Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:35

Ukraynanın əkshücümu başladımı


Baxmut
Baxmut

Bir neçə həftədir ki, Ukraynanın şimal-şərqindəki Xarkov şəhərindən Donetskə doğru, oradan da qərbə – Dnepr çayının mənsəbinə qədər uzanan təxminən min kilometrlik cəbhə xətti boyunca Ukrayna-Rusiya qüvvələrinin döyüşləri intensivləşib.

Ukrayna rəsmiləri və Prezident Volodimir Zelenski, 15-ci aya keçən işğalın gedişatında çox vacib olan böyük əks-hücumun qaçılmaz olmasına işarə edib.

Rusiya Müdafiə Nazirliyi iyunun 5-i gecə saatlarında, Ukraynanın Donetsk və Zaporijya vilayətləri arasındakı inzibati sərhəd boyunca “geniş miqyaslı hücuma” başladığını bildirib. Nazirlik Rusiya qüvvələrinin bu cəhdin qarşısını aldığını iddia edib.

Kiyev Rusiyanın aldatmağa və şişirtməyə meylli olduğunu desə də, Ukrayna müdafiə nazirinin müavini elə həmin gün “bəzi ərazilərdə hücuma keçirik”, – açıqlamasını verib.

Onda Ukraynanın əks-hücum əməliyyatı nəhayət ki, başlayıb? Bəlkə də.

“Ukrayna hücumunu başlatmaq üçün ideal vaxt yoxdur. Amma Ukrayna qüvvələrinin Rusiyanın zəif cəhətlərindən istifadə edə biləcəkləri optimal bir zaman olacaq. O vaxt çox yaxındır”, – Avstraliya ordusunun istefada olan generalı Mik Rayan (Mick Ryan) iyunun 4-də Tvitter səhifəsində yazıb.

Beləliklə, nə bəllidir?

Rusiya nazirliyi Teleqramda yaydığı bir məlumatda, Ukraynanın iyunun 4-də Donetskin cənubundakı beş məntəqədə “altı mexanikləşdirilmiş və iki tank batalyonu”nun iştirakı ilə “genişmiqyaslı hücuma” keçdiyini bildirib. Sonrakı yeniləmədə nazirlik, Neskuçne kəndi yaxınlığında Ukraynanın 31-ci Mexanikləşdirilmiş Briqadasından 250 əsgərin öldürüldüyünü açıqlayıb. Nazirlik həmçinin ABŞ-ın təchiz etdiyi “Bradley” daxil olmaqla, azı 30 tank və zirehli transportyorun məhv edildiyini iddia edib.

“Düşmən vəzifəsini yerinə yetirə və uğur əldə edə bilməyib”, – nazirlikdən bildirilib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatlarını müstəqil yoxlamaq mümkün olmayıb.

Ən yaxşı şəraitdə belə, döyüş xəbərlərini müstəqil yoxlamaq çətin olur. Ukrayna yerli və xarici jurnalistlərin cəbhə bölgələrinə çıxışına məhdudiyyətlər qoyub. Rusiya əsgərləri ilə səyahət edən müxbirlər və blogerlər isə tez-tez şübhə doğuran xəbərlər yayımlayırlar.

İyunun 4-dən 5-nə keçən gecə, hərbi və kəşfiyyat dairələri ilə yaxşı əlaqələri olan rusiyalı hərbi bloqçuların bəziləri Vuhledar, Vremevski, Soledar, Velyka Novosilka və digər mümkün yerlərdəki döyüşlərin intensivləşdiyinə dəlalət edən bir sıra məlumatlar yayıblar.

“İkinci hücum dalğası... Soledar güclü atəşə altındadır. Ağır döyüş gedir”, – tez-tez təbliğatçı iddiaları ilə tanınan rusiyalı bloger Semyon Peqov iyunun 5-də Teleqram-da yazıb.

“Düşmən Artyomovsk vilayətində də hücum əməliyyatları aparır. Şəhərin şimalındakı Soledarda və Baxmutun cənub-qərbində də döyüşlər gedir”, – “Komsomolskaya Pravda” qəzetinin müxbiri Aleksandr Kots iyunun 5-də artilleriya atəşi altında verdiyi açıqlamada bildirib.

Artyomovsk Baxmutun sovet adıdır.

Donetsk vilayətində Rusiyanın dəstəklədiyi qüvvələrə komandanlıq edən Aleksandr Xodakovski, iyunun 5-də səhər saatlarında Novodonetske və Vuhledar yaxınlığında 30 Ukrayna zirehli texnikasının hərəkət etdiyini gördüyünü bildirib.

Xodakovski daha sonra Velyka Novosilka yaxınlığında Leopard tanklarının göründüyünü deyib. Əgər bu doğrudursa, ilk dəfədir ki, Almaniya istehsalı olan bu nəhəng tanklar Ukrayna qüvvələri tərəfindən istifadə olunur.

Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi tərəfindən idarə olunduğu deyilən “Rybar” Teleqram kanalı, iyunun 5-i günortadan sonra Ukrayna qoşunlarının Vremyevski və Novodaryivka yaxınlığında Rusiya qüvvələrinə qarşı döyüşdüyünü bildirib.

