Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:39

Tələbələri YAP-a məcburi üzv edirlər? 'Hər qrupdan beş nəfəri yazacağıq'


ADPU-da "Heydər Əliyev dərsləri"
ADPU-da "Heydər Əliyev dərsləri"

"Sizin qrupdan kim (hakim) Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq istəyirsə, mütləq gətirin o siyahını mənim stolumun üzərinə qoyun. Əgər olmasa, biz özümüz hər qrupdan beş nəfəri yazacağıq", – bunu bu yaxınlarda Azərbaycan Dövlət Pedoloji Universitetinin (ADPU) İnformatika müəllimliyi ixtisasında təhsil alan tələbələrin WhatsApp qrupuna tyutor (akademik məsləhətçi) səsli mesaj kimi göndərib.

ADPU-nun tələbəsi Zeynəb Fərhad tyutorun otağına üz tutub və iradını bildirib. Onun AzadlıqRadiosuna dediyinə görə, laqeyd münasibətlə üzləşsə də, tyutorla söhbətdən bir az sonra qrupa növbəti mesaj gəlib ki, "Məcburi deyil, kim istəsə üzv ola bilər".

Z.Fərhad təhsil ocağında siyasi təbliğatdan narazılığını gizlətmir. O, qrupdan iki-üç nəfərin hakim partiyaya üzv olduğunu, təbliğatın ilk dəfə baş vermədiyini deyir: "Bizə bir semestr fizika keçdilər. Fənni tədris edən müəllim hər auditoriyaya girəndə deyirdi ki, "YAP-a üzv olun, bu sizin xeyrinizə olacaq". Mən haqsızlıqlardan danışanda bunu da təsdiqləyirdi, amma yenə də "YAP-a üzv olun" söyləyirdi".

Təhsil ocaqlarında hakim partiyanın tələbələrə təbliğindən narazı başqa tələbələr də var. A.Ə. dövlət universitetlərinin birində filologiya ixtisası üzrə təhsil alır. Onun sözlərinə görə, tələbələri YAP üzvlüyünə məcbur etməsələr də, elə şərait yaradılır ki, tələbələr gedib üzv olur. O, müəllimlərin mühazirələrdə hakim partiyanı təriflədiyini, YAP-a üzv olan tələbələrə isə qiymətdə güzəştlər olunduğunu deyir. Tələbə son vaxtlar təbliğatın intensivləşdiyini vurğulayır.

Facebook-un keçmiş əməkdaşı minlərlə YAP trolunun olduğunu yazır
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

YAP-a üzv olan tələbələrin ümidi...

Hakim partiyaya üzv olan tələbələrin hamısının təbliğat tələsinə düşdüyünü demək çətindir. 2021-ci ildə YAP gənc üzvlərinin sayının 250 mini keçdiyini açıqlamışdı. AzadlıqRadiosu partiyadan hazırki üzvlərinin nə qədərinin tələbə olduğunu öyrənə bilməyib. Amma beş fərqli universitetin 15-ə yaxın qrupundan soraqlaşanda hər dərs qrupunun azı 20 faizinin bu partiyaya üzv olduğu üzə çıxır. Tarix, filologiya fakültələrinin tədris qruplarında isə bu faiz 50-yə çatmaqdadır.

Tarix fakültəsində təhsil alan, müəlliminin vasitəsilə hakim partiyaya üzv olan İlkin Məmmədovun sözlərinə görə, karyera ilə bağlı partiyadan gözləntiləri böyükdür: "Bizə partiyadan konkret iş vədi verilməsə də, işçi axtarılanda əvvəlcə üzvlər arasından seçdiklərini demişdilər. Ona görə də ümidliyəm ki, həm universitetdəki tədrisim boyunca, həm də iş tapmağımda bu partiyaya üzvlük rol oynayacaq. Vətəndaş olaraq siyasi proseslərə YAP vasitəçiliyi ilə qoşulmaq isə şərəflidir".

Qərb Universitetinin tələbəsi İbrahim İbrahimli də partiyaya üzv olub, bunu YAP-ın siyasi xəttinə inamı ilə izah edir, hakim partiyanın gənclərə dəstək, dəyər verdiyini deyir: "Universitetdə hər hansı məcburiyyət olmayıb, əksinə, elə cəlb ediblər ki, özüm xoşluqla qoşulmuşam".

İbrahim İbrahimlinin elə YAP ilə tanışlığına universitetdəki Tələbə Gənclər Təşkilatı (TGT) vəsilə olub, bir tədbirdən sonra Səbail Rayon təşkilatına yazılıb.

