Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:51

'İşğalın 100 ili'. 3 tarixçiyə 5 sual (Cəmil Həsənli)


XI Qırmızı Ordu Bakıda - 1920-ci il
XI Qırmızı Ordu Bakıda - 1920-ci il

AzadlıqRadiosunun arxivindən (2020). Aprelin 28-də (əslində, 27-də) rus-bolşevik qoşunlarının Azərbaycan Cümhuriyyətini işğal etdiyi günün 100-cü ili tamam olur. AzadlıqRadiosunun "İZ" proqramı o dönəmin 3 tanınmış araşdırıcısına - Cəmil Həsənliyə, Solmaz Tohidiyə və Aydın Balayevə üz tutaraq bu işğal olayını dəyərləndirmələrini xahiş edib. "3 tarixçiyə 5 sual" adlanan müsahibə 3 bölümdə diqqətinizə yetiriləcək və hər bölümdə bir tarixçinin cavabları əksini tapacaq.

C.Həsənli
C.Həsənli

"İşğalın 100 ili". 1-ci müsahibə

Cəmil Həsənli: "Məktub Moskvaya çatmazdan 35 gün öncə Azərbaycanın işğalı başa çatdırılmışdı".

- M.Ə. Rəsulzadənin diliylə deyilsə, "böyük faciə"nin - bolşevik işğalının 100 illiyi gəlir. Sizcə, bu qanlı tarix niyə unudulmamalıdır?

- 1964-cü ildə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin 150 illiyi Bakıda təntənəli bayram kimi qeyd ediləndə, SSRİ Yazıçılar İttifaqının Azərbaycan ədəbiyyatı üzrə məsul nümayəndəsi, Rusiya nümayəndə heyətinin tərkibində həmin tədbirə qatılan yazıçı Vitali Vasilevski azərbaycanlı həmkarlarına dedi ki, deyilənlər cəfəngiyatdır, bu, işğaldır və qəribə xalqsınız, işğal olunduğunuz günü bayram kimi qeyd edirsiniz. Kim tərəfindən, nə zaman, hansı şəraitdə baş verməsindən və nəticələrindən asılı olmayaraq, işğal işğaldır və işğala məruz qalmış xalqın yaddaşında belə də qalmalıdır.

- Sizcə, "28 Aprel olmaya bilərdimi" sualının cavabı doğruları üzə çıxarmaq baxımından nə dərəcədə önəmlidir?

-28 Aprel işğalı yerli hadisə deyildi, yaxşı və ya pis idarəçiliklə elə bir əlaqəsi yox idi. Bu, əvvəlcədən hazırlanan xarici müdaxilə və işğal faktı idi. 1920-ci ilin mart ayında Sovet Rusiyasının Xarici İşlər komissarı Georgi Çiçerin Leninə yazırdı ki, "Azərbaycana qarşı güc tətbiq edilməsi beynəlxalq aləmdə dostlarımızı bizə qarşı qaldırar". Britaniya Leyborist Partiyasının liderlərindən biri, "The Daily Herald" qəzetinin redaktoru Corc Lansberi və onun kimilər kiçik Azərbaycan xalqından vəcdə gəlmişlər. Britaniya parlamentinin Liberal Partiyasından olan üzvü Cozef Kenvorsi "bizim əziz dostumuz kiçik, azad Azərbaycan" haqqında ilhamlı məqalələr yazır: "Onlara dəlil verməməliyik ki, bizi imperialist hesab etsinlər". Amma, məlum olduğu kimi, dəlilsiz keçinmək mümkün olmadı. 1917-ci ildə Rusiya imperiyasının dağılması da, 1920-1921-ci ildə köhnə hüdudlarda bərpası da ümumdünya hadisəsi idi. Dünya qalib Antantanın məğlub üzvü olan Rusiyanın dağılmasına hazır deyildi. Ona görə də, Birinci Dünya müharibəsinin qalibləri öz keçmiş müttəfiqləri Rusiyanın 1914-cü il hüdudlarında bərpasına təbii baxırdılar və 28 Aprel də bu zəncirin ilk həlqəsi idi.

- Azərbaycanın işğalına ovaxtlar hələ Atatürk adlandırılmayan Mustafa Kamal Paşanın xeyir-dua verməsi barədə iddialar nə dərəcədə düzdür? Belə bir xeyir-duaya rusların nə ehtiyacı vardı?

- Mustafa Kamal Paşanın 1920-ci ilin aprel ayının 26-da Türkiyə Böyük Millət Məclisinin adından Sovet hökumətinə ünvanlanmış məktubu var və mən Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində o məktubu gözlərimlə görmüşəm, surətini də çıxarmışam. Amma bu məktubdan sui-istifadə edənlər də var. Məktub Novorossiysk vasitəsilə Moskvaya yola salınmış və yalnız 1920-ci ilin iyunun 3-də Moskvaya çatmışdı. Orada deyilirdi: "Birincisi. Biz öz üzərimizə öhdəlik qəbul edirik ki, imperialist hökumətləri ilə mübarizə aparan və bütün məzlumları onların əsarətindən azad etmək vəzifəsini qarşısına məqsəd qoyan rus bolşevikləri ilə bütün fəaliyyətimizi və bütün hərbi əməliyyatlarımızı birləşdirək.


