Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Vardanyan özünü Qarabağın elçisi kimi görür


Ruben Vardanyan
Ruben Vardanyan

Qarabağdakı separatçı rejimin yeni təyin olunmuş “dövlət naziri” Ruben Vardanyan özünü danışıqlarda Qarabağın elçisi kimi gördüyünü deyir.

O, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 17-də səsləndirdiyi bəyanata cavab verib, Əliyevin “Artsaxla (Qarabağ) birbaşa dialoqa başlamaq istəyini” alqışladığını bildirib. Vardanyan elə həmin gün Facebook səhifəsində yazıb: “Artsax (Qarabağ) bu prosesdə subyekt olmalıdır”.

Prezident Əliyev deyir ki...

Prezident Əliyev dünən – noyabrın 17-də Ermənistandan gələn bəyanatları “çox ziddiyyətli” adlandırıb, Yerevanın həm Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını, həm də Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istədiyini deyib. Prezident bunu qeyri-mümkün sayaraq, eyni zamanda Qarabağda yaşayan ermənilərlə danışmağa hazır olduğunu deyib.

“Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq... Yeri gəlmişkən, bu proses başlayıb", – Əliyev söyləyib.

“Aydın gündəlik” və Fransa məsələsi

Vardanyan isə daha konstruktiv tona keçməyi təklif edir, Əliyevin dediyi “aydın gündəlik” məsələsinə izahat istədiyini deyir:

“Mən bir neçə dəfə qeyd etmişəm ki, Artsaxda Artsax xalqının maraqlarından başqa kiminsə maraqlarını təmsil etməyimlə bağlı ittihamlardan qaçmaq üçün Rusiya vətəndaşlığından imtina etmişəm. Düşünürəm ki, cənab Əliyevin danışıqlarda elçi – ‘Qarabağda yaşayır və orada yaşamaq istəyir’ kriteriyasına tam uyğun gəlirəm”.

Vardanyan qeyd edir ki, iki ölkə lideri tam məsuliyyət götürərək danışıqlar masasına keçməli və qan axıdılmasını dayandırmalıdırlar. O həmçinin Fransanın da Rusiya və ABŞ-la birlikdə beynəlxalq vasitəçilər sırasında olmasını vacib sayır.

Fransa Senatı noyabrın 15-də hökuməti “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakıya sanksiyalar qoymağa çağıran qətnamə qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi bu qətnaməni həqiqətdən uzaq və təxribat xarakterli adlandırıb. Milli Məclis noyabrın 16-da qəbul etdiyi bəyanatda Fransa rəsmilərinə sanksiya təklifi irəli sürüb.

Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Çərçivə sazişinin əsas prinsipi

Ermənistanın Baş naziri Nikol Paşinyan isə noyabrın 16-da deyib ki, Azərbaycanla çərçivə sülh sazişi imzalamağa hazırdır. Ancaq onun sözlərinə görə, Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də Yerevanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir.

Ermənistanın Daxili işlər nazirinin müavini Paruyr Ovanisyan jurnalistlərlə söhbətində çərçivə sazişi məsələsinə nə olmasına aydınlıq gətirib.

“Çərçivə sazişi – iki ölkənin münasibətlərinin qurulmalı olduğu prinsiplər toplusudur”, – Ovanisyan deyib.

Paşinyan çıxışında çərçivə sazişi təklifini detallı sülh sazişi çətinliklərin yarada biləcəyi ilə izah edib. Ancaq Yerevan çərçivə sazişini imzalamaq üçün təklif etdiyi prinsipləri açıqlamayıb. Ovanisyan isə deyib ki, bu prinsiplərə iki ölkənin ərazi bütövlüyünün tanınması daxildir. Onun sözlərinə görə, söhbət ərazi bütövlüyünün “Alma-Ata protokolu və deklarasiyası əsasında” tanınmasından gedir.

1991-ci ilin dekabrında imzalanmış Alma-Ata bəyannaməsi ilə Müstəqil Dövlətlər Birliyinin əsası qoyulub. Azərbaycan 1993-cü ildə MDB-yə qoşulub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG