Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:39

Türkiyədəki bələdiyyə seçkilərinə Azərbaycanda həsəd var


Cümhuriyyət Xalq Partiyasının tərəfdarları İstanbulda qələbələrini qeyd edirlər.
Cümhuriyyət Xalq Partiyasının tərəfdarları İstanbulda qələbələrini qeyd edirlər.

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Seçki yarışı 81 şəhər, 973 rayon və 390 qəsəbədə baş tutdu. Ana müxalifət- Xalq Cümhuriyyət Partiyasının (CHP) 37.74 faiz, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) isə 35.49 faiz səs topladığı açıqlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da rəhbəri olduğu partiyanın yerli özünüidarəetmə orqanlarına seçkilərdə istənilən nəticəni almadığını etiraf edib.

Təhlilçilər AKP-nın birinciliyi son 20 ildən çox müddətdə ilk dəfə əldən verməsini, Ərdoğanın təbirincə, "metal yorğunluğu" (Fasiləsiz istismar nəticəsində metal materialların arzu olunan möhkəmlik xüsusiyyətlərini itirməsi) və ölkədə artan iqtisadi problemlərlə izah edirlər.

Ərdoğan seçkiləri demokratiyaya layiq adlandırıb. "Xalq seçki qutuları vasitəsilə bizə öz mesajını, iradəsini, xəbərdarlıqlarını çatdırdı", - prezident vurğulayıb.

Bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçirilməlidir. İndi Azərbaycanda bir çoxlarını belə bir sual düşündürür: Azərbaycanda niyə Türkiyədəki kimi rəqabətli bələdiyyə seçkiləri keçirilmir? Buna səbəb ölkədə seçkilərin demokratik keçirilməsi üçün şəraitin olmamasıdır, yoxsa bələdiyyələrə marağın azlığıdır?

Hafiz Həsənov
Hafiz Həsənov

"Azərbaycanda bələdiyyələr qeyri-dövlət qurumu hesab olunur"

"Hüquq və İnkişaf" İctimai Birliyinin (HİİB) sədri Hafiz Həsənov AzadlıqRadiosuna deyib ki, indiyə qədər Azərbaycanda keçirilən seçkilərin hamısını beynəlxalq seçki missiyası demokratik saymayıb. O, Azərbaycanda Türkiyədəki kimi rəqabətli seçki yarışının olmamasını bələdiyyələrin statusu ilə əlaqələndirir: "Türkiyədə dövlət idarəetməsində yerli idarəetmə bələdiyyələrə məxsusdur və onlar da dövlət qurumları kimi fəaliyyət göstərirlər. Amma Azərbaycanda bələdiyyələr qeyri-dövlət qurumu hesab olunur, səlahiyyətləri ümumi xarakter daşıyır, onlar bu səlahiyyətlərin həyata keçməsi ilə bağlı real maliyyə ehtiyatlarına malik deyillər. Nəticə etibarilə yerlərdə icra hakimiyyətlərinin nümayəndələri daha həlledici səlahiyyətə malikdir, nəinki bələdiyyələr".

H.Həsənovun sözlərinə görə, seçici marağının artırılması üçün özünüidarəetmə sistemində ciddi islahatlar aparılmalı və idarəetmə sistemi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır: "Hakimiyyət bölgüsündə yerli idarəetmə bələdiyyələrdə olmalıdır. Türkiyədəki bələdiyyələr real hakimiyyət səlahiyyətlərinə malik, yerli idarəetmədə əsas rol oynayan, xalqa daha yaxın olan bələdiyyə sistemidir, Azərbaycanda əksinədir".

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

YAP: "Azərbaycanda demokratik seçki mühiti var"

Amma hakim Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edənlərdən Aydın Mirzəzadə fərqli düşünür. O, hər bir ölkənin özünəməxsus siyasi sistemi olduğunu vurğulayaraq bildirib ki, hətta qonşu və eyni tarixə malik olan ölkələrin də siyasi sistemində fərq olur.

