Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:22

‘Tərtər işi’ndə polkovnikin ölümü: ‘Saleh Qafarovun ağzını Cümşüdov cırdı...’


İllüstrativ foto
İllüstrativ foto

6 il öncə dövlətə xəyanət ittihamıyla həbs edilib 20 il azadlıqdan məhrum edilən, 5 il 7 aydan sonra bəraət hökmüylə buraxılan leytenant Atabəy Rəhimov indi zərərçəkmiş kimi məhkəmədə ifadə verir.

O, 2017-ci ilin may-iyun aylarında Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə ittiham olunan dörd nəfərin məhkəməsində dindirilib.

Məhkəmə qarşısına çıxarılanlar həmin dövrdə Tərtərdə hərbi hissənin komandiri olmuş, polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil QarayevRüstəm Ələsgərovdur.

Rəhimov deyir ki, onu tabeliyində olan əsgərləri ermənilərin yanına aparmaqda, onların zorlanmasına göz yummaqda ittiham edirlər. Halbuki, belə bir hadisə olmamışdı. Onun sözlərinə görə, özüylə yanaşı, əsgərlərə də işgəncə verib, əleyhinə ifadə almışdılar:

“Üzümə 5 əsgər qoydular. Deyirdilər ki, komandir, işgəncələrə dözə bilmirdik, yaşamaq üçün o ifadələri verməyə məcbur olduq...”

Zopa ilə döyülməkdən tutmuş, suda boğulma, dırnaqlarının çəkilməsinə qədər müxtəlif formada işgəncələrə məruz qaldığını deyən Rəhimov həm də Hərbi Prokurorluqdan şikayətçidir. Onun sözlərinə görə, işgəncələrdə Hərbi Prokurorluğun müstəntiqləri də birbaşa iştirak edirdi.

“Müstəntiq Ülvi Əhmədov üstümə çıxıb təpikləyirdi məni. O biri müstəntiqlər Vətən Əliyev, Elməddin Musayev, Xanlar Babayev... Onların hamısının gözünün qarşısında olub baş verənlər. Hərbi Prokurorun müavini Şəfahət İmranov stolun üstündə tum çırtlaya-çırtlaya işgəncələrlə bağlı göstərişlər verirdi”, – Rəhimovun məhkəmədə dedikləridir.

O, həmin dövrdə korpus komandiri olan general Hikmət Həsənovun da işgəncələrdə şəxsən iştirak etdiyini vurğulayıb.

“İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər”

2017-ci ilin mayında manqa komandiri olmuş Ramin İsayev də bu məhkəmədə zərərçəkən kimi tanınan 192 nəfərdən biridir. O deyir ki, işgəncə nəticəsində komaya düşmüşdü, qabırğası, çiyin nahiyəsi sınmışdı.

İsayev həmin hadisələr nəticəsində həyatını itirən polkovnik Saleh Qafarov, hərbi qulluqçular Mehman Hüseynov, Elxan Ağazadənin ölümündən də danışıb:

“Saleh Qafarovun ağzını Cümşüdov (İsayev Cümşüdovun adını, vəzifəsini deməyib – red.) cırdı. Onu, Mehman Hüseynovu, Elxan Ağazadəni döyüb ölümcül elədilər, sonra da tulladılar ikinci mərtəbədən aşağı. İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər...”

Ölümlərlə əlaqədar təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərova CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə ittiham verilib. Lakin o, bu ittihamları qəbul etmir, ümumiyyətlə, işgəncələrdə iştirak etmədiyini deyir. Onun sözlərinə görə, sadəcə, işgəncələr baş verən binanın mühafizəçilərindən biri olub.

Lakin İsayev deyir ki, onu ikinci mərtəbədə vedrə ilə su daşıyarkən görüb. Onun sözlərinə görə, həmin sulardan işgəncəyə məruz qalanları çəlləkdə boğmaq üçün istifadə olunurdu.

Lakin təqsirləndirilən Ələsgərov deyilənləri inkar edib.

'Tərtər işi'ndə oğlu bəraət alan ananın mübarizəsi: 'İnsanların başının əzilib öldürülməsi nə deməkdir?!'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

Vəzifəli şəxslər dindiriləcəkmi?

Tərtərdə işgəncələr nəticəsində ölən hərbi qulluqçulardan biri Elçin Quliyevin anası Validə Əhmədova da bu məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində iştirak edir.

O, vəsatət qaldırıb ki, indiyə qədər dindirilən zərərçəkənlərin ifadələrində adları çəkilən vəzifəli şəxslər məhkəməyə çağrılıb dindirilsin.

Vəsatətdə Hərbi prokuror Xanlar Vəliyev, keçmiş korpus komandiri, general Hikmət Həsənov, o dövrdə hərbi hissə komandiri olmuş Teymur Məmmədov, Firdovsi Bəyov və başqalarının adları vardı.

Bu vəsatət baxılmamış saxlanılıb. Hakim bildirib ki, vəsatətdə adları sadalanan şəxslərin bir qisminin adı şahidlər siyahısında var və məhkəməyə çağrılacaq. Digərlərinə gəlincə, əsas şahidlər dindiriləndən sonra əlavə şahidlərlə bağlı məsələyə baxıla bilər.

Tərtər işində adı hallanan yüksək vəzifəlilərdən heç biri indiyədək ittihamlara münasibət bildirməyib.

İşdən uzaqlaşdırılıblar

Məhkəmədə dindirilən zərərçəkənlərin dediklərindən o da məlum olur ki, işgəncəyə məruz qaldığı iddia olunan şəxslərin əksəriyyəti sonradan orduya yararsız hesab edilərək, işdən uzaqlaşdırılıb. Onlardan biri də zərərçəkmiş Məmməd İsmayılovdur. Onun sözlərinə görə, işgəncələrdən sonra onu sərəncama göndəriblər. 2018-ci ilin avqustuna qədər sərəncamda qalıb. O dövrdə işinə qayıtmaq istəsə də, cəhdləri nəticə verməyib: “Onda çalışdım ki, heç olmasa, iş zamanı xəsarət almağım haqda arayış əldə edim. Müdafiə Nazirliyinə yaxın buraxmırdılar. Babək Səmidli (polkovnik Səmidli 2020-ci ilin noyabrda minaya düşərək həlak olub) də neçə dəfə söz verdi, yerinə yetirmədi...”

İsmayılov bundan öncə işgəncə verməyə görə həbs olunan Sənan Maşıyev və digərlərinin işində də zərərçəkmiş qismində tanınıb. Onun sözlərinə görə, istədiyi arayışı bir şərtlə verməyə razılaşıblar ki, bu işdə şikayətçi olmasın:

“Teymur Məmmədov dedi ki, sənə arayış verərik, amma sən də bizim istədiyimizi verəcəksən. Onda Sənan Maşıyev, Fuad Ağayevgilin məhkəməsi gedirdi. Ərizəyə qol çəkməliydim ki, mənə dəyən maddi və mənəvi ziyan tam ödənilib, düzdür, məni döyüblər bu adamlar, amma 22 nəfər vətən xainlərini ortaya çıxarıblar, ona görə şikayətim yoxdur. Dedim, gedib evdə məsləhətləşim, sonra. O ərizəni vermədim, onlar da arayış vermədilər...”

Məhkəmədə o da məlum olub ki, zərərçəkənlərin hamısına məhkəməyə çağırış göndərilsə də, onların bir qismi gəlmir. Bu üzdən onların haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi mayın 10-da davam edəcək.

Xatırlatma

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.

“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG