Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:44

Vaqnerçilərin Belarusa gəldikləri xəbər verilir


Osipoviçi rayonunun girəcəyi
Osipoviçi rayonunun girəcəyi

Ukrayna və Polşa rəsmiləri Rusiyadan Belarusa Vaqner özəl hərbi şirkəti muzdlularının gətirildiyini deyirlər.

Bu barədə məlumatı Reuters agentliyi Ukrayna sərhəd xidmətinin sözçüsü Andrey Demçenkoya istinadən verib.

Demçenko öz teleqram kanalında “Vaqnerin Belarusda olduğunu” və ölkə daxilində Rusiyadan olan “müxtəlif qrupların” yerdəyişmələr etdiyini yazıb.

Vaqnerçilərə yaxın iki mənbə Reuters agentliyinə muzdluların artıq ötən həftənin əvvəllərindən Belarusda olduqlarını deyib.

Bir neçə yüz nəfər

Polşa xüsusi xidmətlərin koordinasiyası nazirinin müavini Stanislav Jarin bildirib ki, Varşava da vaqnerçilərin Belarusda olduqlarına dair informasiyaya malikdir:

"Hazırda onların sayı bir neçə yüz nəfər ola bilər”.

Bu ay Polşa bildirmişdi ki, potensial təhlükə ilə bağlı Belarusla sərhədini möhkəmlədir.

Belarusun Müdafiə Nazirliyi ötən həftə Vaqner özəl hərbi şirkəti döyüşçülərinin ölkənin Mogilyov vilayətinə gəldiklərini bildirmişdi.

Nazirliyin məlumatına görə onlar hazırda Osipoviçi qəsəbəsinin yaxınlığındakı poliqondadırlar və yerli hərbçilərə təlim keçməklə məşğuldurlar.

300 çadır

Öz növbəsində hərbi fəaliyyətləri izləyən "Belaruski Qayun” layihəsi Belarusa Vaqnerin böyük karvanının gəldiyini xəbər vermişdi:

“Bizim məlumatımıza görə maşın karvanında azı 60 avtomobil var. Bunlar pikaplar, iri yük maşınları, mikroavtobus və adamların daşınması üçün ən azı 3 avtobusdur. Karvanı Belarus dövlət avtomobil müfəttişliyinin əməkdaşları müşayiət ediblər”.

Layihənin təhlilçiləri bu qənaətə gəlmişdilər ki, vaqnerçilərin karvanı Mogilyov vilayəti, Osipoviçi rayonunun Tsel kəndindəki düşərgəyə yollanır.

AzadlıqRadiosunun Belarus xidməti peyk fotolarının təhlili əsasında xəbər vermişdi ki, Osipoviçi rayonunun Tsel kəndi yaxınlığında istifadəsiz qalmış hərbi hissədə çadır şəhərciyi salınıb.

Jurnalistlər 300-dək çadırın qurulduğunu bildirmişdilər. Belə çadırların hər birində 20-dən 50-dək hərbçi yerləşdirilə bilər.

“Hüquqi baxımdan mövcud olmasa da...”

Vaqner özəl hərbi şirkəti döyüşçülərinin Belarusa köçürülməsi Yevgeni Priqojinin qaldırdığı qioyamın dayandırılması üçün Rusiya prezidenti Vladimir Putinlə razılaşmanın şərtlərindən biri idi. Priqojinin özü iyunun 24-dən bəri görünməyib.

Bu yaxınlarda Kommersant qəzetinin müxbiri ilə söhbətində Putin Vaqnerin “hüquqi baxımdan mövcud olmadığını” demişdi. Halbuki qıyam cəhdindən dərhal sonra o demişdi ki, bu qrup tamamilə dövlət tərəfindən maliyyələşdirilib.

Belarusda avtoritar Alyaksandr Lukaşenkanın rejimi Rusiyanın əsas müttəfiqi hesab olunur.

Lukaşenka Belarus əsgərlərini Ukrayna müharibəsinə göndərməsə də, öz ölkəsinin ərazisini Ukraynaya müdaxilə edən Rusiya qoşunu üçün platsdarma çevirib.

Minsk bundan başqa Moskvaya Belarus ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verib.

XS
SM
MD
LG