Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:50

'Niyə 'Korrupsionerləri tanı' kimi kampaniya aparılmır? Bu onu göstərir ki...'


'Niyə 'Korrupsionerləri tanı' kimi kampaniya aparılmır? Bu onu göstərir ki,...'
Gözlə

No media source currently available

0:00 0:05:46 0:00

'Niyə 'Korrupsionerləri tanı' kimi kampaniya aparılmır? Bu onu göstərir ki,...'

Azərbaycanda Zəngəzura hücum ideyasına qarşı çıxanlara "vətən xaini" damğası vururlar.

Azərbaycan-Ermənistan sərhədində son hərbi toqquşmadan sonra sosial şəbəkələrdə yeni bir kampaniya başladı – "xainitaniyaq" həştəqli kampaniya. Söhbət Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxilə etdiyini düşünənlərin, yaxud sadəcə hökumətin Qarabağ siyasətini tənqid edənlərin hədəfə alındığı kampaniyadan gedir. Xüsusən də hakimiyyətin siyasi kursunu dəstəkləyənlər, hətta bəzi deputatlar da bu cür fikir səsləndirənlərin xain adlandırıldıqları videoçarxlar paylaşırlar.

Tofiq Yaqublu 'vətən xaini' kimi damğalanmasına münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

"Sifariş İlham Əliyevdən gəlib"

Kampaniyanın hədəfinə çevrilənlərdən biri Milli Şura və Müsavat üzvü Tofiq Yaqublu deyir ki, doğru hesab etdiyi fikri səsləndirdiyinə görə xain adlandırılmasından narahat deyil. O hesab edir ki, belə bir kampaniya siyasi hakimiyyətin sifarişidir: "Həqiqəti danışanları vətən xaini hesab edirlər. Əslində təhlükəli tendensiyadır. 21-ci əsirdir, amma 30-cu illərin repressiya havası gəlir, düşüncə odur. Vətən xainləri ancaq diktatura dövlətlərində olur... Düşünürəm ki, Azərbaycan əsgərinin ayağı erməni torpağına dəyməməli idi. Nə işimiz var bizim Zəngəzurda, Göyçədə?! Haqlı ikən haqsız duruma düşdük".

T.Yaqublu deyir ki, əleyhinə aparılan heç bir kampaniya onu həqiqət hesab etdiyini deməkdən yayındırmayacaq.

F.Mustafa
F.Mustafa

"Dövlətin adı ilə bağlamaq doğru deyil"

Milli Məclisin İnsan haqları komitəsinin üzvü Fazil Mustafa "xaini tanıyaq" kampaniyasını dövlətin adına bağlamağı düzgün saymır. Deputat bu kampaniyanın hədəfinə çevrilənlərin fikirlərini heç fərqli fikir belə hesab etmir: "Biri var ki, "sülh istəyirəm, hər iki tərəfi qınayıram, istəməzdim ki, atəş açılsın" deyəsən, bu, fikirdir, buna normal yanaşılmalıdır. Amma "Azərbaycan Ermənistan ərazisinə girib, işğal edib" demək Pelosinin dediyini təkrar etməkdir, xarici kəşfiyyatdan qrant almaq üçün deyilən fikirlərdir. Azərbaycanda bir milyon qaçqınımız olub ki, onların, elə vətəndaşın hissiyyatı var. Onlar da buna qarşı öz müqavimətini göstərirlər, bu, dövlətin apardığı kampaniya deyil ki. Bu, Azərbaycan vətəndaşının apardığı kampaniyadır, ictimai bir prosesdir, ona görə də dövlətin adı ilə bağlamaq doğru deyil".

Q.Qoqia
Q.Qoqia

"Human Rights Watch" insan haqları təşkilatının Cənubi Qafqaz üzrə təmsilçisi Qiorqi Qoqia isə hesab edir ki, kimin başlatmasından asılı olmayaraq hazırda belə bir kampaniyanın aparılması ifadə azadlığına ziddir: "Beynəlxalq hüquqa görə, Azərbaycan və digər ölkələrin ifadə azadlığına riayət etmək öhdəliyi var. Beynəlxalq hüquq ifadə azadlığını demokratiya üçün vacib olan fundamental insan haqqı sayır. Avropa İnsan Haqları Məhkəməsi də dəfələrlə bəyan edib ki, Azərbaycanın beynəlxalq öhdəliyi var ki, hər cür fikrin - o cümlədən, tənqidi və şokedici fikirlərin ifadəsinə də imkan yaratsın".

M.Əliyev
M.Əliyev

"Qələbə, torpaqların azad olunması əhalinin güzəranını dəyişmədi..."

Media üzrə ekspert, "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, indi cəmiyyətdə əhval-ruhiyyə 2020-ci il Qarabağ müharibəsində olduğundan çox fərqlidir. Başqa sözlə, hakimiyyət ozamankı eyforiya, vahid birlik, hərbi əməliyyatların yekdilliklə dəstəklənməsini indi görmür, cəmiyyətdə müharibənin əleyhinə çıxan bəlli kəsim formalaşıb. M.Əliyevə görə, buna səbəb ötən iki ildə cəmiyyətin hakimiyyətdən gözləntilərinin özünü doğrultmamasıdır - qələbə, torpaqların azad olunması əhalinin güzəranını dəyişmədi, hakimiyyət yeni siyasət, yeni mövqe ortaya qoymadı, müharibə iştirakçılarına olan münasibət isə böhranı daha da dərinləşdirdi. M.Əliyev düşünür ki, belə bir durumda fərqli fikir səsləndirənə, hakimiyyətin mövqeyini dəstəkləməyənə qarşı kampaniyanı da elə cəmiyyət deyil, iqtidar özü aparır: "Niyə bizdə, məsələn, "Korrupsionerləri tanı" və ya "Tərtər işində cinayətkarları tanı" kimi kampaniya aparılmır cəmiyyətdə? Bu onu göstərir ki, cəmiyyətdə belə məsələlərə yanaşma daha neytraldır. Və bu məsələ baş verirsə, deməli, kim tərəfindənsə təşkil olunur və indiki halda bu, iqtidar tərəfindən təşkil oluna bilər. Cəmiyyət tərəfdən aparılması inandırıcı deyil".

44 günlük müharibədən sonra Ermənistanda da Azərbaycanla dost olmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağıran bir sıra fəallar oxşar qınaqlarla üzləşiblər.

XS
SM
MD
LG