Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

Hesabat: Dərin inflyasiyaya rəğmən Türkiyə qlobal sərvət indeksində birincidir


Türkiyə ölkədə meydan sulayan dərin inflyasiyaya və milli valyutanın ucuzlaşmasına baxmayaraq qlobal sərvət indeksində bütün başqa ölkələri xeyli geridə qoyaraq birinci olub.

CNBC yazır ki, Türkiyə 2024-cü il üçün Qlobal Sərvət Hesabatının (Global Wealth Report 2024) reytinq cədvəlində 2022-2023-cü illərdə adambaşına düşən 157 faiz artımla birinci pilləni tutub.

İndeks cədvəlində Türkiyədən sonra ikinci yerdə 20 faizlik artımla Rusiya və Qətər yerləşib.

Cənubi Afrika Respublikası üçün bu göstərici 16 faiz olub. ABŞ-ın adambaşına illik sərvət artımı 2.5 faiz olub.

Sərvət artımı həm də inflyasiya ilə bağlıdır

CNBC yazır ki, 85 milyonluq əhalisi olan Türkiyədə illik inflyasiya 72 faizdir. Qiymət artımı ilə bağlı son illərdə əhalinin alıcılıq qabiliyyəti də xeyli azalıb. Milli valyuta - lirə dollara nisbətdə çəkisinin 83 faizini itirib. Hazırda 1 ABŞ dolları 33 lirədir.

Lakin UBS bankının hazırladığı hesabata görə daşınmaz əmlak və ev kimi aktivləri olan türkiyəlilərin sərvəti artıb. Buna səbəb inflyasiyaya görə ev qiymətlərinin də artmasıdır.

Hesabatda “sərvət” dedikdə borcları çıxmaq şərtilə maliyyə aktivləri ilə daşınmaz əmlak (ev) aktivlərinin məcmusu başa düşülür.

UBS Global Wealth Management firmasının iqtisadçısı Samuel Adams bildirir ki, türkiyəlilərin sərvət artımı əsasən elə inflyasiyanın yüksəkliyi ilə bağlıdır.

Çünki inflyasiya artdıqca ev qiymətləri də artır və ev sahiblərinin sərvəti artmış hesab olunur.

Mülkdən varlı, puldan yoxsul

Adams qeyd edir ki, lakin belə sərvət artımından heç də hamı faydalana bilmir:

“Əgər aktivləriniz yoxdursa, maaşınız inflyasiya ilə ayaqlaşmırsa, onda əlbəttə bunlar sizə mənfi təsir edəcək”.

Ekspertlər qeyd edirlər ki, burada yerli valyuta faktorunun da təsiri var. Bu mənada Türkiyədə sərvətin dollarla 63 faizlik artımı lirə ilə hesablandıqda 158 faizə çatır.

Məsələn Yaponiyada sərvət artımı dollarla 2 faizdirsə, bu rəqəm milli valyuta ilə 9 faiz hesablanır.

Hesabatda deyilir ki, Türkiyənin 2008-2023-cü illər ərzində lirə ilə sərvət artımı daha heyrətamiz rəqəmlə - 1708 faizlə ifadə olunur.

Hesabata görə Qazaxıstanda (Hesabata keçmiş sovet respublikalarından yalnız Qazaxıstan daxil edilib-red) bu rəqəm 1431, Rusiyada isə 608 faiz olub.

UBS Global Wealth Management firmasının baş iqtisadçısı Pol Donovan deyir ki, evinizin və ya mülkünüzün olması, sizi avtomatik olaraq pul zəngini etmir.

Onun sözlərinə görə bu mənada daşınmaz əmlakdan varlı, puldan yoxsul olmaq mümkündür.

XS
SM
MD
LG