Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:56

Rusiya ali məktəblərində oxuyan tacik tələbələri ölkədən çıxarırlar


Tacik tələbələr (Arxiv fotosu)
Tacik tələbələr (Arxiv fotosu)

Aziya-Plyus xəbər verir ki, Rusiya ali məktəblərində təhsil alan tacikistanlı tələbələri ölkədən çıxarırlar.

Tacikistan Təhsil Nazirliyi yanında “Beynəlxalq proqramlar mərkəzinin” direktoru Ramazon Safarzodaya istinadla verilən xəbərdə deyilir ki, tələbələr Rusiyadan deportasiya olunur və bir daha geriyə buraxılmırlar.

Safarzoda deyib ki, Rusiyada təhsillərinin davam etdirilməsində üzləşdikləri problemlər barədə ona bir neçə tacikistanlı tələbə danışıb:

"Tələbələr deyirlər ki, onları ümumən əsassız olaraq deportasiya ediblər. Amma Rusiya hakimiyyət orqanları israr edirlər ki, guya bu tələbələr hansısa qanun pozuntularlına yol veriblər”.

O söhbətin Rusiyanın hansı ali məktəblərindən getdiyini açıqlamayıb.

Tələbə Boyevin başına gələnlər

Lakin həmin tələbələrdən biri – Muxammadjon Boyev Aziya-Plyus saytına Rusiyadan deportasiya olunmasının tarixçəsini danışıb. O təhsilini Miçurin adına dövlət aqrar universitetində davam etdirmək istəyirdi. Boyev həmin ali məktəbə 2023-cü ildə qəbul olunub və hazırda II kursdadır. Amma dərs ilinin əvvəlində universitetinin administrasiyasından ona deyiblər ki, guya “qeydiyyat sənədlərini təzələməlidir”. Boyev bu səbəbdən Rusiyadan çıxıb, lakin onu sərhəddə saxlayaraq geri qayıtmasına imkan verməyiblər:

"Məni hansısa kameraya saldılar. Pasportumu və tələbə biletimi aldılar. Orda məni üç sutka saxladılar. Məni döyür, alçaldır və təhqir edirdilər. Sonra hansısa kağızları gətirib imzalamağımı tələb etdilər. Mən heç nəyi imzalamadım. Az qala qollarımı sındıracaqdılar”.

Boyevin sözlərinə görə ona üç gündən sonra təqdim olunan sənəddə Rusiyada qalmaq haqqının olmadığı yazılmışdı.

Bundan sonra tələbəni Rusiya sərhədindən deportasiya ediblər.

Rusiyada gəlmələrə qarşı aqressivlik son həddə çatıb

Boyev başına gələnlərlə bağlı “Beynəlxalq proqramlar mərkəzinə” müraciət edib, belə ki, o Rusiya ali məktəbinə xüsusi prezident təqaüd proqramı – “Duraxşandaqon” xətti ilə qəbul olunmuşdu.

Amma mərkəzdə ona Rusiyanın Tacikistandakı səfirliyinə müraciət etməsini məsləhət görüblər.

Moskvadakı Crocus konsert zalında baş vermiş terror hadisəsindən sonra Rusiyada Mərkəzi Asiyadan olanlara təzyiqlər artıb.

Rusiya hakimiyyət orqanları terror aktının Tacikistan vətəndaşları tərəfindən törədildiyini iddia edir.

Rusiyanın dövlət orqanları da xaricilərə və əməkçi miqrantlara yönəlik siyasətlərini sərtləşdiriblər.

Üstəlik Rusiya cəmiyyətinin özündə gəlmələrə qarşı ksenofobiya və aqressivlik son həddinə çatıb.

XS
SM
MD
LG