Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:49

Tağı Əhmədov: 'Pulumu geri istəyirəm' [yenilənib]


Tağı Əhmədov
Tağı Əhmədov

«Bakı Metropoliteni»nin keçmiş rəisi Tağı Əhmədov iyunun 21-də MTN generalı Akif Çovdarovun məhkəməsində dindirilib. O, A.Çovdarovun ondan 3 milyon manat alması, qardaşı oğlu və daha bir qohumunun MTN-ə aparılıb döyülməsi haqda ifadə verib.

Çovdarov, eləcə də nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərin – polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun haqqında cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri və daha iki hakimi baxır. Amma məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

***Buna da bax-Çovdarovdan qalmaqallı açıqlama

Bir qayda olaraq, MTN-çilərin məhkəməsinə kənar adamlar, o cümlədən jurnalistlər buraxılmır. Bu səbəbdən də məhkəmədə olanlardan proses iştirakçıları vasitəsilə xəbər tuturuq.

T.Əhmədov özü məhkəmədəki ifadəsi haqda danışmaq istəməyib. Məhkəmə binasından çıxanda jurnalistlər ondan açıqlama almaq istəsələr də, metropolitenin sabiq rəisi sualları cavablandırmayıb.

Zərərçəkmişlərin AzadlıqRadiosuna bildirdiyinə görə, T.Əhmədov məhkəmədə Çovdarova verdiyini bildirdiyi pulu geri istəyib.

Akif Çovdarov
Akif Çovdarov

«BÜTÜN DÜNYA BİLİR Kİ, MƏCNUN NƏ İSTƏYİR»

Çovdarovun başqa bir MTN əməkdaşını göndərməklə onu şantaj etdiyini deyən T.Əhmədov bundan sonra sabiq nazir Eldar Mahmudova zəng etdiyini bildirib. Onun sözlərinə görə, nazir zənglərinə cavab verməyib:

«Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq. Amma buna baxmayaraq, zənglərimə cavab vermədi».

Bundan sonra T.Əhmədov dərdini nazirin, eyni zamanda əmisi oğlu olan köməkçisi Vüqar Mahmudova deməyə məcbur olub. Amma bunun da nəticəsi olmayıb. Deyir, qardaşı oğlu və daha bir qohumu aparıb MTN-də döyəndən sonra məcburiyyət qarşısında 3 milyonu Çovdarova verib.

***Buna da bax-'MTN işi': '8-ci km bazarı' qardaşlardan necə alınıb?

A.Çovdarovun vəkili T.Əhmədovdan tələbini soruşanda onun cavabı belə olub:

«Bütün dünya bilir ki, «Leyli və Məcnun»da Məcnun nə istəyir. İndi mən də burada nə istəyəcəm? Əlbəttə ki, verdiyim pulu».

T.Əhmədov deyib ki, A.Çovdarov ondan MTN üçün 10 ədəd «Geländewagen» markalı avtomobil də istəyib. Amma o, bu tələbi yerinə yetirməkdən imtina edib.

ÇOVDAROVUN İSTƏYİ TƏMİN OLUNMAYIB

Akif Çovdarov və vəkilləri Tağı Əhmədovun dindirməsindən narazı qalıb. Çovdarovun vəkili Sadiq Rəsulov AzadlıqRadiosu-na bildirib ki, Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası Tağı Əhmədovla bağlı məsələni, onun ifadələrindəki ziddiyyətləri, ittihamda bəhs olunan 3 milyonun mənbəyini araşdırmağa imkan vermədi.

Vəkilin sözlərinə görə, Tağı Əhmədovun məhkəmədə dedikləri ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər vardı. Ona görə də müdafiəçilər onun istintaqdakı ifadəsinin, ziddiyyətlərin elan olunmasını istəyib. Amma hakimlər razılaşmayıb. Ziddiyyətlərə aydınlıq gətirilmədən hakim Tağı Əhmədovun çıxıb getməsinə icazə verib.

Hərçənd, Akif Çovdarov hakimlərə müraciət edərək, o, ifadə verəndə də, Tağı Əhmədovun istintaqa ifadəsi elan olunanda da özünün məhkəmədə iştirakını istəyib. Deyib ki, özünün də Tağı Əhmədova sualları var. Amma MTN generalının istəyi nəzərə alınmayıb.

