Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:41

Zaxarova: Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Yerevanın iradları yersizdir


Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın Yerevan və Bakı arasında vasitəçilik səylərinin kafi olmamasına dair şərhini kəskin tənqid edib.

Paşinyan ötən həftə keçirdiyi mətbuat konfransında Rusiyanı vasitəçilik fəaliyyətini azaltmaqda günahlandırmış və Rusiya sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsi barədə fikir yürütmüşdü.

Moskvanın səyləri azalmayıb

Zaxarova deyib ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında əlaqələrin tez bir zamanda nizamlanması üçün səyləri heç vaxt azalmayıb:

"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin irəlilədilməsində maraqlı olmuşuq və maraqlı olmaqda davam edirik. Biz regionda möhkəm sülhün və razılığın əldə edilməsi üçün lazım olan hər şeyi edirik”.

Zaxarova xatırladıb ki, son bir-iki ayda tərəflər arasında Moskvanın təşkilatçılığı və təşəbbüsü ilə yüksək səviyyədə təmaslar olub.

Onun sözlərinə görə Azərbaycan və Ermənistan liderləri mayın 26-də Moskvada görüşüblər, iyulun 19-dan 25-dək isə Rusiya paytaxtında xarici işlər nazirlərinin danışıqları keçirilib.

Rusiya XİN-in nümayəndəsi vurğulayıb ki, tənzimləmənin əsas iştirakçıları Ermənistan və Azərbaycandır və onlar mövcud razılaşmaları ardıcıl olaraq reallaşdırmalıdırlar, Moskvanın rolu isə vasitəçilikdir.

“Söz oyunu xeyir gətirmir...”

Zaxarova Paşinyanın Rusiya sülhməramlılarını tənqid etməsi ilə bağlı deyib:

"Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın səylərinin az olmasına dair hansısa iradlar yersizdir. Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına dair tamamilə başa düşülməyən fikirlər irəli sürülür. Bu, cənab Paşinyanın arzusudur? O istəyir ki, belə olsun?”

Zaxarova daha sonra deyib ki, Rusiya sülhməramlıları mühüm funksiyaları yerinə yetirirlər. Söhbət əsirlərin dəyişdirilməsindən, minaların təmizlənməsindən, insidentlərin tənzimlənməsindən və humanitar yardım göstərilməsindən gedir.

Zaxarova Ermənistan rəhbərliyinin belə fəaliyyətin lazım olmaması barədə fikirlərindən təəccübləndiyini bildirib:

“Təəssüf ki, biz çox vaxt Ermənistan rəhbərliyi nümayəndələrinin bir sıra əsas məsələlər barədə ikibaşlı mövqe tutmalarının şahidi oluruq... Söz oyunu heç vaxt xeyir gətirmir”.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG