Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:26

1.5 milyard dollarlıq Arkadağda kimlər yaşayacaq


Yeni şəhərin görüntüsü
Yeni şəhərin görüntüsü

Dünyanın ən repressiv və təcrid olunmuş ölkələrindən biri Türkmənistan yoxsulluq içindədir. Ancaq hökumət 1,5 milyard dollara başa gəlmiş yeni şəhərin açılışını etməyə hazırlaşır. Dövlət rəsmiləri bu şəhərin Türkmənistandakı “sürətli sosial-iqtisadi inkişafı göstərdiyini” iddia edirlər.

Arkadağ adlı yeni şəhər 16 ilə yaxındır ki, ölkəni dəmir yumruqla idarə edən avtoritar lider Qurbanqulu Berdiməhəmmədovun şərəfinə adlandırılıb.

Şəhər tikilənədək oğulun keçdiyi hakimiyyət yolu

65 yaşlı Berdiməhəmmədov hakimiyyəti oğlu Sərdara ötürsə də, parlamentin yuxarı palatasının sədri vəzifəsində qalmaqda və ölkənin idarəçiliyinə güclü təsirini saxlamaqdadır.

Paytaxt Aşqabaddan 30 kilometrədək cənub-qərbdə yerləşən Arkadağ şəhəri İran və Əfqanıstanla sərhəddə yerləşən Axal əyalətinin paytaxtı olacaq.

Layihənin tikintisinə 2019-cu ildə başlanıb. Həmin il Sərdar Berdiməhəmmədov Axal əyalətinin qubernatoru təyin edilmişdi.

Layihə başa çatana qədər kiçik Berdiməhəmmədov qubernatorluqla prezidentlik arasında Sənaye və Tikinti Materialları naziri və Nazirlər Kabineti sədrinin müavini vəzifələrinə də təyin edilib.

“İctimai müzakirə”

Apreldə Sərdar Berdiməhəmmədov yeni şəhərə ad tapmaq üçün “ictimai müzakirə” çağırışı etdi.

Gözlənildiyi kimi, Türkmənistan parlamentinin aşağı palatasının spikeri dekabrın 21-də “bütün regionların sakinlərinin istəyinin” və “ictimai qurumların təkliflərinin” nəzərə alındığını iddia edərək yeni seçilən adı açıqladı.

Ancaq mənbələr AzadlıqRadiosunun türkmən xidmətinə adla bağlı qərarın artıq mayda bəlli olduğunu deyiblər.

Müşahidəçilər şəhərə ad qoymağın demokratiya praktikası kimi təqdimatını gülüşlə qəbul edirlər.

"İctimai kampaniyanın hər hansı bir əlaməti yoxdur. Onlar internetin olmadığı, hətta mobil ötürücülüyün belə zəif olduğu bu regionlarda insanların rəyini necə soruşublar? Şəhərin adı illüziyadır. Şəhərin özü illüziyadır”, – Qlazqo Universitetinin Avrasiya Elmləri üzrə professoru Luka Ançeski (Luca Anceschi) deyir.

Paytaxtın mərkəzinə bənzəyən şəhər

Arkadağ Türkmənistanın əksər şəhərlərinə, hətta əyalət paytaxtlarına bənzəmir. Dövlət mediasının yaydığı görüntülərdə şəhərin daha çox Aşqabadın milyardlarla dollarlıq qaz pullarına başa gəlmiş, göstəri məqsədilə tikilmiş ağ mərmər fasadlı binalarla dolu mərkəzi hissəsinə bənzədiyi təəssüratı yaranır. Bu arada ölkənin digər hissələri isə uzunmüddətli iqtisadi böhran içindədir.

Türkmənistan rəsmiləri Arkadağı “ağıllı şəhər” kimi qələmə verirlər. Burada hippodromun, keçmiş prezidentin adına uşaq reabilitasiya mərkəzinin, Arkadağın heykəlinin olacağı deyilir. Şəhərin mərkəzi küçələrindən biri isə patriarxın sevimli atı Axanın adını daşıyacaq.

Şəhər 12 min ailənin yaşaya biləcəyi şəkildə dizayn edilib.

