Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Giləzidən kompensasiya şikayəti: 'Bütün kasıbları bura yığıblar'


Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Hərbi hissənin anbarında partlayış olub, xəsarət alanlar var

«Elə evlər var ki, divarlarındakı çatlar, dam örtüyündəki yarıqlar hələ də təmir olunmayıb».

Giləzi sakinləri iddia edirlər ki, bu il avqustun 27-də Xızıdakı hərbi hissədə baş verən partlayışdan zərər çəkmiş xeyli evin sahibinə hələ də kompensasiya verilməyib. Bunlar, əsasən, Giləzi kəndinə aid evlərdir.

Əmlakı partlayışdan zərər çəkənlərdən biri Yasəmən Abdullayeva deyir, hadisədən sonra ilk vaxtlar sakinlərə dəymiş zərərin ödəniləcəyi bildirilib:

«Gəlib ev-ev gəzdilər, əmlaklara dəyən zərərləri sənədləşdirdilər, fotolar çəkdilər. Dedilər ki, ev sahiblərini Fövqəladə Hallar Komissiyasına dəvət edəcəklər, dəymiş zərərlər kompensasiya olunacaq».

«KASIBLARI BURA YIĞIBLAR»

Giləzi kəndi ilə hadisə yeri arasında 5 kilometr məsafə var. Hadisə yerinə digər kəndlərdən yaxın olduğundan, daha çox buradakı əhali zərər çəkib. Kənd sakini Hökümə Salayeva:

***Buna da bax-Yağışın vurduğu zərəri kim ödəsin?

«Ən çox zərər bizim evlərə dəyib. Giləzidə demək olar ki, ölkənin ən imkansız ailələri yaşayır. Elə bil, say-seçmə bütün kasıbları, fağırları bura yığıblar. Kasıbın bəxti doğulandan qara yazılıb. Mərmilər partlayanda da qəlpələri gəlib kasıbın evini dağıdır. Bircə yolları bir az düzəltdilər, evlər həmin vəziyyətdə qaldı».

Hökümə xanım deyir, evinin divarlarında çatlar əmələ gələn qonşusu hökumət qurumlarından səs çıxmadığını görüb özü təmir işləri aparıb. Ancaq qonşusundan fərqli olaraq, onun evin dam örtüyünü təmir etdirməyə imkanı yoxdur:

«Hələ həyətdə 500-dən çox ot tayası məhv oldu, qaçaqaç düşəndə yüzdən çox toyuq-cücəni açıb buraxdıq ki, mərmi hinə düşər, məhv olarlar. Mərmilər böyrümüzə düşürdü, elə bilirdik, müharibə gəlib evimizə çatıb. O hadisədən bir neçə gün sonra anam tamamilə iflic oldu. Kənddə qorxudan şəkər xəstəliyi tapanlar oldu».

***Buna da bax-'Şanxay' sakinləri: 'Polislə gəliblər, xof yaradırlar, bizsə çıxmaq fikrində deyilik'

Sakinlərin istədiyi odur ki, mənəvi zərər bir tərəfə, heç olmasa, hökumət kasıb kəndlilərə dəymiş maddi zərəri ödəsin.

«HƏR ŞEY ARAŞDIRILIR»

Xızı Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, partlayış nəticəsində zərər çəkmiş əmlaklar hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən siyahıya alınıb və gərəkən tədbirlər görülür. Kənd sakinlərə dəymiş zərərlər də aradan qaldırılmaqdadır:

«Birinin əlli bağlama otu yanıb, gəlib deyir, min bağlama otum vardı, təbii ki, hər şey araşdırılır, sonra zərər müəyyən olunur».

Bu il avqustun 27-də, səhər 9 radələrində Xızıdakı N saylı hərbi hissədə partlayış baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb. Hərbi hissəyə yaxın kəndlərin sakinləri müvəqqəti təxliyə olunub. Mərmilərin partlaması nəticəsində, əsasən, Giləzidəki daşınan və daşınmaz əmlaklara zərər dəyib.

Hadisə ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin «partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma- ağır nəticələrə səbəb olduqda» və «qulluğa səhlənkar yanaşma - ağır nəticələrə səbəb olduqda» maddələri ilə cinayət işi açılıb, istintaq davam edir.

Prezident İlham Əliyevin göstərişinə əsasən, Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

XS
SM
MD
LG