Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Tofiq Yaqublu: 'Üzümə duran bu adamın oğlu İsrailin xüsusi xidmət orqanlarında işləyir'


Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu iddia edir ki, onun əleyhinə ifadə verərək, həbsinin səbəbkarlarından olan Elşən Hüseynovun oğlu İsrailin xüsusi xidmət orqanlarında çalışır.

Siyasi fəal məhkəmədə bu iddia ilə bağlı fotolar da nümayiş etdirib. Fotolarda İsrail prezidentinin Cəlal Hüseynovu təltif etməsi, onun anasıyla görüşməsi əksini tapıb.

Yaqublu avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində, öz işi üzrə keçirilən məhkəmə iclasında bu barədə danışıb.

Elşən Hüseynov T. Yaqublunun işində zərərçəkmiş qismində tanınıb. O iddia edir ki, səhhətində ciddi problemlər var, bununla bağlı Almaniyaya getmək istədiyindən, Elnur Məmmədov vasitəsilə T. Yaqubluya 25 min avro və 10 min manat verib. Yaqublu bu pula onu Almaniyaya göndərməli, orada vətəndaşlıq almasını təmin etməliymiş.

T. Yaqublu ittihamı rədd edərək, istər E.Məmmədovun, istərsə E.Hüseynovun hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu, kimlərisə həbs etmək lazım gələndə, onlardan istifadə edildiyini deyir.

Ötən məhkəmə iclaslarından birində zərərçəkmiş Hüseynov demişdi ki, müalicəyə görə 3 ölkəyə - İsrailə, Almaniyaya və Belarusa gedə bilərdi. O, Almaniyaya getməyə qərar verib. Suallara cavabında da demişdi ki, İsraildə olmayıb, orada da heç kimi yoxdur.

“Oğlu orada ola-ola, niyə müalicə üçün İsrailə getmir”

“Deyirdi ki, İsraildə heç kimi yoxdur, orada olmayıb, amma mənim üzümə duran bu adamın oğlu Cəlal Əliyev İsrailin xüsusi xidmət orqanlarında işləyir. Oğlu orada ola-ola, niyə müalicə üçün İsrailə getmir, amma mənə 25 min avro, 10 min manat pul verirdi?”, - T. Yaqublunun sözləridir.

Onun vəkili Aqil Layıc da vurğulayıb ki, bu faktın özü zərərçəkmiş qismində tanınan E. Hüseynovun yalan danışdığını sübut edir və beləcə, T. Yaqubluya qarşı ittiham da darmadağın olur.

E. Hüseynov özü heç vaxt İsraildə olmadığını desə də, bir qədər sonra məhkəmədə şahid kimi dindirilən həyat yoldaşı Sədaqət Hüseynova fərqli danışıb. O, E. Hüseynovun ikinci arvadı olduğunu deyərək, onun əvvəlki nikahdan iki oğlu olduğunu diqqətə çatdırıb. Üstəlik, E. Hüseynovun özünün də İsrailə getdiyini söyləyib.

“Xəstəliyi varsa və İsrailə də gedibsə, bəs niyə orada müalicə olunmayıb” sualını S. Hüseynova belə cavablayıb: “Görünür, müalicə vaxtı baxıma ehtiyac var, mən də yanında ola bilməyəcəkdim, ona görə...”.

Hüseynov məhkəmədə iddia edirdi ki, 25 min avro özünün vardı, qalan 10 min manatı da dostu Amil Dadaşovdan sələmlə alaraq, iki ay sonra qaytarıb.

“Bir dəfə məni tururdular...”

A. Dadaşovsa avqustun 23-dəki məhkəmədə deyib ki, dost idilər, pulu ona borc kimi vermişdi:

“Bir dəfə məni tuturdular, Elşən maşınını satıb, məni çıxartdı. Mən indi ona necə pul verməyəydim?”

A. Dadaşov sualların çoxunu “yadımda deyil” şəklində cavablandırdığından, siyasətçinin vəkili onun yaddaş pozuntusundan əziyyət çəkməsi, anlaqlı olub-olmaması məsələsinin araşdırılması haqqında vəsatət verib.

T. Yaqublunun işi üzrə məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.

Ötən ilin fevralında bir çox media orqanında Cəlal Elşən oğlu Hüseynovla bağlı məlumat yayımlanmışdı. Bildirilirdi ki, İsraildə prezident sarayının mühafizəsini həyata keçirən C. Hüseynov saraya hücum etmək istəyən terror qrupunu zərərsizləşdirib. İsrail prezidenti, onun mükafatlandırma mərasiminə anası Nüşabə Əliyevanı da dəvət edib.

Xatırlatma

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəalın ittiham olunduğu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T. Yaqublu daha öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbs edilmişdi. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyərək, deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG