Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

Daxili turistlərin ən çox getdiyi rayonlar


Şəkidə turizm çöküb... 'Evimizi turistlərə kirayə verib dolanırdıq'
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Şəkidə turizm çöküb... 'Evimizi turistlərə kirayə verib dolanırdıq'

Ölkə daxilində səfər sayı dörd dəfədən çox azalıb

Pandemiya ucbatından artıq bir ildən çoxdur ki, dünyanın hər yerində səyahət məhdudiyyətləri var. Bu məhdudiyyətlər xarici ölkələrə səfər etmək istəyən turistlərin sayına ciddi təsir göstərir. Məntiqə görə, belə olan halda daxili turizm imkanlarına maraq yüksəlməlidir. Düzdür, nəzərə almaq lazımdır ki, pandemiya dövründə əksər ölkələrdə ölkədaxili səyahətlərə də ciddi məhdudiyyətlər vardı. Bütün hallarda xarici ölkələrlə quru sərhədlərinin bağlı, bilet qiymətlərinin baha olması, əlavə testlərin tələb edilməsi kimi amillər daxili turizmə yeni fürsətlər yaradır. Karantin rejimi yumşaldılarkən, Azərbaycanda da daxili səyahətlərə icazə verilmişdi. Azərbaycanda daxili turizmlə bağlı ötənilki göstəricilər durumu bəlli ölçüdə dəyərləndirmək imkanı verir.

Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, ötən il daxili turizm səfərlərinə çıxan şəxslərin sayı üç dəfədən çox azalıb. 2019-cu ildə 4 milyon 353 min şəxs ölkə daxilində səfərə çıxmışdısa, 2020-ci ildə həmin say 1 milyon 269 min nəfərə enib. Səfər edənlərin sayca azalması daxili turizmin dövriyyəsini də aşağı salıb. Ötən il ölkədə daxili turizm məqsədilə çəkilən xərclərin həcmi 813 milyon manat civarındadır. 2019-cu ildə bu məbləğ dörd dəfə çox – 3 milyard 482 milyon manat olub. Bu, karantin rejiminin Azərbaycanda daxili turizm üçün təxminən 2.5 milyard manatlıq itki doğurması deməkdir. Ötən il daxili turizmdə xərclənən 813 milyon manatın 207 milyon manatı (25 faizi) mal və hədiyyələrin alınmasına, 163 milyon manatı (20 faizi) qidalanmaya, 146 milyon manatı (18 faizi) nəqliyyat vasitələrinə, daha 106 milyon manatı (13 faizi) yerləşməyə sərf edilib.

Post-pandemiya dövrü İsmayıllıda kiçik ticarət köşkləri canlanıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Ölkədaxili səfərə çıxanların səfər və gecələmə sayındakı azalma daha böyük miqyasdadır. Məsələn, 2019-cu ildə turizm məqsədilə ölkə daxilində 23 milyon 247 min səfər gerçəkləşdirilib. 2020-ci ildə həmin göstərici cəmi 5 milyon 426 min manata enib. Bu, bir il ərzində ölkədaxili səfər sayının 4.3 dəfə azalması deməkdir. Ölkə daxilində səfərlərə çıxanların gecələmələrinin sayına gəlincə, bu rəqəm bir il ərzində 117 milyondan 24 milyon manata enib, yəni, az qala, beş dəfə azalıb.

Ölkədaxili səfərə çıxanlar ən çox qohum və dost evlərində qalırlar

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycanda ölkə daxilində səfər edənlər ən çox qohum və dostların evində gecələyirlər. Ötən il ölkədaxili səfərlərə çıxanların yarıdan çoxu məhz qohum və dost evlərində gecələyib. Pandemiyadan öncə həmin göstərici 35 faiz olub.

Cədvəl: 2019-2020-ci illərdə ölkədaxili səfərə çıxmış şəxslərin gecələdiyi yerlərə görə bölgüsü (toplam gecələmə sayında xüsusi çəkisi)

Yerləşmə yeri

2019

2020

Qohum və ya dostların evində

35%

52%

Özünə və ya ailə üzvlərinə məxsus mənzildə

34%

33%

Kirayə götürülmüş evlərdə

30%

12%

Hotellərdə

1%

3%

Səfərlərin müddətinə gəlincə, ötən il ölkədaxili hər iki səfərdən biri üç günədək davam edib. 2019-cu illə müqayisədə gecələmədən birgünlük səfər sayında nisbi azalma, bir-üç günlük səyahətlərin sayında isə nisbi artım gözə çarpıb.

Cədvəl: 2019-2020-ci illərdə ölkədaxili səfərlərin müddəti (toplam səfər sayında xüsusi çəkisi)

Səfərlərin müddəti

2019

2020

1 günlük (gecələmədən)

13%

11%

1-3 gün

38%

41%

4-7 gün

30%

30%

8-14 gün

12%

12%

14 gündən çox

7%

6%

Ölkə daxilindəki səyahətlərin məqsədinə gəlincə, burada əsas gözəçarpan məqam ötən il istirahət etmək üçün ölkədaxili səyahətə çıxanların xüsusi çəkisinin azalmasıdır. Bu azalma səbəbindən, ötən il ölkədaxili səyahətlərin yarısı sırf qohumlara baş çəkmək məqsədi güdüb.

