Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:28

Özəlləşdirmə çeklərindən hələ də xeyir götürmək olar


Özəlləşdirmə çekləri
Özəlləşdirmə çekləri
Vətəndaşlar hələ də onlarda olan özəlləşdirmə çeklərindən fayda götürə bilərlər. Azərbaycanda rabitə, su nəqliyyatı, hava nəqliyyatı, maşınqayırma və neft maşınqayırması kimi sahələrin özəlləşdirilməsi hələ başa çatmayıb

Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 14-də keçirdiyi mətbuat konfransında deyib ki, əhali həm investisiya müsabiqələrində, həm də çek hərraclarında iştirak edə bilər. Növbəti çek hərracı isə aprelin 24-dən 28-nə qədər keçiriləcək.

Əhaliyə dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək məqsədilə paylanmış özəlləşdirmə çeklərinin istifadə müddəti təqribən il yarımdan sonra – 2008-ci ilin yanvarın 1-də başa çatır. Bu çeklərin 50 faizi hələ ki, istifadə olunmayıb.


Kərəm Həsənov onu da bildirib ki, hökumət müqavilə öhdəliklərini yerinə yetirməyən şirkətlərdə müstəqil yoxlamaları davam etdirir. Hollandiyanın «Fondel metal» şirkəti «Azəralüminium» müəssisəsini idarəetməyə götürəndə, 202 milyon dollar investisiya qoymaq barədə öhdəlik götürsə də, məlum olub ki, müəssisəyə cəmi 48 milyon dollar yatırılıb: «Odur ki, hökumət həmin müqaviləyə xitam verib. İndi «Azəralüminium» hökumətindir və bu il bura «Fondel»in 3 il ərzində qoyduğu vəsaitdən daha artıq investisiya yatırılacaq».

Kərəm Həsənov deyib ki, Böyük Britaniyanın «Tarqol Investment Ltd.» şirkətinin özəlləşdirdiyi «Azərboru» müəssisəsində də müqavilə öhdəlikləri yerinə yetirilməyib. Şirkət 50 milyon dollar investisiya qoymağa söz versə də, cəmi 4.3 milyon dollar vəsait yatırıb. Üstəlik, müəssisəni girov qoyaraq, Azərbaycan banklarından 6.9 milyon dollar kredit götürüb.


Kərəm Həsənov bildirib ki, auditlər davam edəcək və öhdəliklərə əməl etməyən şirkətlərin müqavilələrinə yenidən baxılacaq.

Beynəlxalq maliyyə institutları isə Azərbaycanın qeyri-neft sektorunda xarici investorların müqavilələrinin ləğv olunmasını doğru hesab etmirlər. Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmiləri bildirir ki, belə hallar ölkənin investisiya mühiti ilə bağlı nüfuzuna pis təsir edə bilər.


XS
SM
MD
LG