Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Səssiz dirəniş: Rusiyada savaş rəmzlərinin götürülməsini istəyənlər var


İrkutskdakı dram teatrının önündə "Z" plakatı
İrkutskdakı dram teatrının önündə "Z" plakatı

Rusiya Ukraynaya qarşı müharibəyə başlayınca, İrkutskdakı dram teatrının önünə üzərində latın Z hərfi olan plakat asılmışdı. Yerli administrasiya bununla prezident Vladimir Putinin savaş siyasətinə dəstəyini ifadə edirdi.

Çox zaman aqressiv şəkildə təbliğ edilən Z simvolunu tənqid edənlər onu faşizmin dövlətə loyallıq və hərbiləşmə emblemi kimi görür. Onlar bu simvola ad da qoyublar – "Zvastika" (faşizmin simvolu sayılan "svastika" sözündə sadəcə baş hərf dəyişdirilib - red.).

İrkutskdakı bu plakat aylarla qalandan sonra may ayında yerli mediada xəbər yayılıb ki, şəhərin teatr icması şəhər rəhbərliyinə sakitcə iki xahiş məktubu göndərərək plakatın götürülməsini istəyib. Məktublarda yazıldığına görə, plakat dəfələrlə vandalların hücumuna məruz qalıb; onun üzərinə içi boşaldılmış, yerinə "zelyonka" doldurulmuş yumurta atıldığından tarixi bina zədələnib.

Merin ofisi müraciətlərə məhəl qoymasa da, Telegram-da "İrkutsk bloq" adlı yerli xəbər kanalı işlədən Vadim Palko bu nəhəng plakatın çıxarılmasını tələb edən ictimai kampaniyaya başlayıb. Kampaniya qısa müddətdə 440 dəstəkçi toplayıb. Noyabrın sonunda merin müavini Tatyana Makarıçeva cavab yazaraq xahişə "yox" cavabını verib və iddia edib ki, banner "vətəni, xalqı və bizim ənənələrimizi qoruyur". O, Z simvolu barədə neqativ bəyanat verənlərin silahlı qüvvələri gözdən salmanı kriminallaşdıran qanuna görə cəzalandırıla biləcəyini də diqqətə yetirib.

"Bu xəbər heç də təəccüblü deyil"

Ancaq Palko AzadlıqRadiosunun Sibir.Realii xidmətinə deyib ki, Z bannerini çıxarmaq uğrunda mübarizə bitməyib. "Planımıza görə, indi prokurorluğa yeni məktublar hazırlayırıq", - o, belə deyir.

İrkutskdakı banneri çıxarmaq üçün aparılan kampaniya, ona qoşulanların sayca artması, bannerin vandal hücumuna məruz qalması haqda həqiqət olub-olmadığı bilinməyən iddialar insanların xalqa baha başa gələn və artıq üçüncü ilinə girməyə yaxınlaşan bu müharibədən yorulduğunu göstərir. Putinin hərbi səfərbərlik elan edərək müharibəni yüz minlərlə rusiyalının qapısına gətirməsinin üstündən bir ildən çox vaxt keçib.

"Elə əvvəldən müharibəyə xalq dəstəyi olmayıb. Mən Z işarəsini yalnız ötən ilin aprelində bir maşının üstündə görmüşəm. Adamların üzərində belə stiker olan maşınların təkərlərini deşməsi haqda söhbətlər gəzirdi. … Ona görə bu xəbər heç də təəccüblü deyil", - Rusiyanın şimal-qərbində yerləşən Sıktıvkar şəhərinin sakini, 2022-ci ilin fevralında müharibə əleyhinə etiraz aksiyası zamanı polis əməkdaşını "faşist" adlandırdığı üçün barəsində cinayət işi açılınca Rusiyanı tərk etməli olan Aleksey İvanovun sözləridir.

Novosibirskdə Z banneri tələbənin şikayətindən sonra çıxarılıb
Novosibirskdə Z banneri tələbənin şikayətindən sonra çıxarılıb

"Deputat… gərəksə, səs-küy də qaldıra bilər"

Artıq bir ildən çoxdur ki, 17 yaşlı orta məktəb şagirdi Yevgeni Fokin hökumətin Novosibirskdəki ictimai yerlərdən Z bannerlərini götürməsi tələbi ilə kampaniya aparır. O, ötən ilin mayında bannerin reklam qaydalarını pozduğunu iddia etməklə şəhər rəhbərliyini bannerlərdən birini götürməyə inandıra bilib.

