Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:39

Yermak: Ukraynaya ABŞ hərbi yardımının ləngidilməsi Kiyevin məğlubiyyəti ilə nəticələnə bilər


Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak
Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak

Ukraynaya Rusiya ilə müharibədə ABŞ hərbi yardımının ləngidilməsi Kiyevin məğlubiyyəti ilə nəticələnə bilər.

Bunu Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak Vaşinqtondakı Sülh İnstitutunda etdiyi çıxışda bəyan edib.

Yermak deyib ki, "bizim üçün həmin mövqeləri saxlamaq və sadəcə olaraq sağ çıxmaq çətin olacaq”.

Yermakın bəyanatı Ağ Evin bu həftənin əvvəlindən Ukrayna üçün əlavə yardıma nail olmaq cəhdlərinin intensivləşdiyi vaxta təsadüf edib.

Prezident Co Bayden ötən oktyabrda Konqresdən Ukrayna, İsrail və Tayvana yardım, habelə ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi tədbirləri üçün 106 milyard dollarlıq büdcənin qəbulunu rica etmişdi. Bunun 61 milyard dolları sırf Ukraynaya yardım üçün nəzərdə tutulurdu.

Ukraynaya yardımın ABŞ üçün həyati mənaya malik olmasını habelə müdafiə naziri Lloyd Ostin və milli təhlükəsizlik sözçüsü Con Kirbi də vurğulamışdılar.

Respublikaçılar hələ ki yola gəlmirlər

Amma Konqres son aylarda Ağ Evin Ukraynaya yardım cəhdlərini azı iki dəfə rədd edib. Nəticədə Ukraynaya yardım nəzərdə tutan büdcə hələ ki, səsə qoyulmayıb.

Respublikaçıların çoxluğa malik olduqları ABŞ Nümayəndələr Palatası İsrailə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləsə də, Ukraynaya yardıma səs verməyib.

Buna cavab olaraq demokratlar çoxluğa malik olduqları Senatda bu sənədi ümumiyyətlə bloklayıblar.

Bazar ertəsi Ağ Evin büdcə idarəsinin başçısı Şalanda Yanq Nümayəndələr Palatasının spikeri Mayk Consona məktub göndərib.

Məktubda deyilir ki, ABŞ administrasiyasının Ukraynaya silah və texnika çatdırılması üçün vəsaiti bu ilin sonunadək tükənəcək.

Yanq qeyd edib ki, Kiyevə yeni yardım üçün vəsaitlər Konqres tərəfindən təsdiqlənməsə Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq qabiliyyəti sarsılacaq.

Zelenski çıxışını niyə ləğv edib?

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Senatı qarşısında videobağlantı ilə planlaşdırılan çıxışını son anda ləğv edib.

Bu barədə məlumatı Senatdakı demokrat çoxluğun rəhbəri Çak Şumer verib, lakin o bunun səbəbini açmayıb.

Bu da xəbər verilir ki, Zelenski müraciətini ləğv etməzdən əvvəl Senatdakı respublikaçı azlığın rəhbəri Miç Makkonnell partiyadaşlarını Ukraynaya yardımın əleyhinə səs verməyə çağırmışdı.

Bundan əvvəl dekabrın 5-də Nümayəndələr Palatasının spikeri Mayk Conson sərt çıxış etmiş və demişdi ki, ABŞ-ın Meksika ilə sərhədi “əsl çarpışmadır” və “bizim üçün əsas prioritetdir”.

Bundan əvvəl Qərb mediası xəbər vermişdi ki, Volodimir Zelenski videobağlantı ilə məxfi brifinqdə ABŞ senatorlarına müraciət etməyə hazırlaşır.

Ukrayna prezidentinin bu brifinqdə müharibənin gedişatı haqqında məlumat verəcəyi və daha bir hərbi yardım paketi istəyəcəyi gözlənilirdi.

Niderland Ukraynaya dəstəyini artırır

Bu arada dekabrın 5-də Kiyevdə səfərdə olan Niderland xarici işlər naziri Hanke Bruins Slot bəyan etmişdi ki, onun ölkəsi Ukraynaya dəstəyini artırıb və 2024-cü ildə Ukraynaya yardım üçün 2.7 milyard dollar vəsait ayırıb.

Xanım Bruins Slot bunu da deyib ki, onun ölkəsi ötən noyabrda Rumıniyada Ukrayna pilotları üçün F-16 təlim mərkəzi açıb.

Onun sözlərinə görə Niderland ABŞ, Danimarka və başqa ölkələrlə birlikdə Ukraynanın F-16 qırıcılarını döyüşə mümkün qədər tez buraxması üzərində işləyir.

Qızğın döyüşlər davam edir

Ukraynadakı döyüş meydanında isə əsas hərbi əməliyyatlar Donetsk vilayətindəki Avdeyevkaya hücum edən Rusiya qüvvələrinə qarşı aparılır.

Bu şəhər son aylarda Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətinin simvoluna çevrilib.

Ukrayna baş qərargahının 5 dekabr məlumatında deyilir ki, ukraynalılar rusiyalıların 23 həmləsini dəf ediblər.

Məlumatda bildirilirdi ki, gün ərazində cəbhə xəttində 70-dək toqquşma olub.

Xəbərdə deyilir ki, Ukrayna hərbçiləri Kupyansk istiqamətində rusiyalıların 5, Liman ərazisində 13 və Baxmut yaxınlığında 9 hücumunu dəf ediblər. Rusiyalıların 23 hücumu Avdeyevka istimaqtində dəf edilib.

Bu da bildirilir ki, Ukrayna qoşunları habelə Donetsk vilayətindəki Maryinkada aviasiyanın dəstəyi ilə Rusiya qüvvələrinin 13 hücumunu dəf ediblər.

Rusiya təyyarələrinin vurulduğu xəbər verilir

Ukrayna hərbi hava qüvvələrinin Qara dəniz üzərində Rusiyanın bir bombardmançı təyyarəsini vurduğu bildirilir.

Bu da qeyd olunur ki, ukraynalılar həmin təyyarəni axtarmağa gəlmiş axtarış təyyarəsini də vurublar.

Ukrayna hərbi hava qüvvələrinin sözçüsü Yuri İhnat Facebook səhifəsində yazıb ki, hazırda Rusiyanın An-24 təyyarəsi dənizdə Rusiya pilotlarının axtarışını davam etdirir.

Ukrayna hərbi hava donanmasının komandanı general Mikola Oleşçuk deyib ki, Rusiyanın Su-24M bombardmançı təyyarəsi İlan adasının yaxınlığında vurulub.

Generalın sözlərinə görə bombardmançı Su-30SM qırıcısının qoruması altında Odessa üzərinə hücuma hazırlaşırdı.

XS
SM
MD
LG