Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:29

Seçki yaxınlaşdıqca Ukrayna yenidən ABŞ siyasətinin diqqət mərkəzinə gəlir


Ukrayna prezidenti Vladimir Zelenski (sağda) ABŞ prezidenti Co Bayden ilə Yaponiyada keçirilən G7 sammiti zamanı
Ukrayna prezidenti Vladimir Zelenski (sağda) ABŞ prezidenti Co Bayden ilə Yaponiyada keçirilən G7 sammiti zamanı

2020-ci ilin noyabrında Co Baydenin seçki yarışında Donald Trampı yenməsindən sonra Ukraynanın ABŞ siyasətində rolu xeyli artıb.

Trampın 2019-cu ildə o zaman hələ yeni seçilmiş Prezident Volodimir Zelenskiyə zəng vuraraq təzyiq etməsi, Bayden ailəsinin Ukraynadakı fəaliyyətini eşələməsi sonradan Vaşinqtonda bir ay sürən səs-küylü impiçment məhkəməsi doğurmuşdu.

ABŞ-da seçkilər bitincə, Zelenski iki ölkənin arasındakı gərginliyi geridə qoyaraq ortaq geosiyasi maraqlara, məsələn, Rusiya təcavüzünə qarşı dirənişə fokuslanacağına ümid etdiyini söyləmişdi.

"Mən Ukraynanın demokratlarla respublikaçılar arasında mübahisə predmeti olmasını istəmirəm", - Zelenski 2020-ci ilin dekabrında "The New York Times"a müsahibəsində belə demişdi.

Üç il sonra - prezident seçkiləri ərəfəsində Ukrayna yenidən ABŞ siyasətinin diqqət mərkəzindədir. Üstəlik, bu dəfə də mübarizənin Baydenlə Tramp arasında keçəcəyi ehtimalı var. 2019-2020-ci illərdə olduğu kimi, yenə impiçmentdən söz açılır. Ancaq bu dəfə impiçmentin hədəfi Bayden ola bilər.

Bu da var ki, bu dəfə hər iki ölkə üçün nəticələr daha ağır ola bilər, axı savaş aparan Ukraynanın ABŞ və Qərbin dəstəyinə çox ciddi ehtiyacı var.

"Düşünürəm ki, Ukrayna [bu dəfə] 2020-ci ildəkindən daha çox seçki mövzusu olacaq", - Vaşinqtonda fəaliyyət göstərən, Ukrayna üçün lobbiçilik edən "Yorktown Solutions" konsaltinq şirkətinin prezidenti Deniel Vaydiçin sözləridir.

Zelenskinin ABŞ-a son səfəri də seçkiyə 14 ay qalmış Ukraynanın ABŞ siyasətində necə önəmli yer tutduğunu bir daha göstərir.

ABŞ Konqresi Ukraynaya hərbi və maliyyə yardımı üçün Bayden administrasiyasının təklif etdiyi milyardlarla dolların ayrılması haqda yeni qanunu müzakirə edir.

Putin yaxından izləyəcək

İkinci Dünya savaşından sonra Avropa qitəsində ən böyük müharibədə Ukraynaya nəhəng məbləğlərdə yardımın və get-gedə daha güclü silahların verilməsi Baydenin prezidentlik dövrünü səciyyələndirən əsas amillərdəndir. Bu məsələ seçki kampaniyasının da əsas mövzularından biri olacaq.

ABŞ prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Yaponiyada keçirilən G20 sammitində. 2019
ABŞ prezident Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Yaponiyada keçirilən G20 sammitində. 2019

Seçkilərdə Baydenlə mübarizə aparacaq respublikaçılar ölkənin hər yerinə gedərək hazırkı prezidentin siyasətini, o cümlədən Ukrayna siyasətini tənqid etməklə məşğuldur. Sorğular respublikaçı namizədlər arasında haqqında dörd fərqli cinayət işi açılmış Trampın favorit olduğunu göstərir.

Sentyabrın 19-da BMT Baş Məclisində çıxış edən Bayden deyib ki, Rusiyanın "Ukraynanı bölüşdürməsinə imkan versək", heç bir dövlət güvəndə ola bilməz.

Ekspertlər deyirlər ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ seçkilərini yaxından izləyəcək, axı Ukraynanı tez bir zamanda özünə tabe etmək cəhdi baş tutmadıqdan və cəbhədə üzləşdiyi uğursuzluqlardan sonra o, ümidini Qərbin Ukraynaya dəstəyinin azalmasına bağlayıb. Təhlilçilər 2024-cü il seçkilərinin ona sərf edən nəticə ilə bitəcəyinə ümid edən Putinin Rusiya üçün nəhəng insani və iqtisadi təzyiq qalsa da, işğalı davam etdirəcəyini proqnozlaşdırırlar.

Zelenski və hökuməti, eləcə də Ukraynanın Qərbdəki dəstəkçiləri ABŞ millət vəkillərinə və Amerika ictimaiyyətinə yardımın "xeyriyyəçilik" deyil, ABŞ və NATO müttəfiqlərinin təhlükəsizliyinə yatırım olduğunu izah etməyə çalışır.

Tramp faktoru

Amerikalıların Trampı yenidən prezident kürsüsünə oturdacağı halda Ağ Evin Ukrayna ilə bağlı siyasətini onun nə dərəcədə dəyişməyə çalışacağı bilinməsə də, bu vaxtadək olan açıqlamalarda Kiyevə dəstək verməyə çox da maraqlı olmadığını göstərməsi dəqiqdir.

Tramp sentyabrın 17-də CNBC televiziyasına müsahibəsində 2024-cü il seçkilərini udacağı təqdirdə Zelenskiylə Putini sülh sazişi imzalamağa inandıracağını deyib. Ancaq buna bənzər keçmiş açıqlamalarında olduğu kimi, yenə də ayrıntılara varmayıb.

Trampın Respublikaçılar Partiyası üzərində təsiri güclüdür. Partiya daxilində Ukraynaya yardımla bağlı dəstəyin səviyyəsi, qismən, Trampın 2024-cü ilin əvvəllərində keçiriləcək ilkin seçkilərdən lider kimi çıxıb-çıxmayacağından da asılı olacaq.

Trampın keçmiş vitse-prezidenti Mayk Pens də daxil, digər respublikaçı namizədlər ABŞ-ın Ukraynaya dəstəyi azaltmalı deyil, artırmalı olduğunu deyiblər. Pens deyib ki, Rusiya Ukraynaya qarşı apardığı müharibəni udsa, Putin cəsarətlənib NATO müttəfiqlərinin üstünə gələcək və ABŞ əsgərlərini onları müdafiə etmək üçün döyüşməyə məcbur edəcək.

Baydeni də tənqid edən Pens deyib ki, prezident Ukraynaya yardımı ABŞ-ın əsas milli maraqları kontekstində deyil, demokratiyanı dəstəkləmə zəminində əsaslandırmağa çalışıb.

XS
SM
MD
LG