"Birinci bannerdən sonra [eyni] binanın üzərində onun yeni versiyası peyda oldu. Mən [şəhər] administrasiyasına ikinci şikayəti yazdım və dedim ki, banner yenə də şəhərin standartlarına cavab vermir və götürülməlidir", - Fokin AzadlıqRadiosuna belə deyib.

Fokin ikinci bannerin də götürüldüyünü görəndə təəccüblənib. O vaxtdan bəri 10-a yaxın bannerin götürülməsinə nail olduğunu söyləyən gənc əhalisi baxımından Rusiyanın üçüncü ən böyük şəhərinin mərkəzi hissəsini hökumətin savaş çağırışlarına xidmət edən plakatlardan təmizləyib.

"…Təkcə qanuni reklam platformalarında yerləşdirilən plakatlar qalıb. Z işarələrini, demək olar, bütün şəhər nəqliyyatından da yığışdırıblar. Avtobuslarda hələ də qalır, ancaq tramvay və trolleybuslardan götürülüb", - yenə onun sözləridir.

Banner əleyhinə kampaniya başladandan az sonra Fokin Novosibirsk Şəhər Şurasının müstəqil (partiyasız) üzvü Svetlana Kavrzinanın köməkçisi qismində işə götürülüb. Fokin kampaniyasının uğurunu həm də bu fakta bağlayır: "Deputat tələb edəndə məmurlar ona düz-əməlli cavab verməyə məcburdurlar. Üstəlik, onlar bilirlər ki, deputat onların verdiyi istənilən məlumatı yoxlaya və gərəksə, səs-küy də qaldıra bilər".

Apreldə Rusiyanın dördüncü ən böyük şəhəri olan Yekaterinburqda Dövlət Memarlıq və İncəsənət Universitetinin tələbələri Z bannerinin universitet binasının fasadından götürülməsi tələbi ilə petisiya üçün imza toplamağa başlayıblar. Naməlum vandallar hətta banneri kəsərək üzərinə qırmızı boya töküblər.

Yekaterinburqdakı Dövlət Memarlıq və İncəsənət Universitetinin binası Z bannerlərindən təmizlənib
Yekaterinburqdakı Dövlət Memarlıq və İncəsənət Universitetinin binası Z bannerlərindən təmizlənib

"Pəncərələri sındıracaqlar"

Petisiya 600-dən çox imza toplayanda universitet rəsmiləri kampaniyanın təşkilatçılarından ikisini çağıraraq onlara Daxili İşlər Nazirliyinin "E mərkəzi" kimi tanınan Ekstremizm Əleyhinə Komitənin yerli şöbəsinə izahat yazmağı tapşırıblar.

"Mediazona"nın iyulda yaydığı xəbərə görə, tələbələr bundan boyun qaçırsalar da, dekan Z bannerinin yerində qalacağını söyləyib.

"Mediazona" Perm, Yaroslavl və Sankt-Peterburqda da bənzər halları qeydə alıb.

"Mediazona" küçələrdəki və metrodakı Z bannerlərinə qarşı kampaniya aparan Sankt-Peterburq sakini Aleksey Laxovun bu sözlərini xəbərə əlavə edib: "Düşünürəm ki, belə səssiz dirəniş üsulundan yararlanmaq vacibdir, məncə, bu, nisbətən güvənli yollardan biridir".

Noyabrın 17-də Komi Respublikasının rəhbəri Vladimir Uiba öz Telegram kanalında bölgədə yurdsevər, savaşı dəstəkləyən rəmzlərin azlığından gileylənib: "Bütün dövlət qurumlarına tapşırdım ki, bizim uşaqları dəstəkləsinlər və bu şüarları vursunlar. Ancaq nəqliyyat şirkətləri mənə dedi ki, bunu edə bilməyəcəklər. Soruşdum niyə? Mənə belə cavab verdilər: "Axı pəncərələri sındıracaqlar"…".

XS
SM
MD
LG