Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:33

İşsiz tibb bacıları. 'Pandemiya vaxtı qazancımız yaxşı idi'


Təyinatı dəyişdirilən xəstəxanada həkim tapılmır
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00

Təyinatı dəyişdirilən xəstəxanada həkim tapılmır (2022)

"Azərbaycan Tibb Universitetindən ilk dəfə gələn il (2024-cü il) 30-dan çox tibb bacısı məzun olacaq və iş axtarmağa başlayacaq. Yəqin ki, tapa bilməyəcək. Beş ildir kollec bitirən, tibb bacısı olan mən də iş tapa bilmirəm. Dövlət bu qədər tibb bacısının yetişməsinə pul ayırır, amma sonra onların iş ilə təmin edilməsi mümkün olmur", - bunu AzadlıqRadiosuna iş axtaran onlarla tibb bacısından biri – Aytən Abbasova deyir.

Dövlət Statistika Komitəsi 2023-cü ilin əvvəlinə ölkədə 38 min 479 tibb bacısı olduğunu açıqlayıb. Buraya yalnız dövlət tibb müəssisələrində çalışanlar daxildir, özəl xəstəxanalarda işləyənlərin dəqiq statistikası yoxdur. Bununla paralel, hər il yüzlərlə tibb bacısı orta-ixtisas təhsili müəssisələrindən məzun olur və onların sayı hər ötən il artır. Məsələn, 2021-ci ildə 794 nəfər məzun olmuşdusa, bu rəqəm 2022-ci ildə 909-a bərabər idi. 2020-ci ildən ölkədə ali tibb təhsili verən tək universitet də tibb bacısı ixtisasını yaratdı. Tibb Universitetində bu ixtisas üzrə 100-ə yaxın tələbə təhsil alır. Bundan savayı, universitet və kolleclərlə yanaşı, ölkənin müxtəlif bölgələrində tibb bacısı ixtisası bilgiləri öyrətməyi hədəfləyən 50-200 manatlıq kurslar mövcuddur.

Dörd il təhsil al, sonra...

A.Abbasova düşünür ki, ölkədə tibb bacılarının sayı artdıqca bu sahədə işsizlik problemi dərinləşir, özü kimi yüzlərlə gənc işsiz qalır. O, məzun olduqdan sonra iş üçün bir sıra tibb ocağına CV (iş ərizəsi) göndərib, amma heç birindən cavab almayıb.

"Dövlət xəstəxanaları kurs keçənləri götürmürdü. Amma özəl klinikaların bəzilərində üç aya tibb bacısı olanlar işə götürülürdü, biz qalırdıq kənarda. Yalnız qohum-qonşu işinə yarayıb, ayda bir dəfə iki sistem köçürüb üç-beş manata möhtac idim", - Abbasova gileylənir.

Abbasova 24 keçmiş qrup yoldaşından 17-sinin də işsiz olduğunu deyir, hər il yüzlərlə tibb bacısı yetişdirməyə xərc çəkən dövlətin onları işlə təmin etməsini vacib sayır.

Təcili lazim olanda, 2 saata gəlib çıxan yardım
Gözlə

No media source currently available

0:00 0:06:13 0:00

Aya 400 manatadək maaş

Gülay Orucova isə əvvəlcə 200 manatından keçib tibb bacısı kursunu bitirib, sonra bu sahə üzrə orta ixtisas təhsili alıb. Bir il özəl klinikada işləyən Orucova ixtisara düşüb. O, üç ildir ki iş tapa bilmədiyini dilə gətirir.

"Koronavirus pandemiyası dönəmində qazancımız yaxşı idi, işimiz riskli olsa da, gəlirimiz olurdu. Həmin dövrdə altı aya kimi dövlət xəstəxanasında çalışıb maaş ilə yanaşı əlavələr də alırdım. Yoluxmalar azaldıqca gəlirimiz də azaldı və, nəhayət, maaş 370 manat oldu. Az idi, amma dolanırdım. Sonra "tibb bacısı çoxdur" dedilər, bəzilərimiz işdən çıxarıldıq. Digər özəl tibb müəssisəsindən məsafəyə görə ayrılmalı oldum, çünki maaşım yollara gedirdi. Bir il yaxınlıqda özəl klinikada çalışdım, orda da ixtisar...", - deyən Orucova yenə iş axtarışındadır, ilsonuna kimi iş tapa bilməsə, fərqli ixtisasda özünü sınamaq niyyətindədir. O, əksər sahələrdə olduğu kimi, tibb bacısı maaşının da bugünkü qiymətlərlə ayaqlaşmadığını deyir.

Hazırda dövlət tibb müəssisələrində tibb bacılarının maaş aralığı, əsasən, belədir:

- Baş tibb bacısı - minimum 398, maksimum 560 manat.

- Böyük tibb bacısı - minimum 383, maksimum 497 manat

- Tibb bacısı - 383-441 manat arası

- Çağırış üzrə tibb bacısı - minimum 353, maksimum 458 manat

- Xəstələrə qulluq edən kiçik tibb bacısı - 338-389 manat aralığı

Əmək stajı tələbi olmadan tibb bacı/qardaşları 406 manata kimi maaş alır, xəstəxanalarda maaş aralığı isə tibb bacıları üçün 300-400 manat arası dəyişir. Bu əmək haqlarını Səhiyyə Nazirliyi təklif edir, əlavələr, yaxud dəyişikliklər də istisna edilmir.

