Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:40

Kreditə zamin duranı həbs etdilər (Video)


Dollar kreditləri artıq borcluların həbsinə səbəb olur
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Dollar kreditləri artıq borcluların həbsinə səbəb olur

►Vəkil: “Heç bir gəlir yeri olmadığı halda borcu necə ödəsin?”

Başqasına zamin duran 28 yaşlı Vahid Kərimov borclunun ödəmədiyi borca görə 10 günlük həbs cəzası alıb.

Martın 11-də Səbael rayon məhkəməsinin hakimi Rauf Əhmədov “Rabitəbank”ın iddiası əsasında işə baxıb və başqasına zamin durmuş Vahid Kərimovun 10 günlüyə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib.

Yaxınlarının təqdim etdiyi məhkəmə qərarında göstərilir ki, “öhdəsində azyaşlı iki uşağı, heç bir gəlir yeri olmayan” Vahid Kərimov digər 3 nəfərlə birgə keçən ilin aprelində verilən icra sənədinə görə “Rabitəbank”a 7 min manatdan çox vəsait ödəməlidir. Qərarda deyilir ki, Vahid Kərimov borcu könüllü ödəməyə dəvət edilsə də, borclu gəlirinin olmadığını əsas gətirib icra sənədinə əməl etməyib. Səbael məhkəməsi bildirir ki, aidiyyəti qurumlar borclunun adında pul vəsaitinin olmadığını müəyyən edib.

Səbael rayon məhkəməsi göstərir ki, Vahid Kərimov üzrsüz səbəbdən borcunu ödəməyib.

“200 manat qaytarmağa gücü çatıb”

Vahid Kərimovun vəkili Əkrəm Həsənov AzadlıqRadiosuna deyir ki, müştərisi bir borc alana zamin durub və borc mübahisəsində 200 manat qaytarıb:

“Vahid Kərimov və həyat yoldaşı işləmir, gəlir yeri yoxdur. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib. Onları narahat edən də yoxdur. Üstəlik, həmin borc üzrə girov da var”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Vəkil deyir ki, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Kərimovu həbs edib:

“Bu qanunsuzluqdur! Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında yarana bilər. Hakim qərarının əvvəlində özü Kərimovu “iki azyaşlı uşağı olan, işləməyən” kimi xarakterizə edir. Gəliri olmayan, heç 2 körpəsini saxlamağa pulu olmayan şəxs başqasının borcunu nəyin hesabına ödəməlidir? Gəliri yoxdursa, deməli, məhkəmə qərarını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Kərimovun təqsiri nədir?”

“Beynəlxalq konvensiyalara ziddir”

Əkrəm Həsənov qeyd edir ki, məhkəmənin çıxardığı qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır:

“Həmin sənədlərə görə, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Buna görə də iş Avropa Məhkəməsinə getsə, məsələ birmənalı olaraq Kərimovun xeyrinə həll olunacaq”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Apellyasiya təmin edilmədi

Martın 14-də cavabdeh Vahid Kərimovun apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Qanun bank borcunu qaytara bilməyən şəxs və ya ona zamin duran adamın həbsinə imkan verirmi?

Əkrəm Həsənov deyir ki, qanun yalnız üzrsüz səbəb olduğu halda belə bir imkanı tanıyır:

“Bu, çox əvvəllər olub, ancaq son illər kimsə bank borcuna görə azadlıqdan məhrum edilməyib. Sadəcə, manatın devalvasiyasından sonra borcluların sayı artıb. Banklar da hərəkətə keçib, borcluların gözünü qorxutmaq istəyir ki, “gəlin borcunuzu ödəyin, yoxsa həbs oluna bilərsiniz””.

Vəkil onu da qeyd edir ki, həbs olunmaq borclunu borcdan azad etmir.

Buna da bax:

Tacikistanda saqqal problemi...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

XS
SM
MD
LG