Cədvəl: 2019-2020-ci illərdə ölkədaxili səfərlərin məqsədi (toplam səfər sayında xüsusi çəkisi)

Səfərlərin məqsədi

2019

2020

Qohumlara baş çəkmək

35%

48%

İstirahət

32%

20%

İşgüzar

10%

10%

Müalicə

9%

9%

Digər

14%

13%

Daxili səfərlərin həyata keçirildiyi nəqliyyat vasitəsi üzrə rəqəmlərə baxdıqda isə əsas diqqətçəkən göstərici ötən il toplu nəqliyyat vasitələrinin payının azalmasıdır. Əvəzində daxili səfərləri taksi, kirayə avtomobil və şəxsi nəqliyyat vasitəsilə həyata keçirənlərin payı artıb.

Cədvəl: 2019-2020-ci illərdə gerçəkləşdirilən səfərlərin nəqliyyat növləri üzrə bölgüsü (toplam səfər sayında xüsusi çəkisi)

Səfərin gerçəkləşdiyi nəqliyyat növü

2019

2020

Şəhərlərarası avtobus

61%

44%

Şəxsi nəqliyyat vasitəsi

20%

32%

Taksi

2%

5%

Dəmiryolu nəqliyyatı

4%

2%

Kirayə götürülmüş avtomobil

0.5%

1.5%

Digər

12.5%

15.5%

İstirahət üçün ən çox hansı rayonlara gedilir?

İqtisadiyyatın bir çox sahəsində olduğu kimi, daxili turizm baxımından da paytaxt Bakı və digər bölgələr arasında ciddi fərqlər var. 2020-ci ildə ölkə daxilində səfərə çıxan 1 milyon 269 min vətəndaşın 456 min nəfəri, yəni təxminən hər üçündən biri məhz Bakıya səyahət edib. Prezident fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin də bir müddət öncə apardığı araşdırmada məlum olmuşdu ki, hər gün 500 mindən çox insan paytaxt Bakıya qısamüddətli giriş-çıxış edir. Buraya gündəlik iş, məhsulların bazara çıxarılması və təhsillə bağlı şəhərə gələnlər daxildir. Eyni zamanda, Bakıdan 5-10 kilometr məsafədə yerləşən qəsəbələrdən, Sumqayıt və Xırdalan şəhərlərindən şəhərə hər gün 300 mindən çox nəqliyyat vasitəsi daxil olur.

Şuşaya necə getmək olar? Turizm Agentliyinin planları
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

Digər rayon və şəhərlərə gəlincə, rəsmi statistikaya görə, ötən il daxili turizm məqsədilə Bakıdan sonra ən çox səfər edilən yerlər Sumqayıt və Abşerondur. Səfər edənlərin göstəriciləri istirahət, iş, qohumları ziyarət və digər məqsədlərlə həmin rayon və şəhərlərə səfər edənlərin göstəricilərinin cəmi əsasında hesablanıb.

Cədvəl: 2020-ci ildə Azərbaycanda ən çox səfər edilən şəhər və rayonlar

Şəhər/rayon

Səfər edən şəxslərin sayı

1

Bakı

456 min 234

2

Sumqayıt

62 min 693

3

Gəncə

51 min 797

4

Abşeron

33 min 120

5

Şəmkir

28 min 991

6

Xaçmaz

23 min 319

7

Şəki

23 min 181

8

Bərdə

23 min 153

9

Tovuz

22 min 747

10

Masallı

21 min 368

Sırf hotellərdə gecələyən şəxslərin sayına gəlincə, pandemiyadan əvvəlki – 2019-cu ilin nəticələrinə görə, bu baxımdan paytaxt Bakıdan sonra ilk iki yeri Qəbələ və Qusar rayonları tutur.

Cədvəl: 2019-cu ildə Azərbaycanın şəhər və rayonları üzrə hotellərdə gecələmə saylı (yerli turistlər üzrə)

Şəhər/rayon

Gecələmə sayı

Ölkə üzrə payı

1

Bakı

206 min

18.7%

2

Quba

187 min

16.9%

3

Xaçmaz

147 min

13.3%

4

Qəbələ

97 min

8.8%

5

Naftalan

57 min

5.2%

6

Qusar

56 min

5.1%

7

Lənkəran

38 min

3.4%

8

Qax

31 min

2.8%

9

Masallı

23 min

2.1%

10

Lerik

22 min

2.0%

11

Şamaxı

21 min

1.9%

12

Mingəçevir

19 min

1.7%

13

Tovuz

17 min

1.5%

14

Gəncə

13 min

1.2%

15

İsmayıllı

10 min

0.9%

Bütün ölkə üzrə

1 milyon 104 min

XS
SM
MD
LG