Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

Çıxış yolu axtarışı və olası seçki söhbətləri ilə savaş gedən Ukraynaya siyasət geri dönür


Volodimir Zelenski
Volodimir Zelenski

Rusiya savaşa başlayandan – ötən ilin fevralından bəri Ukraynada ən böyük siyasi gərginlik gözə çarpır. Ordu başçılarından biri "The Economist" dərgisinə müsahibə verərək münaqişənin "çıxmaza" düşdüyünü deyir, müharibə gedərkən ölkədə seçkilərin keçirilməsi dartışılır, Rusiyadan Almaniyaya uzanan qaz kəmərinin dağıdılmasında yüksək vəzifəli Ukrayna rəsmilərinin əli olduğuna dair xəbər yayılır.

Aleksandr Palikotun məqaləsində deyilir ki, bu, böhran, yaxud savaşöncəsi siyasətə qayıdış deyil. Ancaq baş verənlər birliyi sayəsində Rusiyaya yenilməyən ölkədə narazılığı artıra bilər. Özəlliklə qarşıdan gələn daha bir qış və Qərbin dəstəyinin gəlib-gəlməyəcəyinin bilinmədiyi bir zaman.

"Burada cəbhəyə nəzarət edərkən onlar Kiyevdə siyasi qalmaqallarla məşğul olmaq istəyirlərsə, o zaman biz batmışıq", - Uqledar yaxınlığında qərar tutmuş briqadanın 40 yaşlı əsgəri Anatolinin sözləridir.

Yüz minlərlə yorğun əsgərin döyüşü, mülki əhalinin, o sıradan siyasi kəsimin savaşın sonunun yaxınlaşmadığını anlaması fonunda "biz" və "onlar" bölgüsü get-gedə daha çox gözə dəyməyə başlayır.

General Valeri Zalujnı "The Economist" dərgisinə verdiyi səs-küylü və acıqlı müsahibəsində döyüş meydanındakı durumu Birinci Dünya müharibəsindəki durğunluğa bənzədərək yaxın zamanda heç kimin Ukraynadan "dərin və gözəl" sıçrayış gözləməli olmadığını söyləyib.

Valeri Zalujnı
Valeri Zalujnı

"Reallığın dəqiq təsviri"

Noyabrın 1-də müsahibə ilə yanaşı dərc edilmiş essesində Zalujnı iddia edib ki, düşdüyü dalandan çıxmaq üçün Ukrayna nəinki lazım olan mərmi və raket sayını qoruyub saxlamalı, həm də hava gücünü və yerli müdafiə istehsalını artırmalı, dronlar, elektron silahlar, artilleriyaya qarşı imkanlar və minasızlaşdırma avadanlığı kimi sahələrdə innovasiyalara başlamalıdır.

Anatoli və yoldaşları kimi, bir çox əsgər bu yazılanları gündəlik reallığın dəqiq təsviri kimi görür.

Müharibənin ilk həftələrindən, Kiyevin uğurlu müdafiəsindən bəri Anatoli ilə birlikdə vuruşan Vasil AzadlıqRadiosuna deyib ki, bu yay onların hərbi birliyinin Rusiyanın müdafiə xətlərini yarmağa yetərli gücü olmayıb. Onun sözlərinə görə, indi özlərini Rusiyanın mərmi və bomba hücumlarından qorumaqdan ötrü yetərincə dərin səngərlər qazmağa çalışırlar.

"Zalujnı durnanı gözündən vurub – afərin! Ancaq təkcə bu problemlərimizi çözməz", - Vasil deyir.

Kiyevdə isə Zalujnının sözləri o qədər də bəyənilməyib və əks-hücumun uğursuzluğunun açıq etirafı sayılıb.

Üstəlik, bu üzdən ölkənin hərbi və siyasi liderləri, o cümlədən Zalujnının özü və prezident Volodimir Zelenski arasında mübahisə yaranıb.