Hakim ailəylə bağları olanlar

Avropada fəaliyyət göstərən, mühacirlərin idarə etdiyi “Turkmen.News” saytının redaktoru Ruslan Myatiyev deyir ki, Arkadağda elitanın üzvləri və hakim Berdiməhəmmədov ailəsi ilə bağları olanlar məskunlaşacaq.

Onun sözlərinə görə, bu öz geniş klanlarını ümumi xalqdan ayırmağa və artan yoxsulluq və qıtlıq fonunda adiləşən “ərzaq növbələrindən uzaqda” tutmağa öyrəşmiş Berdiməhəmmədovların siyasətinə uyğundur.

"Hazırda qohumlar – bu isə ən uzaq qohumları da əhatə edən çox geniş anlayışdır – Aşqabad və ondan kənarda dövlət vəsaiti hesabına tikilmiş bir neçə məhəlləni tutublar", – jurnalist söyləyir.

Qeyri-müəyyən gələcək

Bunun əksinə olaraq, "təxminən 2015-ci ildən bəri Türkmənistanın ümumi əhalisi gələcəklə bağlı aydın təsəvvürü olmadan yaşamaqdadır”, – deyə Myatiyev əlavə edib.

Ortadakı bütün dəlillərə rəğmən Türkmənistanın dövlət təbliğatı israrla davamlı iqtisadi nailiyyətlərdən dəm vurur.

Yalnız bir dəfə, ötən il o zaman hələ prezident olan ata Berdiməhəmmədov dövlətin xarici borclarını vaxtında ödəyə bilmədiyini etiraf edib.

Reallıq budur ki, hökumət dövlət sektoru işçilərinin maaşlarını belə vaxtında ödəməyə çətinlik çəkir. Bura Arkadağ şəhərini tikən tikinti işçiləri də daxildir. Bu xəbəri sentyabrda AzadlıqRadiosunun türkmən xidməti verib.

Sadəcə, həyatda qalmaq...

Bu ay Aşqabadın bəzi məhəllələrinin sakinləri radioya soyuq mövsümdə susuz və istiliksiz qaldıqlarını deyiblər.

Noyabrda AzadlıqRadiosunun türkmən xidməti ölkənin şərqindəki Lebap əyalətinin paytaxtı Türkmənabadda bazarda ikinci əl paltarlara və işlənmiş ev əşyalarına tələbatın kəskin artması xəbərini verib.

"İnsanların evlərinə gedəndə görürsən ki, onlar sadəcə həyatda qalmaq, çörək almaq üçün əşyalarının yarısını satışa çıxarıblar”, – bir sakin radioya demişdi.

Türkmənistanın enerjidən çox asılı iqtisadiyyatı 2014-cü ildə qaz qiymətlərinin aşağı düşməsindən və 2016-cı ildə Rusiyanın idxalı dayandırmasından sonra kəskin pisləşib.

Bu yaxınlarda qlobal enerji qiymətləri yenidən artıb, Rusiya isə yenidən türkmən qazını almağa başlayıb. Türkmənistanın əsas müştərisi Çin ilin ilk doqquz ayı ərzində 7 milyard dollarlıq yanacaq alıb.

“Hər şey tərsinədir”

Ancaq bütün bunlar Türkmənistanın iqtisadiyyatını ayağa qaldıra bilməyib. Ölkədə xroniki ərzaq qıtlığı və qiymət artımı olduğu halda dövlətin prioriteti çoxmilyonluq şan-şöhrət layihələrinə pul xərcləməkdir.

Yoxsulluq, korrupsiya və işsizlik son onilliklər milyonlarla türkməni ölkədən getməyə məcbur edib.

"Rəsmi statistikanın nə deməsindən asılı olmayaraq, əhalisi azalan ölkədə tikilən yeni şəhərin var. Heç bir turizmin olmadığı ölkədə 2 milyard dollara başa gəlmiş və vətəndaşların ölkədən qaçmasının qarşısını alan yeni hava limanın var. Hər şey tərsinədir, ancaq bir məsələyə əmin ola bilərik ki, bütün bu layihələrdən kimsə çox böyük pullar qazanır. Çünki bunlar korrupsiya alətləridir”, – professor Ançeski deyir.

Ancaq dəyişikliyə ümid çox azdır. Prezident Sərdar Berdiməhəmmədov atasının qoyduğu “yolu davam etdirəcəyinə” söz verib.

XS
SM
MD
LG