Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:34

Ukraynanın bərpasının xərcini kim çəkəcək


Rusiya işğalından azad edilmiş Xerson şəhəri
Rusiya işğalından azad edilmiş Xerson şəhəri

Ukrayna gec-tez bərpa olunmalıdır. Bu isə milyardlarla dollar vəsait deməkdir. Müharibənin nəticələrindən asılı olaraq, bu xərclərin təzminatlar şəklində Rusiya tərəfindən ödənilməsi haqda tələblər səslənir. Bunun üçün Rusiyanın xaricdə dondurulmuş aktivlərinin satılmasını təklif edənlər də var. Bu, maraqlı plan kimi görünsə də, nə dərəcədə praktik və qanunidir?

Xərcləri Rusiya ödəməsə, Ukraynanın bərpası ABŞ və Aİ-nin üzərinə düşəcək. AzadlıqRadiosunun müxbiri Toni Vesolovski problemlərlə dolu olan bu prosesin tarixi presedentlərinin olduğunu da yazır.

Rusiya təzminatı necə ödəyəcək

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücuma başlamasından sonra Ukrayna Prezidenti Volodımır Zelenski Kremlin “reparasiya” (ziyanın kompensasiyası, bərpası) sözünü öyrənməli olacağını demişdi.

Hücumun başlanmasından doqquz aydan çox vaxt keçib. Hələlik, Putin aqressiyaya son qoymaq haqda eyham da səsləndirməyib. Ancaq artıq münaqişənin bitməsindən sonra Ukraynanın bərpası haqda söhbətlər başlayıb. Bəs görəsən, Zelenskinin “dövrümüzün Avropasının ən iri iqtisadi layihəsi” adlandırdığı, yüz milyardlarla dollar tələb edən bu prosesi kim və necə maliyyələşdirəcək?

Ukraynanın cavabı aydındır: Rusiya ədalətin bərpası üçün tələb olunan xərci çəkməlidir.

"Rusiyanın ödəməsinə alternativ yoxdur. …Əgər Rusiya törətdiyi dağıntı və iztirab üçün təzminat ödəmək öhdəliyini yerinə yetirməsə, biz sivil dünya ilə birlikdə Rusiyaya təzminatı ödətdirməyin yolunu tapmalıyıq”, – Ukrayna hökumətinin təzminatlar üzrə işçi qrupunun üzvü, hüquqşünas Markiyan Klyuçkovski AzadlıqRadiosuna deyib.

BMT-nin qətnaməsi

Digər Ukrayna rəsmiləri kimi Klyuçkovski də BMT Baş Assambleyasının noyabrın 14-də qəbul etdiyi öhdəliksiz qətnaməyə istinad edir. Qətnamə Rusiyanı hərbi təzminat ödəməyə çağırır. 50-yə qədər dövlət törədilən dağıntı, itki və zərərin kompensasiya edilməsi, habelə dəlil və iddiaların sənədləşdirilməsi üçün beynəlxalq mexanizmin işlənib hazırlanması haqda qətnaməni imzalayıb.

Ancaq Rusiya həmin səsverməni rədd edib. Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya deyib ki, qətnaməni dəstəkləyən ölkələr Baş Assambleyanı məhkəmə qurumu mövqeyinə qoyublar; o isə məhkəmə deyil.

BMT Təhlükəsizlik Şurasında veto haqqı olan Rusiya Ukraynanın BMT-dən ədalət istəmək cəhdlərini bloklaya bilib. Bu, Kiyevin müharibədən sonrakı bərpa işlərini maliyyələşdirmək üçün Rusiyanın xaricdə dondurulmuş milyardlarla dollarlıq aktivlərini ələ keçirmək cəhdlərinə də mane ola bilər.

Qərbdə bir çoxları cavabı Marşal planı modelində axtarırlar. II Dünya müharibəsindən sonra ABŞ bu uğurlu plan vasitəsilə Qərbi Avropanın xeyli hissəsini bərpa etmişdi. Ukraynanın bərpasının Marşal tipli plan əsasında təşkilini təklif edənlər bunun Ukraynanın demokratik inkişafına və AB-nə qoşulmaq iddialarına da töhfə verəcəyini deyirlər.