İhor Jovkva
İhor Jovkva

"Bizim daha seçimimiz qalmayıb"

Məqalə çıxandan iki gün sonra Zelenskinin qərargah rəisinin müavini İhor Jovkva milli televiziyanın canlı efirində danışaraq hərbçilərin belə ictimai bəyanatlardan çəkinməli olduğunu deyib. O, çıxmaza düşmək haqda danışmağın təcavüzkarın işini asanlaşdırdığı barədə xəbərdarlıq edib və Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəkləyən bir ölkənin yüksək vəzifəli rəsmisinin "çaşqınlıq içində" ona zəng vurduğunu da söyləyib.

Eyni gündə Zelenski Zalujnının müavinlərindən biri olan briqada generalı, Özəl Əməliyyat Qüvvələrinin komandanı Viktor Xorenkonu vəzifəsindən azad edərək yerinə başqasını təyin edib.

Növbəti gün Zelenski mətbuat konfransında Zalujnının ritorikasına toxunub: "Zaman keçib, insanlar hansı statusda olur-olsun, yorulublar. Bu, anlaşılandır, ancaq döyüş meydanındakı durum çıxılmaz durum deyil".

Noyabrın 1-də "The Economist"də çıxan müsahibə və essedən öncə oktyabrın 30-da başlığı "Time" dərgisinin ön səhifəsində çıxan məqalə də sakit qarşılanmamışdı. Məqalədə Zelenskiyə yaxın olan, amma kimliyini açıqlamamaq şərtilə danışan bir neçə nəfərdən sitat gətirilmişdi. Onlardan biri prezidentin müharibə barədə özü-özünü aldatdığını demişdi. "Bizim daha seçimimiz qalmayıb. Biz udmuruq, ancaq görün, bunu ona deyə bilərsinizmi", - həmin şəxsin sözləridir. Başqa bir müsahibsə deyib ki, Zelenskinin düşüncəsinə görə, Qərb onu satıb.

Əks-hücumla bağlı narahatlıq və Qərbin dəstəyinin gələcəyinə dair suallar fonunda "Time" dərgisinin məqaləsi Kiyev rəsmilərinin əsəblərinə toxunub.

Zelenskinin müşaviri Mixaylo Podolyak AzadlıqRadiosunun Ukrayna xidmətinə bu məqalənin bir jurnalistin subyektiv baxışını əks etdirdiyini söyləyib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovsa iddia edib ki, məqalə prezident ofisindəki övqatı yanlış göstərib. Onun fikrincə, yazının bir bölümü Rusiya təbliğatını xatırladır.

Podolyak başqa bir açıqlamasında Zalujnının "The Economist"də yazdıqlarının Ukraynanın hərbi və siyasi rəhbərlikləri arasındakı çatı göstərdiyi barədə deyilənləri rədd edib.

Dmitro Kuleba
Dmitro Kuleba

Zelenski prezident seçkiləri keçirmək barədə düşünür?

Ancaq Kiyevdə yaşanan siyasi gərginliyin əsas katalizatoru sözügedən iki məqalədən çox, xarici işlər naziri Dmitro Kulebanın sözləri olub. Kuleba noyabrın 3-də deyib ki, Zelenski gələn ilin yazında prezident seçkisi keçirmək barədə düşünür.

Parlament seçkiləri 2023-cü ilin oktyabrında, prezident seçkisi isə 2024-cü ilin martında keçirilməli idi. Eyni ayda Rusiya prezidenti Vladimir Putin də növbəti altı il müddətinə seçilməyə çalışacaq. Ancaq Ukrayna Konstitusiyası müharibə dövründə seçki keçirilməsini tələb etmir, bəzi təfsirlərə görə, hətta bunu yasaqlayır. Bütövlükdə götürəndə ictimaiyyət gələn ilin martında, daha doğrusu, güvənli, azad və ədalətli seçki ortamı yarananadək prezident seçkisinin keçirilməyəcəyini düşünürdü. Ancaq bu ehtimal Kulebanın bəyanatından öncə də dartışılırdı.

