Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Qərb və Ukrayna Rusiyanı Dnerp üzərində bəndi dağıtmaqda ittiham edir


Dnepr üzərindəki bənd
Dnepr üzərindəki bənd

Avropa İttifaqının və NATO-nun rəhbərliyi Ukraynanın Xerson vilayətinin işğal olunmuş hissəsində Kaxovka SES-in su bəndinin dağılmasını Rusiyanın qonşu ölkəyə müdaxiləsi ilə bağlayır.

NATO-nun baş katibi Yens Stoltenberq baş vermiş hadisəni “hiddət doğuran akt” adlandırıb:

"Kaxovka bəndinin dağıdılması minlərlə sakinin həyatını risk qarşısında qoyur və ətraf mühitə ciddi ziyan vurur. Bu hiddət doğuran akt Rusiyanın Ukraynadakı müharibəsinin qəddarlığını bir daha nümayiş etdirir”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə deyib ki, baş verənlərdən sarsılıb və Rusiya Ukraynada vətəndaş infrastrukturunu məhv etdiyinə görə “müharibə cinayəti ittihamı” ilə məsuliyyətə cəlb edilməlidir.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də SES bəndinin dağılmasına görə Moskvanın məsuliyyət daşıdığını bildirib.

Almaniya kansleri Olaf Şolts SES-in dağılmasına görə birbaşa Moskvanı ittiham etməsə də, deyib ki, bu hadisə prezident Vladimir Putinin Ukraynada apardığı müharibənin dəst-xəttinə uyğun gəlir:

“Bu, Rusiya əsgərlərinin Ukraynada törətməsinin şahidi olduğumuz çoxsaylı cinayətlərinə uyğun gəlir və mülki obyektləri – şəhərləri, kəndləri, xəstəxanaları, məktəbləri hədəfləyən hərbi hərəkətlərin bir hissəsidir”.

Çexiyanın xarici işlər naziri Yan Lipavski də hadisəyə münasibət bildirib.

Onun sözlərinə görə Rusiya öz təcavüzünün sərhədlərini genişləndirir:

"Yeni Kaxovkada su bəndinə hücum mülki əhaliyə qarşı kütləvi qırğın silahının tətbiqinə bərabər sayılmalıdır. Bu qəddarlıq məhkum ediləcək və cəzalandırılacaq”.

Rusiya su bəndinin dağılmasına görə Ukraynanı ittiham edir və Rusiya İstintaq Komitəsi bu “diversiya aktı” ilə bağlı cinayət işi qaldırıb.

***

Ukrayna Rusiyanı Dnepr çayı üzərindəki böyük bəndi partlatmaqda ittiham edib. Subasma təhlükəsinə görə onminlərlə sakinin evakuasiyası elan edilib.

Ukraynanın Xerson vilayətində Kaxovskaya Su Elektrik Stansiyasının bəndi dağıdıldığından, tonlarla su Dnepr çayına tökülüb.

“Rusiya terrorçuları”, – Prezident Volodimir Zelenski Twitter-də yazıb. O, dağılmış bənd və suyun böyük yarıqdan sürətlə axdığı görünən videonu yerləşdirib.

“[Nova] Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması bütün dünyaya onu göstərir ki, onlar Ukrayna torpaqlarının hər yerindən qovulmalıdırlar. Onların əlində bircə metr belə qalmamalıdır, çünki onlar hər metrdən terror üçün istifadə edirlər. Terrorçular Ukraynanı su, raket və ya başqa bir şeylə dayandıra bilməyəcəklər”, – deyə Zelenski yazıb və bütün xidmətlərin işlədiyini əlavə edib.

Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin çərşənbə axşamı səhər Kaxovskaya SES-də bəndin partladılmasını təsdiqləyib və suyun 5 saatdan sonra kritik həddə çatacağını bildirib. O, subasma təhlükəsi olan ərazilərdən evakuasiya elan edib.

Ukrayna qoşunlarının “Cənub” qrupunun əməliyyat komandanlığı öz Facebook səhifəsində Rusiya hərbçilərinin Kaxovka SES-i partlatdığını bildirib. Ukrayna prezident aparatı rəhbərinin müşaviri Daria Zarivna bildirib ki, partlayışın məqsədi Ukraynanın əks-hücumunu pozmaq cəhdidir.

Rusiyalı hərbi blogerlər isə SES-in dağıdılmasında Ukrayna ordusunu günahlandırırlar. Rusiya Müdafiə Nazirliyi vəziyyəti şərh etməyib.

TASS-ın məlumatına görə, 80 yaşayış məntəqəsi sel təhlükəsi altındadır.

Kaxovka vilayətinin hərbi-mülki administrasiyasına Rusiyanın təyin etdiyi Vladimir Leontiev əvvəlcə “hər şeyin sakit və sakit olduğunu” iddia etsə də, sonra Ukraynadan gələn “gecə zərbələri” nəticəsində klapanların sıradan çıxdığını deyib. Dnepr çayının Rusiya hərbçilərinin işğalı altında olan edilən sol sahilində Nova Kaxovka yerləşir. Leontyev əhalinin təxliyəsinə hələ ehtiyac olmadığını deyib.

Ukrayna Daxili İşlər Nazirliyi isə Dnepr çayının sağ sahilində potensial daşqın zonalarından dinc əhalinin təxliyə edildiyini açıqlayıb. Nazirlik xəbərdarlıq edib ki, Dnepr çayının sağ sahilindəki Nikolayevka, Olqovka, Levo, Tyaginka, Ponyatovka, İvanovka, Tokarevka, Pridneprov kəndləri və Xersonun bir hissəsi - Korabel adası subasma təhlükəsi altındadır.

Ukrayna prezidenti Volodimir Zelenski Kaxovka su elektrik stansiyasında partlayışla əlaqədar Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Zelenski hələ 2022-ci ilin oktyabrında Kaxovskaya SES-də bəndin dağıdılması təhlükəsindən danışıb.

Kaxovka SES Ukraynanın qismən Rusiyanın nəzarətində olan Xerson vilayətində yerləşir. Zaporojye AES Kaxovka su anbarının kənarındadır. Kaxovskaya SES-in sıradan çıxarılması Zaporojye AES üçün risklər yaradır. Belə ki, reaktorların su ilə soyudulmasında problemlər yarana, digər tərəfdən, Rusiyanın ilhaq etdiyi Krım da faktiki susuz qala bilər.

XS
SM
MD
LG