Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:47

Daha bir ünvanda yaşıllıq məhv edilir, yerində isə...


Bakıda yaşıllıqlar belə məhv edilir...
Bakıda yaşıllıqlar belə məhv edilir...

“İcra hakimiyyətinə müraciət etmişdik ki, bizə imkan versin, binanın qarşısındakı yaşıllıqda bir az təmizlik işi aparıb skamyalar qoyaq, istirahət məkanı yaradaq. Yaxınlığına da dayanacaq qoysunlar. Cavab gəlmədi. Martın 9-dansa elə həmin yaşıllığı məhv edirlər”.

Xətai rayonu, Xudu Məmmədov küçəsindəki 25 saylı binanın sakinləri AzadlıqRadiosu-na yazdıqları məktubda ərazidəki ağacların kəsilməsindən narahatlıqlarını bildirirlər. Onların sözlərinə görə, martın 13-də əraziyə gələn icra hakimiyyətinin fəhlələri ağaclara “toy tutub”.

Buna da bax:​ ‘Tərslikdən özüm də vegeterianam...’

“MƏHVƏ SÜRÜNÜRÜK”

27-ci binada yaşayan Toğrul Səmədovun “Qaynar xətt”ə deməsinə görə, sakinlərin qulağına çatıb ki, kəsilən ağacların yerində bina tikiləcək:

“Bir müddət əvvəl ərazidə uşaq meydançası ləğv olunaraq yerində hündürmərtəbəli bina tikildi. Şikayət elədik, özümüz dedik, özümüz eşitdik. Bildiklərini elədilər. İndi də olan-qalan yaşıllığı məhv etməyə qalxıblar. Onsuz da buralarda yaşıllıqdan iz də qalmayıb. Bir ucdan ağacları qıra-qıra, bina tikə-tikə gedirlər. Məsələn, gətirib üç 9 mərtəbəli binanın arasına zorla dördüncünü – 16 mərtəbəlini yerləşdirirlər. Sahibkarların arxasında məmurlar dayanır. Belə olmasa, sahibkar sakinə ‘icra da mənəm, prezident də mənəm, bələdiyyə də mənəm’ deməz. Uçuruma gedirik, 5 mərtəbəliyə bitişik 18 mərtəbəli tikməyin axırı fəlakətdir. Kiminsə görməmişliyi üzündən məhvə sürünürük. Bir gün bu binaların altında qalacağıq”.

Buna da bax:​ Bakıda daha bir ərazidə yaşıllıqlar bina tikintisinə qurban gedir

Sakinlər bildirirlər ki, əsasən, çoxillik küknar və şam ağacları kəsilib. Qarşısını ala bilməyiblər. Orxan Cəlilov:

“Polis də burdaydı, icra hakimiyyətinin işçisi də… Gözlərinin qabağında kəsildi. Hardasa 20-yə yaxın ağac kəsdilər”.

“ELƏCƏ BAXDILAR, DEDİLƏR, ARAŞDIRACAĞIQ”

Sakinlərin davamlı müraciətlərindən sonra əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri gələrək baxış keçiriblər. Orxan Cəlilov:

“Düzdür, gəlirlər, ancaq çox gec gəlirlər. Elə bil, gözləyirlər ki, iş bitsin, sonra gəlsinlər. Sonradan gəlməklərinin nə faydası var ki, o qədər ağac məhv edildi. Eləcə gəlib baxdılar, dedilər, araşdıracağıq, tədbir görəcəyik”.

Buna da bax:​ Hacıbədəlli kəndinin sakini çarə axtarır

Xətai rayon icra hakimiyyətindən “Qaynar xətt”in müxbirinin suallarını iki gün ərzində cavablandıran olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, sakinlərin şikayətləri əsasında məsələni araşdırır: “Dünən məlumat gələn kimi müfəttişlərimiz həmin ünvanda olublar. Müəyyən edilib ki, 5 ədəd şam, 4 ədəd qarağac, 1 ədəd zeytun ağacı kəsilib”.

Nazirlik faktın araşdırılması üçün aidiyyəti orqanlara müraciət edib.

XS
SM
MD
LG