Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Ukraynada çağırışdan yayınanlar və... komissarlıq rəisinin 4 milyonluq villası


Ukraynalı hərbçi
Ukraynalı hərbçi

Rusiyanın hücumundan sonrakı bir neçə ay ərzində “könüllü döyüşməyə gedib” ifadəsi gündəlik söhbətlərin və xəbərlərin bir hissəsi idi. Yüzminlərlə ukraynalı qeyri-müəyyənliyə və böyük risklərə əhəmiyyət vermədən Rusiya aqressiyasına qarşı döyüşlərə qatılıb.

Müharibənin başlanmasından on səkkiz ay keçmiş bir tərəfdən döyüşlərdə həlak olan əsgərlərin sayı artır, digər tərəfdənsə "çağırışdan yayınan” ifadəsi get-gedə daha çox işlənir və insanlar orduda əsgərlərlə pis rəftardan şikayətlənir.

5 milyon dolların mənimsənildiyi bildirilir

Bir neçə korrupsiya qalmaqalından sonra Prezident Volodimir Zelenski bütün ölkə boyu yüksək vəzifəli hərbi komissarlıq əməkdaşlarının işdən çıxarılacağını və uzanan müharibədə çox uzun müddət döyüşməli olan əsgərlərin problemlərinin yüngülləşdiriləcəyini deyib.

Ancaq islahat cəhdi asan olmaya bilər. Çünki həm Ukraynanın resursları, həm də döyüşməyə hazır və döyüş qabiliyyəti olan insanların sayı məhduddur. Müharibənin sonunun görünmədiyi zamanda bu cür ciddi sistem dəyişikliyi Ukrayna cəmiyyətində ağır stress yarada bilər.

On minlərlə əsgər və mülki şəxsin öldürüldüyü müharibənin ortasında Odessa regional hərbi komissarlığının başçısı Yevhen Borısovun İspaniyanın Marbella şəhərində dörd milyon avroluq dənizkənarı villa alması haqda xəbər yayılıb. Xəbər ictimaiyyəti necə qəzəbləndiribsə, hökumət nəhayət hərəkətə keçmək qərarına gəlib.

Borısov saxlanıb, vəzifəsindən azad edilib və barəsində cinayət işi açılıb. Borısovun müharibə dövründə həddindən çox pul xərcləməsini jurnalist Mıxaylo Tkaç özünün “İspaniya batalyonu” adlı məqaləsində dəlillərlə işıqlandırıb. Ukraynanın Korrupsiyanın qarşısının alınması üzrə milli agentliyi sonradan onun 188 milyon qrivna (5 milyon dollar) həcmində pulu qanunsuz mənimsədiyini bəyan edib.

50 minədək adam çağırışdan yayınıb

“Intent” müstəqil media qurumunun baş redaktoru və Odessada fəaliyyət göstərən İctimai Təhqiqatlar Mərkəzi adlı antikorrupsiya QHT-sinin əməkdaşı Valeri Bolhan deyir ki, 50 minədək adam çağırışdan yayınmaq, yaxud xaricə gedə bilmək üçün hərbi komissarlıq əməkdaşlarına rüşvət verib. "Bu rəqəmi 5 min dollara vursanız – bu, hərbi xidmətə yararsızlığı “təsdiqləmək” üçün orta qiymətdir – nəhəng pullar qazanırsınız”, – o, Azadlıq Radiosuna deyib.

Korrupsiya məsələlərində ad çıxarmış Odessanın çağırışdan yayınma maxinasiyalarının episentrinə çevrildiyini iddia edənlər də var. Ancaq Bolhan bildirir ki, Odessa Ukraynanın digər yerlərindən ciddi fərqlənmir və bu mənfi praktika haqda xəbərlər ölkənin hər yerindən gəlir.

Bu qalmaqal fonunda Zelenski Ukraynanın Ərazi çağırış və sosial dəstək mərkəzlərində təftiş aparılmasını əmr edib. SSRİ-dən qalma hərbi komissarlıqların varisi olan bu qurumlar on illərlə dərin kök atmış korrupsiya girdabında ilişib qalıblar. Təftiş nəticəsində Dövlət Təhqiqat Bürosu hərbi komissarlıq əməkdaşlarına qarşı 112 cinayət işinin açıldığını, 33 şübhə bildirişi və 15 ittiham aktının tərtib olunduğunu bildirib.

Zelenskinin qərarı

Avqustun 11-də isə Zelenski daha ciddi addım ataraq Ukraynanın hər bir bölgəsində hərbi çağırış mərkəzlərinin rəhbərlərinin işdən çıxarılacağını elan edib. O deyib ki, çağırış sistemi “müharibənin nə olduğunu və müharibə dövründə sinizm və rüşvətxorluğun nə üçün xəyanət olduğunu dəqiq bilən adamlar tərəfindən idarə olunmalıdır”. O, işdən qovulan hərbi çağırış əməkdaşlarının müharibədə yaralandığı üçün daha döyüşə bilməyən əsgərlərlə əvəz ediləcəyinə söz verib.

"Ukrayna ordunun ehtiyacları, iqtisadiyyatın ehtiyacları və insan haqları arasında seçim etməlidir – hamısını birdən saxlaya bilməzsən”, – Ukrayna Müstəqil Vəkillər Fondunun rəhbəri Rostıslav Kravets AzadlıqRadiosuna söyləyib. O hesab edir ki, korrupsiyanın kökünü kəsmək vədlərinin mənası olmayacaq, çünki bu vədlər heyətin dəyişdirilməsi ilə məhdudlaşacaq.

Ordu ilə əməkdaşlıq edən “Lobby X” insan resursları şirkətinin CEO-su Vladıslav Qrezyev isə daha nikbindir. O deyir ki, hərbi çağırış sistemi Rusiyanın tammiqyaslı hücumundan sonra təkmilləşib.

"Siyasi iradə varsa, uzunmüddətli islahat mümkündür. Bu isə bizə lazımdır, çünki biz heç vaxt say məsələsində Rusiyaya üstün gəlməyəcəyik”, – o bildirib.

XS
SM
MD
LG