Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:27

'Vaqner'in 'başı kəsildi', amma bu, tam dağılmaq anlamına gəlməz


"Yerinə kim gəlsə, çətin ki, Priqojin kimi rəngarəng və dramatik bir fiqur olsun".
"Yerinə kim gəlsə, çətin ki, Priqojin kimi rəngarəng və dramatik bir fiqur olsun".

Britaniyalı yazıçı, Londonda fəaliyyət göstərən "Chatam House"un Rusiya və Avrasiya üzrə məsləhətçi-təqaüdçüsü Kir Caylz Rusiyanın hərbi transformasiyasını araşdıran mütəxəssisdir. O, "Russia's War On Everybody: And What It Means For You" (Rusiyanın hər kəslə müharibəsi və bu sizin üçün nə deməkdir) daxil, bir neçə kitabın müəllifidir.

Kir Caylz AzadlıqRadiosunun Balkan xidmətinə müsahibəsində "Vaqner"in başçısı Yevgeni Priqojinin ölümünün mümkün nəticələrindən, Belarus-Avropa İttifaqı sərhədində "Vaqner" qalıqlarının törədə biləcəyi mümkün hadisələrdən və şübhəli ölümlərin Rusiyanın imicinə təsirlərindən söz açıb.

DNT analizinə inanmağa dəyməz?

Caylz deyir ki, rəsmi Rusiya doğrunu tək-tək hallarda dilə gətirdiyindən güvənilən bilgi qaynağı sayılmır və heç kim rəsmi Moskvanın nə dediyinə məhəl qoymur: "Bu hadisəni Rusiya rəsmiləri törətsəydilər, heç kim onların irəli çıxıb bunu [boyunlarına alacağını] gözləmir. Priqojinin öldüyünü təsdiqləyən DNT analizi haqda da eyni şeyi demək olar. Bu araşdırmanın şəffaf və etibarlı hər hansı tərəfi yoxdur".

Yazıçı Priqojinin ölümündə rəsmi Kremlin tək maraqlı tərəf olmadığını, Müdafiə Nazirliyi və FSB-nin də onu sevmədiyini vurğulayıb: "Rusiyada Priqojini ölü görmək istəyən və eyni zamanda buna imkanı çatan adamlar sarıdan qıtlıq yox idi. Onu öldürmək anomaliyanı düzəltmək deməkdir. [Çünki] onun sağ olması Rusiya daxilində təhlükəli presedent yaradırdı: deməli, sən Moskvaya qarşı, dövlətə qarşı çıxa və nəinki sağ qala, hətta bağışlana bilərsən…".

"Səylər uğursuz oldu"

Caylz qiyamdan sonra "Vaqner"in təsir imkanlarının azaldığını düşünür: "Ancaq bu, "Vaqner"in bütövlükdə buraxılması anlamına gəlməz. Rusiya dövlətinin "Vaqner"dən – bu mütəşəkkil, yaxşı təlim görmüş və Rusiyanın dövlət gücündən narazı olan silahlı qrupdan gələ biləcək təhlükəni neytrallaşdırmaq üçün göstərdiyi səylər uğursuz oldu. … Onları Rusiyanın nizami ordusuna birləşdirmək cəhdləri uğur qazanmadı və, göründüyünə görə, Belarusa yollamaqla onlardan qurtulmaq da alınmadı.

Bu üzdən, ["Vaqner"in] orta səviyyəli komandirlərinin öhdəsindən Rusiyanın necə gələcəyini yalnız yaşayıb görə bilərik. Söhbət təyyarədə ölənlər qədər yüksək səviyyəli olmayan, ancaq yenə də "Vaqner" təşkilatının daxilində müəyyən gücə, rütbəyə sahib [komandirlər] və əsgərlərdən gedir. Rusiya onların daxili təhlükəsizlik və sabitliyi təhdid etməməsi üçün nə edəcək?".

Polşanın Baş naziri Mateuş Moravietski düşünür ki, Priqojinin ölümündən sonra Belarusa göndərilmiş "Vaqner" muzdlularının yarada biləcəyi təhlükə qalmaqdadır. Caylz bu fikirlə razılaşır: "Onlar özlərini elə aparırlar ki, sanki bu qrup, texniki olaraq, Rusiyaya, yaxud Belarusa aid deyil. Ancaq buyruqqulu olan bu silahlı qrup durduqca, onların ciddi problemlər yaratmaq gücü var. Bəziləri bunu Polşa ərazisinə silahlı basqın kimi səciyyələndirir. Bu, ən az ehtimallı variant kimi görünür. Ancaq son bir neçə ildə Belarusla Rusiya və onun NATO ilə Aİ-dəki qonşuları arasında [baş verənlərdən] gördüyümüz budur ki, yaradıla biləcək problemlər müxtəlif xarakterli ola bilər".