İkincisi. Əgər sovet qüvvələri Gürcüstan əleyhinə hərbi əməliyyat başlamağı nəzərdə tutursa və yaxud diplomatik yolla, öz təsiri vasitəsi ilə Gürcüstanı ittifaqa girməyə məcbur edə bilsə, habelə, ingilislərin Qafqaz ərazisindən qovulmasını təmin edə bilərsə, Türkiyə hökuməti imperialist Ermənistan əleyhinə hərbi əməliyyata başlamağı mümkün sayır və bundan əlavə təminat verir ki, Azərbaycan Respublikasını sovet dövlətləri dairəsinə girməyə məcbur edə biləcəkdir. Üçüncüsü, ölkəmizi işğal edən imperialist qüvvələri ölkəmizdən qovmaq və imperializmə qarşı başlanan ümumi mübarizəmizi davam etdirmək məqsədi ilə ölkə daxilində qüvvələrimizi artırmaq üçün Sovetlər Birliyinin əvvəlcə beş milyon qızıl lirə verməsini, danışıqlarda müəyyən ediləcək miqdarda silah, hərbi sursat və bunlardan əlavə, hərbi texnika üçün tikinti materialları və tibbi sarğı ləvazimatları, eyni zamanda, Sovet hökumətinin tələbinə uyğun olaraq, şərqdə hərəkətə keçəcək ordumuz üçün qida maddələri ilə təmin edilməsini Sovet Rusiyasından xahiş edirik".

Göründüyü kimi, Azərbaycanın işğalına münasibətdə bu məktubun hansı bir əməli "əhəmiyyəti" olmadı. Məktub Moskvaya çatmazdan 35 gün öncə Azərbaycanın işğalı başa çatdırılmışdı.

- "Qara qızıl və ağ pambıq!.. Bax bu üzdən sovetləşdirilib Azərbaycan!". Bu sözləri Mirzə Bala Məmmədzadə işğaldan bir müddət sonra söyləyib. Yəni, doğrudanmı qara və ağ qızıl olmasaydı, işğala ehtiyac qalmazdı?

- Ölkənin taleyindəki 28 Aprelin qara ləkəsi daha çox "qara qızıl"la bağlı idi. Azərbaycanın köhnə sosialistlərindən olan Səmədağa Ağamalıoğlu deyirdi ki, "Azərbaycanın alın yazısını torpağın üstü deyil, altı təyin edir. Bu neft burada dayandıqca biz ona deyil, o bizə ağalıq edəcək. Çıxan neftdən bizim payımız bir idarə lampasını doldurmaq qədərdir. Amma bütün Rusiyada həyat bu neftə görə tənzimlənib. Nə çarə ki iki məmləkətin taleyini bu qara çamur bir-birinə yapışdırmışdır! Ona görə də bizim üçün torpaq məsələsi yoxdur, neft məsələsi vardır". Ola bilsin ki, Rusiya iqtisadiyyatını və bütövlükdə həyatını bərpa etmək üçün neftə ehtiyac olmasaydı, Azərbaycan birinci işğal edilməyəcəkdi, amma köhnə Rusiya imperiyasının ərazisi kimi nəticə etibarı ilə Cənubi Qafqazdakı qonşuları ilə birlikdə işğal ediləcəkdi.

- Bir əsr öncənin hansı ibrət dərsləri var, Sizcə?

-Sovetləşmə Azərbaycanın torpaq itkiləri ilə başlandı. Aprel işğalının hələ ilk günlərində respublikanın əraziləri Cənubi Qafqazda Sovet siyasətinin başlıca vasitəsinə çevrildi. Birinci olaraq Sovet Rusiyasının ağuşuna atılan Azərbaycan yalnız müstəqilliyini deyil, ərazilərini də itirməyə başladı. Azərbaycan Cümhuriyyəti dövründə mübahisəsiz olaraq, respublikaya məxsus olan torpaqlar, sahibsiz ərazilər kimi qonşu dövlətlərə "hədiyyə" edilir, mübahisə obyektinə çevrilir və sözün tam mənasında, hərraca qoyulurdu. Sovet Rusiyasının Cənubi Qafqazda menşevik Gürcüstanı və daşnak Ermənistanı ilə "dostluq" siyasəti bütövlükdə Sovet Azərbaycanın torpaqlarının peşkəş edilməsi üzərində qurulmuşdu. Nəriman Nərimanovun etirafına görə, "həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik, Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının ağuşuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirmişdir". Son 30 ildə Azərbaycan ərazilərinin işğalı sovetləşmənin ilk illərində işğalçı bolşeviklərin 1921-1923-cü illərdə Azərbaycan dövlətçiliyinin altına qoyduqları "gec partlayan mina"nın – ölkənin ərazisində Dağlıq Qarabağ muxtariyyəti yaradılmasının müasir fəsadları və ya tarixi dərsləridir.

Washington, DC.

22 aprel 2020-ci il

XS
SM
MD
LG