"Azərbaycanda prezidentli respublikadır və bu sistem illərdir özünü doğruldur. Türkiyədə uzun müddət parlamentli respublika olub, son dövrdə prezidentli respublikaya keçiblər, amma bununla bağlı ənənəvi bələdiyyə sistemi fəaliyyət göstərib", - o, "Turan"a müsahibəsində deyib.

A.Mirzəzadənin fikrincə, Azərbaycanda seçkilərin hər biri demokratik, rəqabətli və şəffaf olur: "İnsanların fərqli platformaya malik insanlara səs vermək hüququ var. Prinsip etibarilə Azərbaycanda demokratik seçki mühiti var və bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində bunu bir daha görəcəyik".

'Dövlət büdcəsindən hər bələdiyyəyə cəmi 400 manat ayrılır' - Korrupsiyanı doğuran nədir?
Gözlə

No media source currently available

0:00 0:09:41 0:00

Müxalifətdə olan Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə problemləri seçki və bələdiyyə haqqında qanunvericilik ilə əlaqələndirir. Amma o hesab edir ki, Azərbaycanda ilk dəfə keçirilən (1999) bələdiyyə seçkiləri daha fəal və intensiv olub: "Görünür, sonradan hakimiyyət üçün daha yararlı adamlar bələdiyyələrə seçildilər".

O düşünür ki, Azərbaycanda bələdiyyələrin yetərli statusunun olmaması da seçkilərə marağı azaldıb.

Azərbaycan Türkiyədən nə öyrənə bilər?

H.Həsənov, öz növbəsində, xatırladır ki, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəfələrlə Bakıda olub kifayət qədər təkliflər səsləndiriblər: "Türkiyədə bələdiyyə sistemi də həmin standartlara uyğun müəyyənləşib. Azərbaycan da sadəcə buna uyğunlaşdırılmalıdır. Bunun üçün əvvəlcə konstitusiyada islahatlar aparılmalıdır, çünki indi bələdiyyələr qeyri-dövlət orqanlarıdır və dekorativ səlahiyyətlərə malikdirlər. İslahatlar bələdiyyələrin səlahiyyətlərini müəyyənləşdirməlidir".

"İndiki siyasi sistem Azərbaycan üçün məqbuldur"

Deputat A.Mirzəzadə isə bildirib ki, dünya onsuz da bir-birindən öyrənir: "Prinsip etibarilə indiki siyasi sistem Azərbaycan üçün məqbuldur, özünü doğruldur və siyasi sistemdə ciddi dəyişikliklər etməyə ehtiyac yoxdur. Amma vaxtaşırı yeniliklər olur. Məsələn, işğaldan azad olunan ərazilərə prezidentin xüsusi nümayəndələrinin təyinatı da dövrün tələbindən və həmin bölgələrin inkişaf proseslərinə uyğun addım idi".

Gülağa Aslanlı
Gülağa Aslanlı

"Bələdiyyə sədrləri icra başçıları tərəfindən təyin olunur"

G.Aslanlı isə hesab edir ki, Türkiyə də daxil, Azərbaycan seçkilərlə bağlı qonşularından çox şey öyrənə bilər: "Əvvəla, bələdiyyələrin statusuna, ikincisi, böyükşəhər bələdiyyələri və, ən nəhayət, bələdiyyə başqanlarının ayrıca seçilməsinə yenidən baxılmalıdır. Seçki qanunvericiliyi Türkiyə və Gürcüstandakı kimi təkmilləşdirilərsə, bələdiyyələrə maraq güclənər. Amma hələ də bələdiyyə sədrləri icra başçıları tərəfindən təyin olunur".

Mövzu ilə bağlı Azərbaycanda icra hakimiyyəti orqanları ilə danışmaq mümkün olmayıb. Amma onlar seçkilərə müdaxilə etmələri ilə bağlı səslənən iddiaları əsassız sayırlar.

XS
SM
MD
LG