Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Tacikistanda hicabı qadağan edən qanun qəbul olunub


Düşənbədə hicablı qadınlar
Düşənbədə hicablı qadınlar

İyunun 19-da Tacikistan parlamentinin yuxarı palatası “Ənənə və mərasimlərin tənzimlənməsi haqqında” qanuna düzəlişləri qəbul edib.

AzadlıqRadiosunun Tacik xidməti - Ozodi yazır ki, düzəlişlərin qəbul olunması cəmiyyətdə geniş əks-səda verib.

Qəbul olunmuş düzəlişlərdən birinə görə “milli geyim mədəniyyətinə yad olan geyimlərin” ölkəyə gətirilməsi, satışı və ya ictimai yerlərdə geyinilməsi qadağan edilir.

Bundan başqa düzəlişlər uşaqların Ramazan və Qurban bayramları günlərində gəzdirilməsini və ya yerli dildə deyildiyi kimi “idgərdəyi” qadağan edir.

Bu da bildirilir ki, müstəqil jurnalistlər Məclisi Millinin iclasına buraxılmadığından bu məsələlər ətrafında gedən debatlar ictimaiyyətə naməlum qalıb.

Ruhanilərin narazılığı

Bundan əvvəl bəzi sakinlər və ruhanilər idgərdəyə və “yad geyimə” dair düzəlişlərdən narazılıqlarını bildirmiş və onlara yenidən baxılmasına çağırmışdılar.

Amma iyunun 19-da Məclisi Millinin mətbuat katibi Navruz Kurbonzoda - Ozodiyə deyib ki, “bütün qanunlar müəyyən edilmiş qaydada” qəbul olunub.

Ozodi yazır ki, “Ənənə və mərasimlərin tənzimlənməsi” qanununa düzəlişlər parlamentin aşağı palatasında mayın 8-də qəbul edilib.

Bunun ardınca düzəlişlərin təfərrüatları “Sadoi mardum” parlament qəzetində dərc olunub.

Qəzetin yazdığına görə Tacikistanın din işləri üzrə komitəsinin rəhbəri Sulaymon Davlatzoda deputatlara deyib ki, “qanunun 9-cu maddəsinə rəsmi bayramlarla bağlı düzəlişlər uşaqların düzgün tərbiyəsi və onların Ramazan və Qurban bayramları günlərində təhlükəsizliyinin təmin olunması” məqsədilə qəbul edilib.

Şorkuh şəhərində məktəbli qızlar (Arxiv fotosu)
Şorkuh şəhərində məktəbli qızlar (Arxiv fotosu)

Əfqanıstanda hətta cihad elan ediblər

Bu da bildirilir ki, “yad geyimləri” qadağan edən düzəlişlər bu ilin martında Tacikistan prezidentinin ruhanilərlə görüşündən sonra təklif edilib.

Həmin görüşdə prezident Emomali Rahmon demişdi:

“Yad geyim mədəniyyətinin təqlid edilməsi və ya sətr (örtük-red) və hicabdan istifadə cəmiyyətimizdə aktual problem olaraq qalır. Geyim etiketinin və rituallarının yadlaşdırılması – mədəni yadlaşdırma millətin düşüncə, milli və mədəni özünəməxsusluğunun müstəqilliyini sarsıdır”.

Ozodi yazır ki, müsəlman alimləri liqası Tacikistanda hicabdan istifadəni qadağan edən qanun layihəsini pisləmiş, Əfqanıstandakı bəzi ekstremist ruhanilər isə hətta “cihad” elan etmişdilər.

Tacikistanda bu qanunun qəbulu ilə bağlı bəzi ruhani xadimlər, məmurlar, ali məktəb müəllimləri və blogerlər də mənfi münasibət bildirmişdilər. Bundan başqa qanun layihəsi sosial mediada qızğın müzakirələrə səbəb olub.

Qanuna düzəlişlər prezident tərəfindən imzalandıqdan və rəsmi mətbuatda dərc edildikdən sonra qüvvəyə minəcək.

“Şəxsi həyata müdaxilə edən milli qanun”

“Ənənə, bayram və mərasimlərin tənzimlənməsi haqqında” qanun ilk dəfə 2007-ci ildə prezidentin təklifi ilə qəbul olunub.

O vaxt məmurlar deyirdilər ki, qanundan məqsəd “vətəndaşların iqtisadi və maddi rifahının müdafiəsi və onların mədəni və hüquqi özünüdərkinin səviyyəsinin yüksəldilməsdir”.

İqtidar tərəfdarları qanunu dünya hüququ təcrübəsində misli olmayan “milli qanun” adlandırırdılar.

Tənqidçilər isə deyirlər ki, hakimiyyət bu qanunla “ad və soyadların seçimi, dəstərxan, masa və məzar abidələrinin ölçülərinin diktə olunması” da daxil, insanların şəxsi həyatına və ciblərinə müdaxilə edir.

XS
SM
MD
LG