Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:59

Keçmiş Ukrayna prezidenti Yanukoviçin rəsmiləri Dubayda milyonlarla dollarlıq mülklərə sahib olublar


Ukraynada kremlyönlü keçmiş prezident Viktor Yanukoviçin hakimiyyəti dövründə çalışmış rəsmilər Dubayda daşınmaz əmlaka milyonlarla dollar vəsait yatırıblar.

Bu barədə AzadlıqRadiosu Ukrayna xidmətinin Sxemı layihəsinin xüsusi araşdırmasında deyilir.

Bu da qeyd olunur ki, bu şəxslər sözü gedən aktivləri barədə bəyannamə verməyiblər və onlara qarşı heç bir ittiham irəli sürülməyib.

Sxemı layihəsinin bu təhqiqatı dünya boyunca 70-dən çox media qurumunun aşkar etdiyi faktlar əsasında aparılıb. Buna görə jurnalistlər əsas etibarilə 2020-2022-ci illər arasında Dubaydakı minlərlə mülkə dair sızmış məlumatları toplayıblar.

Jurnalistlər sözü gedən keçmiş rəsmilər arasında Yanukoviç hökumətində ətraf mühit nazirinə və Regionlar partiyasından olan bir neçə millət vəkilinə aid faktları üzə çıxarıblar.

Regionlar partiyasına 2014-cü ildə xalq hərəkatı dalğası nəticəsində ölkədən qaçmış Yanukoviçin özü başçılıq edirdi.

Ukrayna qanunları dövlət rəsmiləri də daxil vətəndaşların Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mülkiyyət almasını qadağan etməsə də antikorrupsiya təşkilatları BƏƏ-nin qanunsuz sərvət üçün saxlanc yeri olmasına uzun müddətdir ki, diqqət yetirirdilər.

Londonda mənzillənmiş Royal United Services institutunda maliyyə və təhlükəsizlik mərkəzinin direktoru Tom Kitinq (Tom Keatinge) Sxemı layihəsinə deyib ki, BƏƏ “pulun çox etibarlı saxlandığı və çox az sorğulandığı” bir ölkədir.

Onun sözlərinə görə öz ölkəsində pullarının sorğulana biləcəyindən narahat olanlar üçün BƏƏ ən münasib seçimdir.

Viktor Yanukoviç və Mikola Zloçevski (2011-ci il)
Viktor Yanukoviç və Mikola Zloçevski (2011-ci il)

ABŞ-da da qalmaqal yaratmış Burismanı yaradan Zloçevski

Dubai Unlocked (Faş edilmiş Dubay) adı qazanmış sənəd sızmasından adı çıxmış Mikola Zloçevski Yanukoviçin hökumətində ətraf mühit naziri olub. O Ukraynada ən böyük qaz istehsalçısı olan Burisma Group şirkətinin əsasını qoyub. Burisma şirkəti ilə bağlı qalmaqal bir vaxtlar ABŞ-ın daxili siyasət meydanında da təlatüm yaradıb. ABŞ prezidenti Co Baydenin oğlu Hanter bu şirkətdə direktorlar şurasının üzvü idi.

Zloçevski 2019-cu ildə W Residences Dubai - The Palm elit yaşayış kompleksində toplam dəyəri az qala 11 milyon dollar olan iki mənzil alıb.

Zloçevski bu mənzillər alınanda artıq vəzifədə olmasa da Ukrayna hakimiyyəti onu külli məbləğdə mənimsəmə şübhəsi ilə axtarışa vermişdi.

O habelə hüquq-mühafizə zabitlərinə 5 milyon dollar rüşvət vermək cəhdində ittiham olunur.

O məhkəmədə ittihamları qəbul edib və Ukrayna ordusuna dron və başqa silahlar alınması üçün 15 milyon dollar ianə edib.

Dubaydakı iki mənzilin sahibliyi Zloçevskinin qızı Annaya keçib və daşınmaz əmlak sənədlərindən mənzillərin alınması üçün Kipr pasportlarından istifadə olunduğu məlum olub.

Nə Zloçevski, nə də qızı ailələrinə məxsus şirkətlər barədə jurnalistlərin sorğularına cavab verməyiblər.

