Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

Taleh Bağırovun adsız oğlu


Taleh Bağırov
Taleh Bağırov

İlahiyyatçının həyat yoldaşı apellyasiya məhkəməsinə müraciət edib

“Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun həbsindən sonra dünyaya gəlmiş oğlunun iki ay sonra 1 yaşı olacaq. Amma ilahiyyatçının həyat yoldaşı, hələ də övladının adını rəsmiləşdirə bilməyib.

Valideynlərinin "Əbülfəzlabbas" adı verdiyi uşaq 2016-cı il iyulun 25-də dünyaya gəlib. Amma Yasamal Rayon Qeydiyyat Şöbəsi uşağa bu adın verilməsinin mümkün olmadığını əsas gətirərək, doğum haqqında şəhadətnamə verməkdən imtina edib:

“Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun tövsiyə etdiyi adlar siyahısında "Əbülfəzlabbas" adı mövcud deyil. Göstərilənlərə əsasən, övladınıza "Əbülfəzlabbas" adının verilməsi mümkün deyil”.

Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Bundan sonra ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə məhkəməyə müraciət edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində bu iş üzrə proses təxminən üç ay davam edib. Sonda hakim Şərafət Məmmədova qeydiyyat şöbəsini haqlı çıxarıb və iddia rədd olunub.

Leyla İsmayılzadənin vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, martın 27-də çıxarılmış qərar onlara iki ay sonra – mayın 24-də verilib:

“Dəfələrlə hakimə müraciət etsəm də qətnaməni ala bilmirdim. Sonuncu dəfə mayın 23-də müraciət etdim, yenə də dedilər ki, guya çoxdan göndəriblər. Göndərilməsi haqda heç bir sübut da yox idi. Nəhayət, mayın 24-də ala bildik”.

Yalçın İmanov
Yalçın İmanov

Yalçın İmanov qərardan apellyasiya şikayəti verib. Vəkil deyir ki, Azərbaycan Konstitusiyası vətəndaşın şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda, Avropa Konvensiyası da şəxsi və ailə həyatına sayqı nəzərdə tutur:

“Eyni zamanda, Ailə Məcəlləsinə görə, də uşağa ad məhz valideynlərinin razılığı ilə verilir”.

İlahiyyatçının həyat yoldaşı da məhkəmə qərarının qanunsuz və əsassız olduğunu söyləyir:

“Dövlətin müəyyənləşdirdiyi qaydalara görə, uşağın mənafeyinə xələl gətirə bilən, cinsinə uyğun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir. Bizim uşağa verdiyimiz ad isə bu kateqoriyaya aid edilə bilməz”.

Xatırlatma

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 90-a yaxın göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Foto arxiv
Foto arxiv

Taleh Bağırova isə 20 il həbs cəzası verilib. O, ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. İlahiyyatçının sözlərinə görə, həbs olunarkən və ondan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.

Taleh Bağırov və onunla birlikdə mühakimə olunan daha 17 nəfər hökmdən apellyasiya şikayəti verib. Şikayətə iyulun 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə “Nardaran işi”ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri məhkəmədə təkzib ediblər.

XS
SM
MD
LG