May ayında Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks (Tiny Kox) deyib ki, savaş getsə də, Ukrayna seçki keçirməlidir, Avropa Şurasının nizamnaməsi belə tələb edir. Avqustda Kiyevə səfər edən respublikaçı ABŞ senatoru Lindsi Qrem (Lindsey Graham) də gələn il seçkinin keçirilməli olduğunu deyib. Senator Qrem Ukraynanın dəstəkçisidir.

Ancaq Qərbdə Ukraynanı tənqid edənlər, o cümlədən "Fox News"un keçmiş aparıcısı Taker Karlson (Tucker Carlson) Rusiyanın narrativini təkrarlayaraq Ukraynanın demokratiya olub-olmamasını sorğulayıb və deyib ki, Kiyev demokratiya olduğunu sübut etmək üçün seçki keçirməlidir.

Avqustun 27-dəki çıxışı zamanı Zelenski müharibə dövründə seçki keçirilməsinə şübhə ilə yanaşdığını hiss etdirmişdi. O demişdi ki, bunun üçün qanunvericiliyə dəyişiklik edilməli, xarici tərəfdaşlardan maliyyə dəstəyi gəlməli və hətta cəbhə xəttinə beynəlxalq müşahidəçilər göndərilməlidir.

Oktyabrın 10-da isə o, müharibə bitmədən seçki keçiriləcəksə, prezidentliyə namizədliyini irəli sürəcəyini söyləyib. Zelenski parlamentlə hökumətin yaranmış suallara cavab tapacağı təqdirdə seçki keçirməyə hazır olduğunu deyib. Düzdür, o, 2019-cu ildə ikinci müddətə seçilmək üçün namizədliyini verməyəcəyini vəd etmişdi.

Zelenski (sağda) Ukraynanın keçmiş prezidentləri Petro Poroşenko, Viktor Yuşşenko, Leonid Kuçma və Leonid Kravçuk ilə. 2019
Zelenski (sağda) Ukraynanın keçmiş prezidentləri Petro Poroşenko, Viktor Yuşşenko, Leonid Kuçma və Leonid Kravçuk ilə. 2019

Vətəndaşların 81 faizi indi seçki keçirilməsini istəmir?

Bir çox QHT durumun ciddi dəyişməyəcəyi halda yaxın gələcəkdə seçki keçirilməməsində israr edir. Sentyabrın 18-də 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı birgə bəyanat yayaraq hökuməti seçki keçirməməyə çağırıb. Onların əsas arqumenti budur ki, demokratik seçkilərlə tammiqyaslı müharibə bir yerdə mümkün deyil.

Güvənlik məsələlərindən başqa, ortada 6 milyondan çox qaçqının ölkəni tərk etməsi, 5 milyona yaxın vətəndaşın məcburi köçkünə çevrilməsi, milyonlarca insanın Rusiya işğalı altında yaşaması, eləcə də 1 milyona yaxın vətəndaşın ordu və təhlükəsizlik qüvvələrində xidmət etməsi gerçəyi var. Müharibə dövründə seçkiyə qarşı çıxanlar deyirlər ki, bu şəraitdə vətəndaşlar bərabər səsvermə haqlarına malik olmayacaqlar.

Müharibə şəraitində seçki keçirilməsinə qarşı arqumentlərdən biri də Ukraynanın əsas TV kanallarının günboyu "Birləşmiş xəbər telemarafonu" adlı eyni kontenti yayımlamasıdır; bu şərtlər altında müxalifətin efir vaxtına çıxışı məhdud olacaq.

Potensial seçicilər də indiki dövrdə seçki keçirilməsinə qarşıdırlar. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 81 faizi seçkilərin müharibədən sonra keçirilməli olduğunu düşünür.

XS
SM
MD
LG