Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Kiyev güllələndiyi iddia olunan əsirin kimliyinin müəyyənləşdiyini deyir


Qətl videosu yayılan ukraynalı hərbi əsir
Qətl videosu yayılan ukraynalı hərbi əsir

Ukrayna hərbiyyəsi Rusiya hərbçiləri tərəfindən güllələndiyi iddia olunan ukraynalının kimliyini müəyyənləşdirdiyini bildirib.

İddia olunan edam səhnəsinin videosu sosial media platformalarında yayılıb.

Ukrayna bu hadisə ilə bağlı beynəlxalq hərbi cinayət araşdırmasının keçirilməsinə çağırıb.

Ukrayna silahlı qüvvələrinin 30-cu əlahiddə mexanikləşdirilmiş briqadası martın 7-də teleqram kanalında yayılmış bəyanatda bildirir ki, ilkin məlumat videodakının onun hərbçilərindən biri olduğunu göstərir.

Bəyanatda bu şəxsin Timofiy Mikolayeviç Şadura olduğu deyilir.

Məlumatda qeyd olunur ki, bu hərbçi fevralın 3-dən bəri Baxmut ətrafındakı döyüşlərdə itkin düşmüş sayılırdı:

"Hazırda hərbçimizin meyiti müvəqqəti işğal olunmuş ərazidədir. Onun kimliyinin yekun təsdiqi meyit qaytarılandan və müayinə ediləndən sonra veriləcək”.

30-cu əlahiddə mexanikləşdirilmiş briqada mərhumun yaxınlarına və dostlarına dərin hüznlə baş sağlığı verib və “qisasın qaçılmaz” olacağını vəd edib.

Ukrayna parlamentində hakim “Xalqın xidmətçisi” fraksiyası bildirib ki, Şaduraya ölümündən sonra “Ukrayna qəhrəmanı” ordeninin verilməsi üçün prezident Volodimir Zelenskiyə müraciət ediləcək.

‘Slava Ukraine!’ qışqıran hərbi əsirin güllələnməsində Rusiya hərbçiləri ittiham olunur

Ukraynanın Təhlükəsizlik Xidməti sosial mediada “Slava Ukraine!” qışqıran silahsız əsirin ehtimal olunan qətli üzrə cinayət işi açıb. Bu haqda ölkənin baş prokuroru Aleksey Kostin məlumat verib.

Ukrayna və Rusiyanın Telegram kanallarında yayılan videoda hərbi formada silahsız bir kişi meşədə dayanıb, siqaretini çəkib qurtarandan sonra “Slava Ukraine!” qışqırır. Bundan sonra ona avtomat silahdan atəş açılır və o, yerə yıxılır. Videonun harada, nə zaman çəkildiyi bəlli deyil. Öldürüldüyü bildirilən şəxsin kimliyi də aydın deyil.

Beynəlxalq Cinayət Məhkəməsinə müraciət

Xarici İşlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğunu baş verənləri araşdırmağa çağırıb.

“Silahsız ukraynalı hərbi əsirin ‘Slava Ukraine!’ qışqırdığına görə rusiyalı hərbçilər tərəfindən qətlə yetirilməsinin videosu dəhşətlidir. Bu, müharibənin soyqırımı olmasına daha bir sübutdur. BCM-nin prokuroru Karin Xanın bu dəhşətli hərbi cinayəti Beynəlxalq Cinayət Məhkəməsi çərçivəsində araşdırmağa başlaması çox vacibdir. Təqsirkarlar ədalət məhkəməsi qarşısına çıxarılmalıdır”, – o yazıb.

Ukraynanın ombudsmanı Dmitri Lubinets deyib ki, videonu ölkənin beynəlxalq tərəfdaşlarına və digər ölkələrdəki həmkarlarına göndərib.

Zelenskinin şərhi

Prezident Volodimir Zelenski isə video haqda belə yazıb: “Bu gün işğalçıların cəsarətlə onların gözlərinin içinə ‘Slava Ukraine!’ deyən hərbçini vəhşicəsinə öldürməsinin videosu yayılıb. İstəyirəm ki, hamımız birlikdə onun sözlərinə cavab verək: ‘Qəhrəmanlara eşq olsun! Ukraine slava!’ Biz qatilləri tapacağıq”.

Hər iki tərəfdən əsir düşən silahsız hərbçilərin qətl videosu ilk dəfə deyil yayılır. Onların hər birində tərəflər bir-birini hərbi cinayətlərdə ittiham ediblər.

Ukrayna hakimiyyəti öz ordusunun hərbçilərinin törətdiyi mümkün cinayət hallarını araşdırmaq vədi verib. Rusiya hakim orqanları isə ukraynalı hərbçilərin öldürülməsi videolarını şərh etməyib.

XS
SM
MD
LG