Bölgə xəstəxanalarında iş yeri var, həkim yox
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Tibb qardaşları da gileylidir

Tibb bacıları ilə müqayisədə sayları nisbətən az tibb qardaşları da iş tapa bilmədiklərini deyirlər. Rauf Xəlilli Masallıda işləyəndə qohum-əqrəba, tanışlarının dadına qaçıb, aya 100-150 manata kimi qazanırmış. Bakıya köçüncə gəlirinin artacağına ümidli imiş, amma əksi baş verib. Şəhərdə kollec, kurs bitirən həmkarlarının çoxluğu onun gəlirinə təsir edib: "Oğlanlar tibb kursları keçsə də, psixoloji cəhətdən tibb bacısı/qardaşı kimi çalışmağa həmişə hazır olmurlar. Əsasən, təcili yardım maşınlarında işləmək olur bizimki. Son vaxtlar burada boş vakansiya yoxdur".

Digər tərəfdən, bəzi tibb bacıları çalışdıqları müəssisələrdə kadr çatışmazlığına baxmayaraq, rəhbərliyin vakansiya elan etmədiyini deyirlər. Bunu 15 ildir dövlət xəstəxanalarında tibb bacısı işləyən T.A. söyləyir: "Xüsusən də, virusların çox yayıldığı zamanlar, eləcə də qış aylarında tibb bacısı azlığı özünü göstərir, biz deyəndə isə yola verirlər".

"Hər yeni məzun yeni işsiz deməkdir"

Tibb sahəsi üzrə ixtisaslaşan Sevinc Məmmədova dövlət sifarişi ilə təhsil alanlar başda olmaqla məzunların iş ilə təminatını vacib sayır. Mütəxəssisin fikrincə, tədricən tibb kolleclərində tibb bacısı ixtisası yığışdırılaraq ali təhsilli tibb işçiləri ilə əvəzlənəcək, çünki ali təhsilli tibb bacıları hətta ucqar yerlərdə həkim olmadıqda xəstəyə tibbi yardım edəcək savada malik olmalıdır: "Orta ixtisas təhsili alanları da tövsiyə edirik ki, kollec sənədi ilə ali təhsil üçün müraciət etsinlər. İşsiz tibb bacılarının artmasını da nəzərə alaraq bir müddət kolleclərə qəbul dayandırıla, yaxud yer az ayrıla bilər. Çünki hər yeni məzun yeni işsiz deməkdir".

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2022-ci ildə abituriyentlərə tibb bacısı ixtisasını da qeyd etməyi məsləhət görürdü. O deyirdi ki, ali təhsilli tibb bacılarına böyük ehtiyac var, bir-iki ildən sonra həmin şəxslər daha tez iş tapacaqlar, nəinki tibb ixtisasını bitirənlər:

S.Məmmədova tibb bacılarının işsizlik probleminin həlli üçün xəstəxanalarda əlavə ştatlar açmağı, məktəblərdə tibbi xidmətin təşkilini yaxşılaşdırmağı, tibb bacılarını orada işə cəlbini təklif edir. Daha bir təklif əmək haqlarını artırmaqla tibb bacı/qardaşlarını bölgələrdə işləməyə cəlb etməkdir.

Dağ kəndində işləməyə həkim tapılmır
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Xaricə getmək...

A.Abbasova kimi iş tapa bilməyən bəzi tibb bacıları isə çıxış yolunu digər ölkələrə getməkdə görürlər. Axı, Azərbaycanın qonşularında tibb bacılarının əməkhaqqı və iş imkanları daha yüksəkdir.

Məsələn, Türkiyədə 2023-cü ilin ilk altı ayı ərzində digər dövlət qulluqçuları ilə yanaşı, tibb bacılarının da maaşları 30 faiz artırılıb. Buna uyğun olaraq, bakalavr dərəcəsi olan tibb bacısının maaşı 13 min 115 TL (769 manata) yüksəlib. Tibb bacısının maaşları əməkhaqqı dərəcəsindən, işlədikləri bölmədən və təhsil səviyyəsindən asılı olaraq dəyişir. Tibb bacısı evlidirsə və ya uşaqları varsa, maaşlara əlavə müavinət verilir.

Gürcüstanda bu il edilən artımla tibb bacıları ortalama 792 lari (505 manat) alır və bu məbləğin növbəti il artacağı bildirilir. Ermənistanda da məbləğ oxşardır – 120 min ADM ( 507 manat).

Avropa ölkələrində, Amerikada isə tibb bacısı/qardaşının maaşı daha yüksəkdir.

Di gəl, azərbaycanlı tibb bacısının xaricdə işləməsi üçün diplomu tanınmalıdır. Xaricdə işləmək istəyən tibb bacısı ilk növbədə dil təhsili almalıdır. Ünsiyyət dilini öyrənməkdən əlavə, gündəlik iş terminlərinin xarici dildəki qarşılığını mənimsəməlidir. Bu, bir sıra ölkələrdə qoyulan tələblərdəndir.

XS
SM
MD
LG