Partiyaların təbliğatı qadağandır, amma...

Azərbaycan Konstitusiyası vətəndaşların məcburi şəkildə partiyaya üzvlüyünü qadağan edir.

"Təhsil haqqında" Qanun təhsil ocağında siyasi partiyaların strukturlarının yaradılmasına və fəaliyyətinə, təhsil alanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlbinə yol vermir. "Siyasi partiyalar haqqında" Qanun isə partiyalara öz ideyalarını və proqramını təbliğ etməyə icazə verir və burada istisna hallar nəzərdə tutulmur. Lakin qanunda siyasi partiyaların fəaliyyətinin qadağan olduğu yerlər göstərilib. Həmin siyahıda təhsil ocaqları də yer alır.

Siyasi partiyalar haqqında yeni qəbul edilmiş qanunda da göstərilib ki, dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Bu o deməkdir ki, əgər hansısa bir partiya universitetlərdə və digər yerlərdə təbliğatla məşğul olursa, bu, digərləri üçün də keçərli olmalıdır. Qanunvericilik birtərəfli təbliğatı, yaxud da məcburi üzvlüyü qadağan edir.

'Bir gənc niyə Mehriban Əliyevanın könüllüsü olsun ki?'
Gözlə

No media source currently available

0:00 0:10:20 0:00

Hakim Yeni Azərbaycan Partiyası (YAP) təhsil müəssisələrində açıq-aydın təbliğat aparır. Məsələn, bu ilin noyabrında Bakı Slavyan Universitetində (BSU) YAP-ın yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Elə bu təhsil ocağının keçmiş rektoru, korrupsiyada adı hallanan Nurlana Əliyeva da etiraf edib ki, o, rektor təyin olunandan sonra YAP-a üzv olanların sayı kəskin şəkildə artıb.

Bu ilin noyabr və dekabr aylarında ATU-da, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də oxşar tədbir keçirilib və bu tendensiya illərdir davam edir.

Universitetlərdə ayrıseçkilik

Universitetlərdə siyasi fikirlərin təbliğatı ilə razılaşmayan tələbələrə isə təzyiqlər olur. Bunu AzadlıqRadiosuna Tələbə Güc Mərkəzinin sədri Fidan Asay bildirib: "BSU, ADPU, SDU, Qərbi Kaspi kimi müəssisələr başda olmaqla bir çoxunda tələbə YAP üzvü olaraq ictimai-siyasi fəaliyyət göstərirsə, o, hətta dərsdə iştirak etməyib qaib almamaq hüququnu da qazanır. Lakin fərqli siyasi fikirdə olub psixoloji təzyiqlər ilə üzləşən onlarla tələbə müraciətləri var, onlar da rəhbərliyin təzyiqlərinə məruz qalır".

Dövlət universitetlərinin mətbuat xidmətləri tələbə və müəllimlər arasında ayrıseçkilik aparılmadığını bildirir, söz və fikir azadlığının pozulduğunu qəti inkar edirlər. Onlar universitetlərdə YAP tədbirlərini tələbələrə təbliğat kimi dəyərləndirmirlər. ADPU-dan YAP-a üzvlük ilə bağlı təkid məzmunlu səs yazısı barədə isə AzadlıqRadiosuna belə deyilib: "Universitetdə tələbə və müəllim heyətinin siyasi partiyalara, ictimai təşkilatlara və s. üzvlüyü və fəaliyyəti sərbəstdir. Bu, ölkənin qanunvericiliyi ilə tənzimlənir. Bu səbəbdən müəllim və tələbələrin siyasi maraqlarının araşdırılması, hər hansı siyasi partiyanın təbliğatı universitet tərəfindən aparılmır, məcburi tədbirlər görülmür. Tələbələr və əməkdaşlar öz təşəbbüsləri və ya istəkləri ilə istədikləri partiyaya üzv ola bilərlər. Şikayət və iddia isə əsassızdır. Belə hal aşkarlanarsa, qanunla intizam, tənbeh tədbirləri görülür".

Amma elə o universitetin tələbəsi Z.Fərhad siyasi düşüncələrinə görə təzyiqə məruz qaldığını, dəfələrlə dekanlığa çağırıldığını, onunla profilaktik söhbətlər aparıldığını söyləyir: "Bəzi tələbələr, onların təbirincə desək, dövlətə etiraz edənlərin adlarını da dekanlara aparırdı və elə həmyaşıdlarımız vasitəsi ilə təqib edilirdik".