Buna da bax:​ Çovdarov Tağı Əhmədovdan 3 milyonu haradan aldığı ilə maraqlanıb

“O ÜÇ MİLYON HARDANDI?”

Tağı Əhmədov istintaqda Çovdarova verdiyini iddia etdiyi 3 milyonun mənbəyi haqda sualı cavablayarkən deyib ki, 44 illik əməkhaqqısı idi. Məhkəmədə pulun mənbəyi ilə bağlı Akif Çovdarovun vəkillərinin də ona çoxsaylı sualları olub.

"Biz pulun mənbəyi ilə bağlı iyirmiyə yaxın sual verdik. Amma hakimlər qətiyyən imkan vermədilər ki, bu məsələ araşdırılsın. Bilinmədi ki, Tağı Əhmədovda o üç milyon hardandı. Biz “Bakı Metropoliteni” QSC-dən sorğu əsasında Tağı Əhmədovun 2006-cı ildən vəzifədən azad olunan günə qədərki aylıq əməkhaqqısı haqda çıxarış almışıq. Oradan da görünür ki, illik 20, 22, 25 minlik gəliri olub. 2006-cı ildən sonrakı rəqəmləri nəzərə alaraq, onun ümumilikdə işlədiyi dövr üçün illik orta bir rəqəm götürüb hesablayanda heç cür 3 milyon eləmir. Üstəlik, əvvəlki illərdə metropoliten işçilərinin əməkhaqqısı daha aşağı olub. Bu baxımdan, absurd fikirdir ki, Tağı Əhmədov 3 milyonu 44 illik maaşı ilə toplayıb. Hələ mən Tağı Əhmədovun gündəlik xərclərini, toylara atdığı pulu, xəstələnəndə xərclədiyi vəsaitləri və s. çıxmıram", – vəkil Sadiq Rəsulov belə deyir.

Müdafiəçinin sözlərinə görə, hakimlərin bu məsələnin araşdırılmasına israrla imkan verməməsi də onları təəccübləndirib: "Biz bu məsələni araşdıranda sanki dəhşətli sual verirdik. Tağı Əhmədovdan da daha çox hakimlər kollegiyası elə əsəbi reaksiya verirdi ki, elə bil, onların pulunun mübahisəsini aparırıq".

Buna da bax:​ MTN işi: '1 milyona yaxın əmlakımız, pulumuz Çovdarova verilib'

“NECƏ İSTƏYİRDİ, ELƏ DƏ HƏRƏKƏT EDİRDİ”

Vəkil deyir ki, Tağı Əhmədovun dindirməsi açıq-aşkar prosessual qanunvericiliyin pozulması ilə keçdi: "Tağı Əhmədov bəzi suallara cavab vermədi. Baxmayaraq ki, oğlu da hakimdir, amma ona başa sala bilmədik ki, sən bu suallara cavab verməlisən. Hakimlər də ona bu vəzifəsini xatırlatmırdı. Tağı Əhmədov necə istəyirdi, elə də hərəkət edirdi".

Sadiq Rəsulov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Tağı Əhmədovun yazdığı SMS-dən də danışıb. Həmin mesaj MTN əməkdaşı Rəsul Rəsulova yazılıb. Tağı Əhmədov iddia edir ki, Akif Çovdarov onun yanına Rəsulovu göndərərək pul tələb edib: "İş materiallarında Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədovun Rəsul Rəsulova yazdığı SMS var. Yazır ki, "Çovdarova de, pulu qaytarsın, bu, birincinin göstərişidir". Biz məhkəmədə bu haqda sual verdik ki, “birinci” deyəndə kimi nəzərdə tutursuz? Dedi ki, özünü nəzərdə tutur. Belə çıxır ki, Tağı müəllim özünün özünə verdiyi göstərişi Rəsul Rəsulova çatdırırmış".

Buna da bax:​ Akif Çovdarov: 'Döymədim, başa saldım ki, pulu qaytarsın'

XATIRLATMA

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG