Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

"Partlatmaq" sözü başına bəla oldu


Şamil Süleymanov
Şamil Süleymanov

►Xaçmaz sakini: “Dövlət qurumlarında oturanlar aşağı təbəqədən olan insanları dinləmək istəmirlər”

Ötən ilin son gecəsinə bircə gün qalmış xaçmazlı Şamil Süleymanovun başına gələnlər onu Yeni ili reanimasiya şöbəsində qarşılamağa vadar edib.

Dekabrın 30-da qazın, işığın kəsilməsinə görə Şamil Süleymanov bir neçə qurumun qaynar xəttinə zəng vurub. Cavab almayıb, əsəbiləşib, Fövqəladə hallar Nazirliyinin “112” qaynar xəttini yığıb. Görün başına nələr gəlib:

“Bayrama bir gün qalırdı... Qazımız, işığımız dəqiqədə kəsilirdi. Nə qədər zəng vururdum, şikayət etmək istəyirdim ki, “ilin bircə gününü, heç olmasa, xalqı yola verin, işığını, qazını kəsməyin bayramda...” Zənglərim cavabsız qalırdı. Mən də qəzəbimi soyutmaq üçün yığdım Fövqəladə Hallar Nazirliyinin “112” xidmətini, dedim, “gərək elə “Almaz” şadlıq evini partladam ki, onda şikayətlərimə baxasınız?”

Elə bununla da Şamil Süleymanov necə deyərlər, “öz taleyini həll edib”. Təqribən 10 dəqiqə sonra Xaçmaz polis şöbəsinin işçiləri yaşadığı ünvana gəliblər:

“Qapını açmaqla məni itələyib çıxardılar çölə, ikisi qolumdan, ikisi ayağımdan yapışıb atdılar post-patrul maşınına. Maşında başladılar məni döyməyə. Huşumu itirdim. Bir də ayıldım ki, polis şöbəsindəyəm”.

Buna da bax: Siyəzəndə aksiyadır

“DÖYÜBLƏR, DÖYMƏYİBLƏR, BİLMİRƏM”

Aldığı zərbələrin təsirindən polis şöbəsində gözünü bir neçə dəqiqəliyə açan Şamil Süleymanov halsızlıqdan nə baş verdiyini soruşa da bilməyib:

“Gecəni səhərə kimi orda saxladılar. İynə təsiri altında olmuşam, bilmirəm, məndən nə soruşublar, məni döyüblər, döyməyiblər – heç nədən xəbərim yoxdur. Bircə onu bilirəm ki, səhər məni ağır vəziyyətdə gətiriblər reanimasiya şöbəsinə yerləşdiriblər, burada ayılmışam”.

Şamil Süleymanov hesab edir ki, başına gələnlərin səbəbkarı dövlət qurumlarının qaynar xətlərinə cavab verənlərdir. Daha doğrusu, əhalinin zənglərini cavabsız buraxanlar:

“Xaçmazın qaz idarəsinə, 186-ya, 199-a – hər yerə zəng vurdum ki, heç olmasa, bayram günündə qazımızı, işığımızı versinlər. Heç biri cavab vermədi. Ümumiyyətlə, dövlət qurumlarında oturanlar aşağı təbəqədən olan insanları dinləmək istəmirlər”.

Buna da bax: "Bizi çək, İlham Əliyevə göstər!" Lənkəran aksiyasından VİDEO

“BAYRAM TƏKCƏ ONLAR ÜÇÜNDÜR?”

Bir sözlə, Şamil istəyib ki, qaranlığı işığa çevirsin, soyuq evi isitsin, ailənin ovqatını qaldırıb bayram keçirsin. Deyir, bu da nəticəsi:

“Qaz idarəsindən mənə dedilər ki, “işçilər yeyib-içməkdədilər, bayram keçirirlər”. Mən də dedim, “bayram təkcə onlar üçündür, kasıb təbəqə üçün bayram yoxdu?”

Xaçmaz rayon Mərkəzi Xəstəxanasında müalicə olunan xəstənin vəziyyətini öyrənmək üçün travmotoloq Ağayar Quliyevə də müraciət etdik. Müsahibə verməyə hazırlaşan həkim tezcə də fikrindən daşındı.

Nə Xaçmaz rayon polisindən, nə də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG