Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

NATO baş katibinin keçmiş köməkçisi: 'Başqasının ölkəsini bölüşdürməməliyik'


Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Co Bayden iyulun 11-də Vaşinqtonda NATO-nun sammiti zamanı NATO-Ukrayna Şurasının iclasında.
Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Co Bayden iyulun 11-də Vaşinqtonda NATO-nun sammiti zamanı NATO-Ukrayna Şurasının iclasında.

Vaşinqtonda 9-11 iyul tarixlərində keçirilən NATO sammitində Rusiyanın tammiqyaslı müdaxiləsinə qarşı Ukraynanın mübarizəsini dəstəkləmək üçün yeni iri yardım paketi açıqlanıb və Kiyevin üzvlüyə doğru "geridönməz yolda" olduğu bildirilib.

Ancaq böyük ehtimalla bu üzvlük hələ xeyli uzun çəkəcək. Alyans Ukraynanın müdafiəsini gücləndirsə də, ABŞ, Almaniya və digər üzv dövlətlər savaş getdiyi müddətdə Ukraynaya üzvlük təklif edilməyəcəyini bildirib.

Britaniya Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Patrik Törner (Patrick Turner) 2018-2022-ci illərdə NATO baş katibinin köməkçisi vəzifəsində çalışıb. Törner AzadlıqRadiosu gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə müsahibəsində Ukraynanın NATO üzvlüyü məsələsini, alyansın son sammitini, ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı müharibəni 24 saata bitirə biləcəyinə dair iddiasını şərh edib.

"Ukraynaya dəstək xeyli yekdil və Putinin gözlədiyindən daha güclü olub"

Törner deyir ki, sammit zamanı Amerikadakı siyasi böhran diqqəti xeyli yayındırırdı: "Di gəl, bu, sammitin sonuclarına təsir göstərmədi… Avropa, dünyanın qalan bölümü noyabrda keçiriləcək seçkinin nəticəsini böyük maraqla gözləyir.

Konqresdə siyasi spektrin hər iki tərəfində NATO-ya güclü dəstək davam edir. Ukraynaya gəlincə, əlavə yardımla bağlı səsvermədə də hər iki tərəfdən güclü dəstək olub. Bu mənada mən rahatam və keçmiş müdirim, baş katib Yens Stoltenberqin də, ABŞ seçkilərinin nəticəsindən asılı olmayaraq, NATO-ya güclü dəstəyin qalacağından arxayın olduğunu [daim] eşitmişəm.

Ukraynaya dəstək məsələsi ilə bağlı gələn il işlərin necə gedəcəyi haqda proqnoz verməyəcəyəm. …Ancaq mənim çoxillik təcrübəm göstərir ki, [seçki] kampaniyasında deyilən …bir çox şey heç də fakt və siyasət məcrasına keçmir. Yaşayıb görəcəyik. Hələlik, Ukraynaya dəstək xeyli yekdil və Putinin gözlədiyindən daha güclü olub. Mən bunun davam edəcəyinə güvənirəm. Bu həftə sammitdə ortaya qoyulan paket bunun bariz siqnalıdır…".

Ukrayna hərbçisi "D-20" haubitsasından atəş açır
Ukrayna hərbçisi "D-20" haubitsasından atəş açır

Donald Trampın seçki kampaniyasında Ukrayna müharibəsini 24 saata bitirə biləcəyi haqda dediklərinə gəlincə, Törner qarşıdakı aylar ərzində buna bənzər ritorikanın davam edə biləcəyini düşünür. "Hazırda aydın olan şey Rusiyanın danışıqlara getməkdə həvəsli olmamasıdır və o bunu aydın göstərib. Onlar bu həftə sammit ərzində strateji niyyətlərinin Ukraynanı parçalamaq, Ukraynanın ayrıca ölkə kimi mövcudluğunu bitirmək olduğunu aydın ifadə ediblər. Onlar qəsdən Ukraynada uşaqların xərçəngdən müalicə aldığı xəstəxananı hədəf alıblar ki, bundan betərini təsəvvür etmək mümkün olmasın. [Ruslar] bacardıqları qədər aydın ifadə ediblər: aranızda kimsə danışıqlara getmək xəyallarına qapılırsa, biz sizinlə o xəyalları paylaşmırıq.

"Sammitdə dedilər ki, biz heç vaxt Ukrayna ərazilərinin Rusiyaya ilhaqını tanımayacağıq"

Ukraynalı dostlar da Ukrayna ərazilərinin itirilməsi, yaxud güzəştə gedilməsi haqda müzakirələrə qoşulmayacaqlarını deyiblər. Ötən ay İsveçrədə Ukraynaya dəstəyin dərəcəsi baxımından çox uğurlu bir sülh konfransı keçirilib...

"Ukraynanın dostları" şəbəkəsi (keçmiş səfirlər, siyasi ekspertlər və beynəlxalq güvənlik əməkdaşları), NATO müttəfiqləri …sammitdə dedilər ki, biz heç vaxt Ukrayna ərazilərinin Rusiyaya ilhaqını tanımayacağıq. Nə Krımın, nə Donbasın, nə də Donbasdan kənarda hazırda işğal edilmiş ərazilərin ilhaqını.

NATO və NATO müttəfiqləri əvvəllər də belə düşünüb. …Baltik dövlətləri işğal olunarkən, ABŞ 50-dən çox bəyanat verib: Biz heç vaxt Baltik dövlətlərini Sovet İttifaqının tərkib hissəsi kimi tanımayacağıq.

Başqasının ölkəsini bölüşdürmək bizim getməli olduğumuz yol deyil. Bu bizim öz ölkəmiz olsaydı, Britaniya olsaydı, – mən britaniyalıyam – yaxud Almaniya, Fransa və ya ABŞ olsaydı, biz bu yola razı olmaq istəməzdik. Ancaq həmişə olduğu kimi, gələcəyin nə gətirəcəyini yaşayıb görəcəyik…

Ukrayna heyrətamiz dərəcədə açıq-aydın və qətiyyətli oldu. Onlar qat-qat daha böyük və daha imkanlı düşmənə qarşı öz xətlərini qeyri-adi şəkildə qorudular. Rusiya bizim ölkələrimizin hər hansı birində mümkün olmayan saysız-hesabsız itkilər verdi. Ancaq Ukrayna "daha yetər" deyəcəyinin hər hansı nişanəsini göstərmir. Mən düşünürəm ki, Ukrayna hərbi çağırış qaydalarını yeniləmək… məsələsində uğurlu oldu. Buna görə də, məncə, bizim onlara dəstəyimizi davam etdirməli olduğumuz aydın görünür", - Törnerin sözləridir.

XS
SM
MD
LG