Kanal həmçinin, 37-ci Dəniz Piyada Briqadasına aid 30 Ukrayna zirehli avtomobilindən ibarət karvanın Novodonetske rayonundakı bir kəndi ələ keçirdiyini yayıb. “Hazırda ağır artilleriya atəşi altında döyüşlər davam edir və kəndin təxminən yarısı Ukrayna silahlı qüvvələrinin nəzarəti altındadır”, – məlumatda deyilir.

Bəs ukraynalılar nə deyirlər?

Təəccüblü deyil ki, elə də çox şey demirlər.

Bununla belə, müdafiə nazirinin müavini Hanna Malyar iyunun 5-də axşam saatlarında Teleqram-da “hücumların” davam etdiyini deyərək, Baxmutu xüsusi qeyd edib.

“24 fevral 2022-ci ildə başladığımız müdafiəni davam etdiririk. Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə hücum hərəkətlərinə keçirik. Xüsusilə Baxmut istiqaməti döyüşlərin episentri olaraq qalır. Biz orada geniş cəbhə boyu irəliləyirik və dominant təpələri tuturuq. Uğurla davam edirik”, – o, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladığı günə işarə edərək bildirib.

Bu yaxınlarda Rusiya Donetsk vilayətinin strateji əhəmiyyət kəsb edən, mübahisəli Baxmut bölgəsində qələbə qazandığını elan etdi. Ukrayna bu məsələdə Rusiyaya məğlub olduğunu qəbul etməyib.

Sonuncu cəhd?

Qərb analitikləri bunun Kiyevin döyüş meydanında üstünlüyü ələ almaq üçün sonuncu real cəhd ola biləcəyini deyirlər. Ukrayna həm də Vaşinqton, Brüssel, Berlin və digər yerlərdəki tərəfdarlarına göstərmək istəyir ki, sülh danışıqlarının vaxtı çatmayıb.

NATO və hətta bəzi qeyri-NATO ölkələri, Ukrayna qüvvələrinə Qərb tipli komanda taktikaları öyrədir. Bunlar Ukraynanın hərbi komandanlığı tərəfindən istifadə edilməyən taktikalardır.

NATO 3 mindən 5 minə qədər əsgərdən ibarət ən azı doqquz briqadaya təlim keçib. Ukrayna ən azı dörd yeni briqada yaratmaq üçün ordunu yenidən təşkil edib.

Təsdiqlənməmiş ilkin məlumatlara əsasən demək olar ki, iyunun 5-də Ukrayna ordusunun yalnız kiçik bir hissəsi aktiv döyüşlərə qatılıb.

Qış aylarından bəri silahlı qrupların iştirakıyla hücumların da sayı artıb. Ötən ay bir qrup ukraynayönümlü rusiyalı döyüşçü təxminən iki gün ərzində Belqorod sərhəd bölgəsində Rusiya qüvvələrini dəf ediblər. Bu da bu günə qədərki ən böyük hücumdur.

İyunun 4-də Ukraynaya bağlı başqa bir döyüşçü qrup, bir neçə rusiyalı əsgəri əsir götürərək Kiyevə təhvil verib. Vilayət qubernatoru isə sərhəd bölgəsində döyüşlərin şiddətləndiyini etiraf edib.

Mayın 27-də Ukrayna hərbçiləri ölkənin yüksək səviyyəli hərbi rəsmisi, general Valeri Zalujninin səsləndirdiyi videonu yayıb: “Bizim olanı geri almağın vaxtıdır”.

İyunun 3-də “The Wall Street Journal”a müsahibəsində Zelenski ölkəsinin əkshücuma hazır olduğunu bildirib. “Uğur qazanacağımıza ürəkdən inanırıq”, – Zelenski deyib.

Buna baxmayaraq, iyunun 4-də Ukraynanın müdafiə naziri ingiliscə bir videoçarx yayıb. O, ictimaiyyəti Ukrayna əməliyyatları və gözlənilən əks-hücum barədə susmağa çağırıb.

“Rusiya sosial şəbəkələri və blogerləri Ukraynalıları ruhdan salmaq və cəmiyyəti (o cümlədən, öz əhalisini) çaşdırmaq üçün, müharibə əməliyyatları haqqında etibarsız məlumatların yayılmasını gücləndirməyə hazırlaşır”, – Ukrayna silahlı qüvvələrinin strateji kommunikasiyalar bölməsi iyunun 5-də xəbərdarlıq edib.

“Rusiya təbliğatçıları əks-hücum, onun istiqaməti və Ukrayna ordusunun itkiləri haqda yalan məlumatlar yayacaqlar. Hətta əks-hücum olmasa belə”, – xəbərdarlıqda deyilib.

Bu, əks-hücum deyilsə, bəs nədir?

İyunun 5-nə olan məlumata görə, aktiv döyüşlər aparan Ukrayna bölmələrinin sayı nisbətən kiçikdir. Bu, hadisələrin hər kəsin gözlədiyi əks-hücum olmadığını göstərir.

Bu, dron zərbələri və sərhəd basqınları ilə yanaşı, hərbi ekspertlərin “şəkilləndirmə” adlandırdıqları əməliyyat ola bilər. Bu əməliyyat, Rusiya xətlərini araşdırmaq, zəif yerləri tapmaq və ya Rusiya komandirlərinin qoşunlarını bir yerdən başqa yerə çəkməyə vadar etmək cəhdi ola bilər.

XS
SM
MD
LG