Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:48

Azərbaycan şirkətlərinin daşıma çətinlikləri artır


Yükdaşıma
Yükdaşıma

Dünya iqtisadiyyatı indi yüksək inflyasiya göstəriciləriylə üz-üzə qalıb. Qiymət artımlarının belə sürətlənməsinin başlıca səbəblərindən biri qlobal təchizat zəncirinin pozulmasıdır. Özəlliklə pandemiyanın törətdiyi çətinliklər son bir neçə ildə logistika və daşıma xərclərini dəfələrlə artırıb. Beləcə, məhsulların maya dəyəri çoxalıb və sonucda qiymətlər də bahalaşıb. Rusiya-Ukrayna savaşının yaratdığı durum da daşıma problemlərini artırıb. Bu problem Azərbaycan şirkətlərindən də yan ötməyib. Son günlər xaricə məhsul göndərən və ya xarici ölkələrdən məhsul gətirən bir neçə şirkət yaşadığı çətinlikləri açıqlayıb.

İran Azərbaycandan olan sahibkarlara çətinliklər yaradır

Misal üçün ərəb ölkələrinə meyvə-tərəvəz ixrac etmək istəyən azərbaycanlı iş adamlarını göstərmək olar. Onlar İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən görüşdə meyvə-tərəvəzin ərəb ölkələrinə, o sıradan Birləşmiş Ərəb Əmirliklərinə ixracındakı nəqliyyat problemini qaldıraraq hökumətdən dəstək istəyiblər. Ölkənin böyük meyvə-tərəvəz istehsalçılarından olan "Agrarco" şirkətinin nümayəndəsi mediaya açıqlamasında bildirib ki, Azərbaycan məhsullarının ərəb ölkələrinə daşınması daha baha başa gəlir. Bu məqam, təbii ki, Azərbaycan məhsullarının maya dəyərini artırır. Nəticədə Azərbaycan məhsulları ərəb bazarlarında rəqabətə davamlı olmur.

Şirkət nümayəndəsi bildirib ki, Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı olmadığından yerli məhsullar Körfəz ölkələrinə ya İran, ya da Gürcüstan ərazisi ilə göndərilir. Məsafə baxımından məhsulların İran üzərindən göndərilməsi daha sərfəli olsa da, oradan daşımalar imkansız dərəcədədir. Şirkət nümayəndəsi bunun səbəbini Azərbaycan dövlət qeydiyyatlı yük avtomobillərinə İran ərazisində yaradılan maneələrlə əsaslandırıb. Azərbaycandan gələn yük maşınları dəfələrlə Bəndər Abbas limanında (İran ərazisindəki böyük liman) uzun müddət gözlədilib. Nəticədə gətirilən məhsullar xarab olub. Məhz bu səbəbdən iş adamları yükləri bu marşrutla daşımağa risk etmir və yükü daha çox İran və ərəb ölkələrinin qeydiyyat nişanı olan avtomobillərlə göndərir. Şirkət nümayəndəsi İranın belə davranışını onunla əsaslandırıb ki, ora da Körfəz ölkələrinə meyvə ixrac edir və bu üzdən Azərbaycan məhsullarını özününkülərə rəqib görür. Şirkət belə problemləri çözməkdən ötrü ərəb ölkələrindəki alıcılarına öz yük avtomobillərini göndərməyi təklif edir. Amma Körfəz ölkələrinə ixracla bağlı rəqabət yüksək olduğundan heç də hər alıcı bu təkliflə razılaşmır.

İran marşrutuna alternativ olan Gürcüstan istiqamətinin də öz çətinlikləri var. Bu istiqamətdən yüklərin göndərilməsi 22-24 günə başa gəlir. Həmin müddət məhsulun yararlılığına mənfi təsir göstərir. Şirkətin hesablamalarına görə, daşınmayla bağlı çətinliklərə görə Avropa ölkələrindən ərəb ölkələrinə göndərilən almanın 1 kiloqramı 60 sent civarındadır. Azərbaycan almasının bir kiloqramı isə ərəb ölkələrinə çatanadək 1 dollara yüksəlir. Hava daşımalarındakı tariflərin bahalığı və təyyarə parkının məhdudluğu məhsulların hava nəqliyyatı ilə çatdırılmasını da mümkünsüzləşdirir. Şirkət nümayəndəsi Rusiya-Ukrayna müharibəsinin törətdiyi çətinliklərə də diqqət çəkib. Bu çətinlik özəlliklə Avropaya fındıq ixracında yaşanır. Avtomobillərin yolu Rusiya və Belarus ərazisindən keçdiyindən indi şirkətlər alternativ marşrutlara yönəlib. Bu da daşıma xərclərinin ikiqat artmasına və çatdırılma müddətinin uzanmasına gətirib çıxarır.

İxrac da, idxal da çətinləşib

İdxalla məşğul Azərbaycan şirkətləri də eyni problem yaşayır. Ölkənin qida bazarında əsas oyunçulardan olan "Azərsun Holdinq"in nümayəndəsi Azərbaycan-Gürcüstan biznes forumunda bildirib ki, Gürcüstan limanlarında Azərbaycanın dörd gəmisi bir aydan çoxdur növbə gözləyir.

Şirkət rəsmisi buna Rusiya-Ukrayna müharibəsi ucbatından logistika şirkətlərinin ciddi böhran yaşamasının və bəzi ölkələrə məxsus gəmilərin alternativ marşrut kimi məcburən Gürcüstan limanlarına yönəlməsinin təbii nəticəsi kimi baxır. Nəzərə almaq lazımdır ki, Gürcüstan limanlarındakı sıxlıq bu ölkənin böyük gəmiləri qəbul edə bilən cəmi iki – Batumi və Poti limanlarının olması ilə bağlıdır. Bu səbəbdən, biznes-forumda Gürcüstanla ticarət əlaqələrinin inkişafı baxımından orada yeni limanların tikilməsinin vacibliyi vurğulanıb.

Qara dənizdə yaranmış böhranla bağlı təkcə gəmilərin deyil, boru-kəmər nəqliyyatının da işi çətinləşib. Rəsmi açıqlamaya görə, Qara dənizdə neft tankerlərinin güvənliyi ilə bağlı narahatlıqlara görə Azərbaycanda ən böyük neft istehsalçısı BP Bakı-Supsa boru kəmərinin fəaliyyətini dayandırmış və kəmərin martın 15-dən bəri fəaliyyət göstərmədiyi açıqlanmışdı.

Müraciətlərin 30 faizinə "yox" deyilib

Son aylar Azərbaycanda qida məhsullarının ixracını çətinləşdirən bir amil də icazələrlə bağlıdır. Nazirlər Kabinetinin martın 18-də qəbul etdiyi qərara görə, ərzaq mallarının ixracına məhdudiyyətlər tətbiq olunub. Hökumət bu addımı son dövrlər baş verən hadisələr fonunda ərzaq qiymətlərinin artması və ərzaq güvənliyi ilə bağlı çağırışlarla əsaslandırıb. Yeni qərar bəzi məhsulların ixracı üçün ilk öncə İqtisadiyyat Nazirliyindən icazə tələb edir. Nazirlik öz açıqlamasında bildirib ki, qərarın qəbulundan ötən üç ay müddətində ərzaq məhsullarının ixracı ilə bağlı nazirliyə toplam 480 müraciət daxil olub. Bu müraciətlərin 137-nə, yəni bütün müraciətlərin təxminən 30 faizinə imtina cavabı verilib.

XS
SM
MD
LG