İndiyədək ictimai-siyasi fəallar arasında siyasi ideologiyasına görə universitetdə problemlə üzləşdiyini, işdən, təhsildən kənarlaşdırıldığını deyənlər olub.

YAP-ın 800 min üzvünün olması nə dərəcədə inandırıcıdır?
Gözlə

No media source currently available

0:00 0:08:05 0:00

Təbliğata alət olan və olmayan müəllimlər

BDU və ADPU-da dərs dediyi müddətcə təbliğat ilə məşğul olan müəllim AzadlıqRadiosuna deyir ki, vaxtilə kənd məktəbində işlədiyi vaxtda direktor adını yazıb göndərərək onu hakim partiyaya üzv edib: "Universitetə işə qəbul zamanı da soruşurdular üzv olub-olmadığımızı. Bizə hər YAP iclasında partiyanın təbliğatını aparmaq barədə tapşırıq verilir, müəllim kimi də bunu yalnız universitetdə, məktəbdə apara bilirik. Hətta bizim vasitəmiz ilə çox tələbə üzv olarsa, tərif də alırıq. Nəyi pisdir ki...".

Universitet müəllimlərinin əksəriyyəti YAP üzvüdür, rektorlar partiya qurultaylarında mütəmadi iştirak edir. AzadlıqRadiosu azı 10 universitet müəllimindən partiya mənsubluğunu soruşub, onlardan yalnız birinin hakim partiyanın üzvü olmadığı bilinib.

Amma Aygün Əliyeva vaxtı ikən dərs dediyi universitetdən YAP-a üzvlük üçün təkidlərə boyun əymək istəmədiyindən uzaqlaşıb. Sonralar təbliğata dirəniş göstərən tələbələrin hüquq müdafiəçiliyi ilə məşğul olan Əliyeva bildirir ki, problemləri elə universitet daxilində həll etməyə çalışırlar: "Məsələn, bu yaxınlarda tələbə siyasi tədbirdə iştirak etmədiyini deyəndə təşkilatçı ilə danışdım və izah etdim ki, bir şəxsin məcburi şəkildə təhsil hüququndan məhrum edilərək tədbirə aparılması qanunaziddir. Başqa tələbəyə müxalif fikirlərinə görə təzyiq var idi, müəllim ilə danışıb aradan qaldırdım. Əslində bəzi müəllimlərin qanunu bilməməsi onları bu zəncirə alət edir, bəziləri qorxur, çox az hissəsi sevir".

Ekspertin fikrincə, nəinki iqtidar, heç bir partiya tədbirləri təhsil müəssisələrində olmamalıdır.

Bir sıra universitetlərdə dərs demiş təhsil üzrə konsultant Ağalar Qəribov da təhsilin iqtidarın siyasi alətlərindən birinə çevrildiyini düşünür. Onun fikrincə, dövlət təhsildən öz ideologiyasını xalqa təbliğ etmək vasitəsi kimi yararlanır.

Seçki saxtakarlığında alət kimi...

YAP-dan deyilənlərə şərh almaq mümkün olmayıb. Hakim partiyanın üzvü olan deputatlar da məsələni AzadlıqRadiosuna şərh etməyiblər. Lakin partiya yetkililəri zaman-zaman çıxışlarında gənclərin, özəlliklə tələbələrin onlara qoşulması ilə bağlı istəklərini dilə gətirir, bunun partiyanın dövlətçilik xidmətləri və ideyalarına müsbət təsir edəcəyini deyirlər.

Siyasi şərhçi Samirə Qasımlı isə baş verənləri siyasi etikaya zidd sayır, YAP-ın universitetlərdən özünün inzibati resursu kimi istifadə etdiyini düşünür: "Mən universitetdə dərs dediyim vaxtlarda da tələbələri dərsdən çıxarır, imtahandan azad edirdilər. Qarşılığında isə YAP-a üzv edib, onlardan istifadə edirdilər. Məlumdur ki, Azərbaycan reallığında bu istifadə seçki saxtalaşdırılması, sənəd işləri ilə bağlı olacaqdı...".

S.Qasımlı bu təbliğatın səsvermə zamanı seçici aktivliyinə təsir etmədiyini, təbliğat toruna düşənlərin sadəcə saxtakarlıq prosesində alət kimi istifadə olunduğunu düşünür.

Azərbaycanda gələn il fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək. Əsas müxalifət partiyaları ölkədə azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün şəraitin olmamasını əsas gətirərək seçkiyə getməkdən imtina edib. İndiyədək ölkədə keçirilən heç bir seçki beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli sayılmayıb.

XS
SM
MD
LG