"Qalan vaqnerçilərin harada olduğunu bilmirik"

Caylz deyir ki, Priqojin və "Vaqner"in şərti komandiri Dmitri Utkinin yerinə kim gələcəksə, Priqojin qədər rəngarəng və dramatik fiqur olmayacaq: "Ancaq [yeni liderin] kim olması Rusiyanın "Vaqner"in qalıqları ilə necə davranmaq barədə qərarından asılı olacaq. Kimsə başçı rolunu icra etmək üçün təyin olunacaq, yoxsa içəridəki orta səviyyəli komandirlərdən biri irəli çıxıb bu rolu öhdəsinə götürəcək? Bunun özü də qarşıdakı bir neçə həftə içində Rusiya rəhbərliyinin bu problemi necə çözəcəyinin göstəricisi olacaq".

"Bunun Rusiya üçün nə dərəcədə böyük problem olduğunu dəyərləndirərkən bu da var ki, qalan vaqnerçilərin harada olduğunu bilmirik. Belarusa gələnlərin sayca gözləniləndən az olduğunu görürük. Onların da bir hissəsi qayıdıb. Kiçik kontingentlərin Afrikaya səpələndiyini də görürük. Ancaq Rusiyanın içərisində qalanlar hələ gözə dəymirlər", - Caylzın sözləridir.

"Vaqner" qoşunları Ukraynadan çıxarılıb. "Bu, Rusiya nizami ordusunun Ukraynadakı əməliyyatlarının effektivliyini daha da azaldacaqmı" sualını Caylz belə cavablayıb: "Hər şeydən öncə qeyd edilməlidir ki, "Vaqner"i cəbhədən qiyamdan sonra deyil, qiyamadək geri çəkmişdilər. Onlar [qiyam törətmək üçün] cəbhə xəttindən çəkilməyiblər, ancaq, əlbəttə, o zamandan bəri geri də qayıtmayıblar. Bu isə o deməkdir ki, Ukraynanın əks-hücumuna müqavimət göstərmək üçün Rusiya quru qoşunlarının döyüş qabiliyyətli xeyli hissəsi orada olmayıb. Rusiya gələcəkdə bu canlı qüvvəni öz silahlı qüvvələrinə birləşdirə bilər. Bu qüvvə Rusiya silahlı gücünün ən yaxşı təlim görmüş və ən təcrübəli piyada qoşunlarını da təmsil edə bilər. Ancaq bu, əlbəttə, gələcəyin işidir. İndiki durumda isə hələ də cavabsız bir sualla üz-üzəyik: Rusiya bu adamlarla necə davranacaq?".

""Vaqner" anomaliya idi"

"Biz yadda saxlamalıyıq ki, "Vaqner" istisna və hətta Rusiyanın özəl desant şirkətləri arasında da anomaliya idi. Bu, böyük bir korporasiyanın, yaxud hər hansı oliqarxın fəaliyyətinə dəstək kimi [yaradılan] qurum deyildi. Bu o mənada özəl ordu deyil, öz məqsədləri üçün mövcud olan, biznes məqsədləri olan… bir qurum idi. Bu o deməkdir ki, digər özəl hərbi şirkətlər arasında …onun qarşıya çıxıb həmin rolu təkrarlaya biləcək birbaşa ekvivalenti yoxdur.

…"Vaqner" təkcə quruluşuna görə istisna deyildi, o, həm də sabit sistemdən kənarda olan … güc mərkəzi idi. Bu, kənar dağıdıcı [qüvvə] idi. O üzdən, daim oturuşmuş qayda-qanuna meydan oxuyacaqdı. Bu rolu doldura biləcək başqa bir qurum olmadığından və yerdə qalan qurumların hamısı güc sisteminə tabe olduğundan artıq "Vaqner"ə bənzər təhlükə yaranmayacaq. Üstəlik, anlamaq olar ki, prezident Putin dərsini aldığından daha gələcəkdə buna bənzər bir şey yaratmayacaq".

XS
SM
MD
LG