Marşal Planı onu 1947-ci ildə irəli sürən ABŞ-ın ozamankı Dövlət katibi Corc Marşalın (George Marshall) adını daşıyır.

Korrupsiya reytinqi

Vaşinqtonda yerləşən Alman Marşal Fondunun (German Marshall Fund) Ukraynanın müharibədən sonra bərpasına həsr etdiyi hesabatda deyilir ki, Kiyevin Qərbdəki dəstəkçiləri ölkəyə iri həcmdə pul köçürməyə ehtiyatlı yanaşacaqlar. Çünki Ukraynanın korrupsiyanın səviyyəsi ilə bağlı reputasiyası pisdir.

Ancaq hesabatda həm də deyilir ki, Ukrayna Avropaya inteqrasiya etmək istəyirsə, yardım rıçaqı və Avropa Birliyinin dəstəyi onu institut və məhkəmələrini yenidən qurmağa məcbur edəcək. Axı sərt hüquqi standartları olan Aİ Ukraynaya namizədlik statusu təklif edib.

Bu növ paket eyni zamanda Ukraynaya Qərb texnologiyalarının “inyeksiyası” və deməli, ölkənin irəliyə doğru sıçrayışı demək olardı. Marşal Fondunun sözügedən hesabatının həmmüəllifi Yakob Kirkeqaard belə deyir.

"Yenidən qurulmalı olan iri infrastruktur, xüsusən də enerji və nəqliyyat infrastrukturu Aİ standartları üzrə və sovet dizaynlarını tərk edərək “daha yaxşı qurulacaq”. Bu isə Ukrayna infrastrukturunun modernləşdirilməsi demək olacaq. Nəticədə o Aİ daxilində də rəqabətli səviyyəyə gələcək”, – Kirkegaard AzadlıqRadiosuna elektron cavabında yazıb.

Aya azı 3 milyard dollar

Qərb artıq Ukraynaya təkcə hərbi dəstək deyil, hökuməti ayaqda saxlamaq üçün maliyyə dəstəyi də verir.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva bu yaxınlarda deyib ki, 2023-cü ildə Ukraynaya hər ay azı 3 milyard, çoxu isə 5 milyard dollaradək vəsait ayrılmalıdır. "Bu, asan iş deyil”, – o, oktyabrın 25-də Ukraynanın bərpası və makromaliyyə ehtiyaclarını müzakirə etməyə yığışan dünya liderlərinə deyib.

Rusiyanın tammiqyaslı aqressiyasının Ukraynaya vurduğu zərər nəhəngdir və durmadan artır.

Ukraynanın Daxili İşlər Nazirliyi oktyabrın 27-də bildirib ki, Rusiya bu ölkədə 40 mindən artıq hərbi cinayət törədib. Aqressiya nəticəsində 14 milyonadək ukraynalı yaşayış yerlərini tərk etməli olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəhbəri Filippo Qrandi (Filippo Grandi) baş verənləri "on illər ərzində görülən ən sürətli, ən iri yerdəyişmə” adlandırıb.

ÜDM-də 32% azalma

Ukraynanın ümumi daxili məhsulu (ÜDM) bu il 32% aşağı düşüb. Bu, ABŞ-da 1930-cu illərdə keçirdiyi böhran – Böyük Depressiya zamanı qeydə alınan rəqəmdən də böyükdür.

Ölkə boyu infrastruktur, xüsusən də mülki infrastruktur Rusiya tərəfindən hədəfə alınaraq vurulub və dağıdılıb. Şəhərlər, xüsusən də Mariupol xarabalığa çevrilib. Ukraynanın Baş Naziri Denıs Şmıhal sentyabrın 5-də deyib ki, Rusiyanın hücumu ölkəyə 326 milyard dollarlıq ziyan vurub və təcili bərpa üçün 105 milyard dollara ehtiyac olacaq.

Ayın sonunda göstərilən rəqəmsə artıq 105 milyard dollardan da yüksək idi. Kiyev İqtisadiyyat Məktəbinin bir neçə nazirlikdən məlumat toplayan tədqiqatçıları yaşayış və qeyri-yaşayış təyinatlı daşınmaz əmlaka dəyən zərərin 127 milyard dollardan artıq olduğunu deyirlər.

XS
SM
MD
LG