işə razılaşıb. "Ukraynada iki dəfə yerli ailə üçün uşaq doğmuşam. Sonradan müharibə (Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb – red.) düşdü, surroqat analar zirzəmilərdə saxlanılası oldu deyə, ölkədən çıxdım", – o, AzadlıqRadiosunun müxbiri ilə söhbətləşərkən deyib.

Həsənlinin sözlərinə görə, daşıyıcı ana olmaq üçün ona ən çox 20 min manat təklif ediblər və o, rusiyalı biznesmen ailəsi üçün övlad dünyaya gətirib.

"Daşıyıcı analıq sadəcə bədənini kirayə vermək deyil. Hansı uşaqların daşıyıcı anası olmuşamsa, indi də onlar ilə tez-tez hal-əhval tuturam, maraqlanıram. Qan bağı yaranır sanki. Bugünə kimi surroqat ana olaraq qazandığım pulun hamısını Türkiyədə müalicə alan əlil qardaşıma xərcləmişəm, təxminən 70 min manatdan çox məbləğ. Səhhətim son iki-üç ayda artıq icazə vermir ki, daşıyıcı ana olum", – o söyləyib.

Surroqat analıq dünyada 36 ildir ki, tətbiq edilir

Surroqat analıq proqramı üzrə ilk uğurlu əməliyyat 1986-cı ildə ABŞ-da reallaşdırılıb. Bu məsələdə liderliyi Hindistan edir. Orada surroqat analıq məsələsi 2002-ci ildən qanuniləşib. 2015-ci ildən əcnəbilərə qadağa qoyulsa da, ölkə daxilində heç bir əngəl yoxdur. Hindistanda bu sahə üzrə illik gəlir təxminən 445 milyon dollardır.

MDB ölkələrində "surroqat ana" vasitəsilə övlad sahibi olmaq ənənəsi 1995-ci ildən yaranıb. Pravoslav xristian ölkəsi olan Gürcüstan 1997-ci ildə dünyada surroqat reproduktivliyə icazə verən ilk ölkələrdən biri olub. Kommersiya məqsədli surroqatlıq müqavilələri Avstraliya və ABŞ-ın bəzi yerlərində, Kanada, Kolumbiya, Meksika, Ukrayna və Britaniyada qanuniləşdirilib.

İnkişaf etmiş Qərb ölkələri ilə müqayisədə Rusiya və Ukraynada surroqat hamiləlilik qiymətləri daha aşağıdır. Belə ki, hər iki ölkədə surroqat analara 10 min dollardan başlayaraq ödəniş edilir.

Bəlkə, bir gün...

Surroqat texnologiyası ilə sahib olduğu üçyaşlı oğlunu böyüdən Gülnara Ağayeva övladının səhhətində hər hansı problemlə rastlaşmadığını deyir.

"Daşıyıcı anası da tez-tez gəlir oğlumu görməyə. Düzdür, hələ ki oğluma gerçəyi deməmişəm, amma bir az böyüsün, açıqlayacam. Səhhətində hər hansı problem yoxdur, daşıyıcı anası da sağlamdır. Həmin qadının hazırda 36 yaşı var, yenidən surroqat ana ola bilmir. Bəlkə bir gün Azərbaycanda bu qanun mövcud olarsa, yenidən daşıyıcı ananın köməyi ilə uşağım olar", – o, AzadlıqRadiosuna deyib.

Ancaq nə Milli Məclis üzvləri, nə Səhiyyə Nazirliyi təmsilçiləri, nə də mütəxəssislər bu qanunun nə vaxt gerçək olacağını bilir.

XS
SM
MD
LG