“Bir çanta pul”

Dubaydakı “Damac” daşınmaz əmlak agentliyindən “mülk turu” ala bilmiş İsveçin SVT telekanalının jurnalistlərinə deyiblər ki, müştərilər bu agentlikdən mülkləri bir çanta pulla da, kriptovalyuta ilə də ala bilərlər və heç kim onlardan pulun mənşəyini soruşmayacaq.

Jurnalistlərə bu da deyilib ki, mülkiyyəti nağd pula almaq müştərini hər hansı bank araşdırmaları ilə üzləşməkdən xilas edir.

Hərçənd agentliyin nümayəndəsi daha sonra deyib ki, şirkət müştərilərini yoxlayır və əslində heç kimə nağd pulla mənzil almağı tövsiyə etmir.

Hökumətlər üçün Dubayın daşınmaz əmlak bazarından mülk almış vətəndaşların vergi məlumatlarını yoxlamaq da çətin olur.

Ukrayna iqtisadçılarından Vyaçeslav Çerkaşin Sxemı layihəsinə deyib ki, Dubayda mülk alan və ya bu mülkü kirayəyə verən Ukrayna vətəndaşları vergi və hərbi rüsum ödəməlidirlər.

İqtisadçının sözlərinə görə heç kim belə rüsum və vergiləri ödəməyə can atmır.

Regionlar Partiyasının dəbdəbəli mülkləri

Yanukoviçin hazırda qadağan edilmiş Regionlar partiyasından çox sayda deputat da BƏƏ-də daşınmaz əmlak alıb.

Onlardan biri də Zaporojye regionundan keçmiş deputat Vyaçeslav Bohuslayevdir.

Bohuslayev 2022-ci ildə Rusiyanın müdaxiləsindən dərhal sonra Ukrayna hökuməti tərəfindən milliləşdirilmiş Motor Sich aerofəza şirkətinin prezidenti olub.

Jurnalistlər bildirirlər ki, Bohuslayev və oğlu 2009-2018-ci illərdə Dubayda ümumi dəyəri 15 milyon dollar olan azı 19 mənzil və ofis sahəsi alıblar. Mənzillərdən biri Bohuslayevin, qalanları oğlunun adına sənədləşdirilib. O Motor Sich şirkətində direktorlar şurası sədrinin müavini idi.

Hazırda sözü gedən mənzillərdən yalnız 5-i Bohuslayevlər ailəsinin mülkiyyətində qalır. Ailə 2019-cu ildən mənzilləri satmağa başlayıb.

Bohuslayev 2022-ci ildə Rusiyanın müdaxiləsindən dərhal sonra Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanıb və azı iyunun 10-dək həbsdə qalacaq.

Sxemı layihəsinin bundan əvvəlki araşdırmaları onun İranda Şahed dronlarını istehsal edən dövlət hərbi şirkətləri ilə əlaqələri olduğunu göstərib.

Araşdırma hesabatında deyilir ki, Ukraynanın başqa rəsmiləri də Dubayda çoxsaylı mülklər alıblar.

Bunların arasında Odessa vialyətinin keçmiş prokuror müavini Oleh Kornilov, Yanukoviçin dövründə nüfuzlu hakim olmuş Artur Yemelyanovun arvadı Svitlananın da adları var.

Hakim Artur Yemelyanov və keçmiş arvadı Svitlana
Hakim Artur Yemelyanov və keçmiş arvadı Svitlana

“Faş edilmiş Dubay” (Dubai Unlocked) sızmaları hardan gəlir

Faş edilmiş Dubay” (Dubai Unlocked) sızmalarından gələn məlumatları Vaşinqtonda mənzillənmiş Mütərəqqi Müdafiə Tədqiqatları Mərkəzi əldə edib.

Beynəlxalq cinayət və münaqişələri araşdıran Mərkəz materialları Norveçin E24 qurumu və jurnalistlərin korrupsiya araşdırmaları təşkilatı – OCCRP ilə paylaşıb.

Layihənin əsasını təşkil edən məlumatlar 100-dən artıq məlumat bazasından sızmış informasiyalardan götürülüb.

Bunların böyük əksəriyyəti Dubay Torpaq Nazirliyindən, habelə açıq informasiyalardan qaynaqlanır.

XS
SM
MD
LG